Görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvanda anadan olmuşdur. Əziz Əliyev dəfələrlə SSRİ, RSFSR, Azərbaycan SSR və Dağıstan MSSR Ali Sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. O, 1962-ci il iyul ayının 27-də vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycanda və Dağıstanda bir sıra küçələr onun adı ilə adlandırılmışdır.
Az.MİK-in 1928-ci il 29 may tarixli qərarı ilə respublikada ümumi icbari təhsilə keçildi. Az.MİK-in bu müsbət qərarını və yeni Azərbaycan (türk) əlifbasına keçməyi VI Ümumazərbaycan Sovetlər qurultayı bəyəndi və respublikanın «mədəni inqilab» quruculuğunda mühüm hadisə hesab etdi. Qurultay respublikada mühüm əhəmiyyətə malik olacaq mədəni quruculuğun əsas vəzifələrini müəyyənləşdirdi. Az.MİK-in qərarı ilə 1929-cu il yanvarın 1-dən etibarən respublikada yeni latın əlifbasına keçildi.
2011-ci il oktyabrın 24-də, Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Həmin səsvermə gərgin keçmiş və 17 raunddan ibarət olmuşdur. Nəhayət, rəqibləri Macarıstan və Sloveniyanı üstələyən ölkəmiz 155 səs toplayaraq, növbəti iki il ərzində Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanmışdır. Azərbaycanın bu mötəbər quruma üzvlüyü 2012-ci il yanvarın 1-dən başlanmışdır.
11 yanvar 1920- ci ildə Azərbaycanın müstəqilliyinin Antanta Ali Şurası tərəfindən de-fakto tanınması Azərbaycan diplomatiyasının, xüsusən də Əlimərdan bəy Topçubaşov başda olmaqla, Paris Sülh Konfransındakı Azərbaycan nümayəndəliyinin uğurlu fəaliyyətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin bərpası baxımından çox əhəmiyyyətli hadisə idi.
Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ilk operası olan «Leyli və Məcnun» 1908-ci ildə yaranmışdır. Bu, həm Azərbaycanda, həm də bütün Şərqdə ilk opera idi. Bununla Ü. Hacıbəyli XX əsrin əvvəllərində Azərbaycanda pəşəkar bəstəkarlıq sənətinin təməl daşını qoydu. «Leyli və Məcnun» Ü. Hacıbəylinin yaradıcılıq yolunun ilk mərhələsi, həm də musiqi sənətində fəth etdiyi ilk zirvə idi. «Leyli və Məcnun» operası XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasına əsaslanır. Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, «Leyli və Məcnun» poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 15 yanvar 1919-cu il tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə müvəqqəti general-qubernatorluq yaradılmasını qərara almışdı. Müvəqqəti general-qubernatorluğa fövqəladə səlahiyyətlər verilməsi nəzərdə tutulmuşdu. Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə təsdiq edilmişdir.
1832-ci il yanvarın 17-də Bakıda ilk təhsil ocağı - ikiillik qəza məktəbi açıldı. 1834-cü ilə aid məlumata görə, bu məktəbdə 2 müəllim və 22 şagird var idi. 1835-ci il mayın 12-də Zaqafqaziya məktəbləri haqqında yeni Əsasnamə təsdiq edildi. Siniflərin sayı üçə çatdırıldı, birinci sinif hazırlıq sinfi hesab olunurdu. İki yuxarı siniflərdə şəriət, rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab və həndəsədən başlanğıc kurs, yerli dillər, hüsnxət, rəsm və rəsmxət tədris olunurdu. Yerli dillər II-III siniflərdə tədris edilirdi. Azərbaycan dili ruslar üçün də məcburi fənn hesab edilirdi.
Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir. Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılı rəngdədir.
Azərbaycan ilə Qırğızıstan münasibətlərinin zəngin tarixi keçmişi vardır. Azərbaycanlılarla qırğızları türkdilli xalqlara mənsubluq və din eyniliyi birləşdirir. Azərbaycanlılar və qırğızlar oxşar mədəniyyətə və ənənələrə malikdirlər. Hər iki xalq Rusiya imperiyası və Sovet İttifaqı dönəmində eyni mərkəzdən idarə olunublar. Hər iki respublikanın SSRİ-nin tərkibində olduqları dövrdə onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Həmin ilin yanvar ayının 25-də Azərbaycanın Avropa Şurasına qəbul olunması mərasimi keçirildi və bununla da ölkəmizin Avropa ilə əlaqələrinin tarixində yeni mərhələ start götürmüş oldu.
