1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən yaradılmışdır. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 1954-cü il 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur.
Cəmo bəy Süleyman oğlu Hacınski 14 iyun 1888-ci ildə Qubada anadan olmuşdur. İctimai-siyasi xadim, publisist, teatr tənqidçisi, sənətşünas olmuşdur. AXC Parlamentinin katibi Mehdi bəy Hacınskinin qardaşıdır. 1912-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1907-1915-ci illərdə "Kaspi" qəzetinin müxbiri və əməkdaşı olmuşdur. 1915-1917-ci illərdə Batum vilayətində və Dənizkənarı rayonda Birinci dünya müharibəsi (1914-1918) dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. "Nicat" mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman dram cəmiyyətinin (1916) və Azərbaycan arxeoloji cəmiyyətinin (1917) yaradıcılarından olmuşdur.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.
BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib. Bu günün qeyd edilməsində məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Beynəlxalq Qaçqınlar Günü hər il Azərbaycanda da qeyd edilir. Bu da təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, mənfur qonşularımız tərəfindən tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqın həyatı yaşamağa məcbur olub.
Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyun ayının 21-də Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Tofiq İsmayılov Moskva Rabitə Elektrotexnika İnstitutuna daxil olur. 1956-cı ildə institutu bitirən Tofiq İsmayılov Moskvada hərbi-sənaye kompleksinə aid qapalı müəssisədə çalışmağa başlayır, qısa müddət ərzində burada sex rəisi vəzifəsinədək yüksəlir. Moskvanın ictimai-siyasi həyatında fəal iştirak edən T.İsmayılov Moskvanın Frunze rayonu Şurasının deputatı seçilir. Əmək fəaliyyətini davam etdirməklə yanaşı, T.İsmayılov 1959-cu ildə Moskvada aspiranturaya daxil olur.
İyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli “Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis edilmişdir. Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən, 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan dövlətlərə tövsiyə olunmuşdur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1918-ci ilin 28 mayında qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxildəki düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Bu zərurətlə bağlı 1918-ci ilin 28 mayında yaradılan ilk kabinədə hökumətin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi.
Azərbaycanda dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Həmin dövrə qədər (istər XIX əsrdə, istərsə də xüsusilə XX əsrin əvvəllərində) görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də Azərbaycanda gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləmiş, təkliflər vermişdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmisi bir ay sonra 27 iyun 1918-ci ildə türk dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi.
General-leytenant Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski 28 iyun 1863-cü ildə Naxçıvanda anadan olmuşdur. Kəlbəli xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. Atası rus ordusunun general-mayoru idi. Ona görə də oğlunu - on beş yaşlı Hüseyn xanı Peterburqdakı Paj korpusu məktəbinə oxumağa göndərir. Bu məktəb imperatorun şəxsi himayəsində idi. Hüseyn xan 1881-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir. 1885-ci ilin martından 1886-cı ilin mayına qədər ikinci leytenant Xan Naxçıvanski 43-cü Tver Draqun alayına göndərildi, 30 avqust 1887-ci ildə leytenant rütbəsinə qaldırıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 1938-ci il iyunun 2-də ilk aviasiya qrupumuzun yaradılması ilə Azərbaycanda mülki aviasiyanın təməli qoyulub. Ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşmış, rus aviatoru Utoçkin “Farman” tipli aeroplanla Balaxanı “şossesində” dörd gün ardıcıl uçuş həyata keçirmişdir. Bu hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı artmağa başlamış, Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilmişdir.
1918-ci il martın 3-də Dördlər İttifaqı (Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı İmperiyası və Bolqar Çarlığı arasında bağlanmış hərbi ittifaq və Birinci dünya müharibəsi dövründə (1914-1918) Antanta dövlətlərinə qarşı vuruşmuş koalisiya) ilə Sovet Rusiyası arasında imzalanan Brest-Litovsk sülh müqaviləsinə görə Rusiya, rus qoşunlarının işğalı altında olan Şərqi Anadolu əraziləri ilə yanaşı, 1877-1878-ci il rus-türk müharibəsinin yekunlarına görə Osmanlı dövlətindən aldığı Qars, Ərdəhan və Batum vilayətlərini də dərhal boşaltmağı öz üzərinə götürdü.
Bəşəriyyət, yarandığı gündən müasir dövr də daxil olmaqla onu əhatə edən təbii mühitdən öz xeyri üçün istifadə etmək məqsədilə ona hər cür müdaxilə etməkdən çəkinməmişdir. Təbii sərvətlərdən yüzilliklər boyu kortəbii, səmərəsiz istifadə olunması nəticəsində təbii mühit dünya miqyasında əsaslı dəyişikliyə məruz qalıb. Yer kürəsinin quru sahəsinin 97 mln kv km ərazisi antropogen təsirə məruz qalıb. 52 mln kv km ərazi isə hələlik öz təbii halını saxlamaqdadır.
Müasir dövrümüzdə qida təhlükəsizliyi ilə bağlı məsələlər