Hacı Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü il yanvar ayının 25-də Bakıda çəkməçi ailəsində doğulmuşdur. Multimilyonçu, XX əsrdə Bakıda ən böyük neft sahibkarı, iş adamı. Tağıyev Azərbaycanda təhsilin və mədəniyyətin formalaşmasına və inkişafına kömək edirdi. Əbəs yerə deyil ki, Azərbaycan xalqı ona millətin atası adını vermişdi.
Maarif xadimi, publisist-yazıçı, ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərli 26 yanvar 1863-cü ildə Şuşada bəy ailəsində doğulmuşdur. Köçərlinin publisistik məqalələri mövzu aktuallığı və siyasi kəskinliyi ilə seçilir. Çarizmin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətinin tənqidi, milli oyanışa və siyasi fəallığa çağırış, kəndli hüququnun müdafiəsi, qadın azadlığı uğrunda mübarizə, maarifin əhalinin maddi və mənəvi tələblərinə uyğunlaşdırılması məsələləri F. Köçərli publisistikasının ana xəttini təşkil edir.
Azərbaycan müstəqillik qazandıqdan sonra Çexiya Respublikası ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu ölkənin Avropa siyasi arenasında özünəməxsus imkanlarını nəzərə alaraq münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə xüsusi diqqət yönəldilib. Çexiya Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il 8 yanvar tarixində tanıyıb və ölkələrimiz arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 29-da qurulub. Azərbaycanın Çex Respublikasındakı səfirliyi 15 avqust 2007-ci ildə, Çex Respublikasının isə Azərbaycandakı səfirliyi 1 dekabr 2009-cu ildə təsis edilib.
XVIII əsrin ortalarında Azərbaycanda yaranan müstəqil dövlətlərindən biri də Gəncə xanlığı idi. Xanlıq öz müstəqilliyini qorumaq üçün bir neçə dəfə Kartli-Kaxeti çarlığı və Qarabağ xanlığı ilə müharibələr aparmağa məcbur olmuş, şəraitdən asılı olaraq müəyyən vaxtda gah bu, gah da digər tərəfdən asılı vəziyyətə düşmüşdü. 1796-cı ildə general V. Zubovun başçılığı ilə Rusiya ordusu Gəncəni işğal etdi. II Yekaterinanın ölümündən sonra, 1797-ci ildə Rusiya qoşunlarını Azərbaycandan geri çağırdı. I Pavel 1801-ci ilin yanvarında Gürcüstan çarlığının Rusiyaya birləşdirilməsi haqqında manifest verdi.
Böyük Qarabağ Zəfərindən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və dirçəldilməsi prosesləri misli görünməmiş yüksək səviyyədə – dünya təcrübəsində mövcud olan ən son texnologiyalar, o cümlədən “ağıllı” texnologiyalar əsasında həyata keçirilməkdədir. Bu istiqamətdə çox mühüm qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb.
Naxçıvanski İsmayıl xan Ehsan xan oğlu 1819-cu ilin 5 yanvarında Naxçıvan xanlarından olan məşhur general-mayor Ehsan xan Naxçıvanskinin ailəsində anadan olub. İsmayıl xan Naxçıvanski ilk təhsilini atası Ehsan xanın sarayında almış və fars dilini mükəmməl öyrənmişdi. Sonralar atası Ehsan xan onu təhsil alması üçün Tiflisə aparmış və kişi gimnaziyasına qoymuşdu. İsmayıl xan həmin gimnaziyada orta təhsil almışdır. 1839-cu ildə Tiflis hərbi gimnaziyasını bitirmiş, bir il sonra poruçik rütbəsi almışdır. Baş komandanın əmri ilə 3 mart 1845-ci ildən Əlahiddə Qafqaz korpusunda süvari qoşunların hissəsində hərbi xidmət etmişdir.
Respublikamızda ilk rəsmi dövlət muzeyi - İstiqlal Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə Parlamentin binasında açılan İstiqlal Muzeyi genişprofilli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulub.Muzeyin yaradıcıları - Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, həmçinin Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə, parlamentin rəyasət heyətinin digər məsul əməkdaşları olub.
Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında təsis edilmiş, elə həmin ilin martin 10-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 1992-ci ildə Barselonada Olimpiya oyunları başlananda Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmamışdır. Ona görə də Azərbaycanın yalnız dörd idmançısı o dövrdə yaradılmış Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Barselona Oyunlarında iştirak edə bilmişdir. 1993- cü ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi Monakoda keçirilmiş Baş Assambleyasında Azərbaycan Milli Olimpiya Komitəsini tanıdı.
Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Azərbaycan-Türkiyə siyasi əlaqələri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Türkiyənin ilk dövlət olaraq 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıması ilə bərpa olmuşdur. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuş, 1992-ci ilin avqust ayında Azərbaycanın Türkiyədə Səfirliyi açılmış, 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Baş konsulluqları təsis edilmişdir. Eyni zamanda, Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixində Həsən bəy Zərdabinin "Əkinçi" qəzetindən sonra "Ziya" mühüm yer tutur. Mətbuat yaratmaq istəyini reallaşdırmaq üçün Səid Ünsizadə 1878-ci il dekabrın 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birlərinə düşmən edən cəhalətdir. Səid əfəndi "Ziya" qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində kərpic zavodunda işləyən zəhmətkeş Əhəd Aslanovun ailəsində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi Aslanov atasının işlədiyi zavodda fəhlə kimi işləməyə başlayıb. Bu vaxtdan o, şəhər komsomol təşkilatının fəaliyyətinə qoşulur. Həzi daha çox oxumağa, öyrənməyə çalışır. 1924-cü ildə savadsızlığın ləğvi üzrə üçaylıq gecə kursunu bitirir. Bundan sonra məktəblərdən birində uşaq təşkilatının rəhbəri olur. 1924-cü il sentyabrın 15-də komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir.
Çoxəsrlik tarixi təcrübə elmin inkişaf etdirilməsində elmi-təşkilati qurumların böyük əhəmiyyət kəsb etdiyini, hərəkətverici qüvvəyə çevrildiyini isbat etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası da tarixi zərurətdən yaranmış, ölkəmizin və xalqımızın inkişafında mühüm rol oynamışdır. Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, milli ziyalılığın və ictimai fikrin formalaşdırılması və daha da möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında Azərbaycan Milli Elmlər Akademiyasının böyük xidmətləri var.
XX əsrin 20-ci illərində yeni ədəbi əsərlərin daha geniş oxucu auditoriyasına çatdırılması üçün irihəcmli mətbu orqana ehtiyac yarandı. Bu ehtiyacın zərurəti və maarifin işlərinə, ədəbiyyatın, incəsənətin inkişafına kömək etmək məqsədi ilə Azərbaycan Xalq Maarif Komissarlığının 14 oktyabr 1922-ci il tarixli kollegiya iclasının qərarı ilə 1923-cü il yanvar ayının 28-də “Maarif və mədəniyyət” (sonralar “Azərbaycan”) jurnalı nəşrə başlayır. Jurnal Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov, Maarif komissarı Mustafa Quliyev, onun müavini Tağı Şahbazi (Simurq), maarif xadimləri və ədiblərin təşəbbüsü ilə yaranmışdı.
Odlar Yurdu Azərbaycan dünyanın çox qədim tarixə və zəngin mədəniyyətə malik məmləkətlərindən, bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biridir. Azərbaycan böyük milli-mənəvi sərvətlərə, zəngin mədəni irsə malik bir ölkədir. Ticarət yüzilliklər boyu mövcud olmuş və dünyanın hər bir qədim dövlətinin struktur elementi sayılmışdır. Qədim bir dövlət kimi Azərbaycanda gömrüyün yaranması və xarici ticarət əlaqələri çox uzaq dövrlərə kimi gedib çıxır. Avropanı Asiya ilə birləşdirən məşhur «İpək Yolu» nun Azərbaycandan keçməsi, Şərqlə Qərb və Cənubla Şimal arasında ticarət karvanlarının bir məkanda qovuşması nəticəsində bu diyarda ticarət və sənətkarlıq inkişaf etmişdir.
Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirib. 1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, 1993-cü il hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib.
İsmayıl Yusif oğlu Dağıstanlı SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Azərbaycan səhnəsinin ən görkəmli sənətkarlarından biridir. İsmayıl Yusif oğu Dağıstanlı (Hacıyev) 1907-ci il yanvarın 6-da Azərbaycan Qax rayonunun Zərnə kəndində anadan olmuşdur. O, erkən yaşlarından teatr sənəti ilə maraqlanmışdır. 1925-ci ildə Şəki mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. 1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Həmçinin 1927-ci ildən təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib.
Akademik Mirəli Qaşqay ölkəmizdə mineralogiya-geokimya və petrologiya-metallogeniya elmi məktəblərinin əsasını qoyanlardan biri olub. Mirəli Qaşqay Seyidəli oğlu 7 yanvar 1907-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən fakültəsini dağ-mədən mühəndisi-geoloq ixtisası üzrə bitirmişdir. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə “İstisu mineral mənbələri rayonunun geoloji-petroqrafik oçerki və onların geokimyəvi xarakteristikası” mövzusunda dissertasiya müdafiə etmişdir.
Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda anadan olub. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. Uşaqlıq illəri Bakıda, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin özündən 18 yaş kiçik bacısı da olub. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Əli Bayramov klubundakı qadınlar dərnəyinin (Mərkəzi Kəndlilər Evi) tibb məntəqəsində tibb bacısı işləyən Bikə xanım böyük qızı Leylanı bu dərnəyin rəqs bölməsinə yazdırıb.
“İstiqlal” qəzeti Azərbaycanın bolşeviklər tərəfindən işğalının, xalqımızın istila rejiminə qarşı apardığı şərəfli mücadiləni Avropa ictimaiyyətinə çatdıran yeganə mətbuat orqanı olmuşdur. "İstiqlal" - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Vətəni tərk etməyə məcbur olan Azərbaycan siyasi mühacirlərinin 1932-34-ci illərdə Almaniyanın Berlin şəhərində Azərbaycan dilində nəşr etdirdiyi ictimai-siyasi qəzetdir. İlk nömrəsi 1932-ci il yanvarın 10-da buraxılmışdı. "İnsanlara hürriyyət! Millətlərə istiqlal!" şüarı ilə nəşr olunan qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. “İstiqlal” 10 gündən bir nəşr edilirdi.
Ruhulla Əli oğlu Axundov 13 yanvar 1897-ci ildə Bakının Şüvəlan kəndində müəllim ailəsində anadan olub. R. Axundov əmək fəaliyyətinə 1916-cı ildən "Orucov qardaşları mətbəəsi"ndə başlamış, korrektor, tərcüməçi işləmişdir. Siyasi fəaliyyətə 1917-ci il Fevral inqilabından sonra başlamış, "sol" sosialist-inqilabçılar (eserlər) qrupunun fəal üzvü olmuşdur. 1918-ci ildə "Bakı ətrafı fəhlə, əsgər və matros deputatları şurasının əxbarı" qəzetinin redaktoru idi. Zaqafqaziya, Dağıstan və Türküstan həmkarlar ittifaqları qurultayının işində fəal iştirak etmişdir. 1919-cu ilin mayında "Hümmət"ə daxil olmuşdur. O "Kommunist" qəzetinin ilk redaktoru, həm də "Hürriyyət" qəzetinin redaktorlarından biri idi.
Əsədullayeva Ümmülbanu Mirzə qızı (Banin) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı olub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 16 yanvar 1905-ci ildə anadan olub. Banın dünyaya gələrkən anasını itirdiyindən üç bacısı Kövsər, Suriyə və Kübra ilə dayənin himayəsində qalmış, xarici mürəbbiyə tərəfindən tərbiyə olunmuşdur. Oktyabr inqilabı və sovet quruluşu onlara doğma yurd-yuvalarında yaşamağa imkan verməmiş, əvvəlcə Türkiyəyə, oradan da 1924-cü ildə Parisə mühacirət etimişlər.
Məhəmməd Əmin Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvar ayının 31-i Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, jurnalist, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri; Azərbaycan Milli Şurasının sədri (1918, 27 may - 1918, 17 iyun; 1918, 16 noyabr – 7 dekabr), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının sədri olmuşdur. İlk təhsilini 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir.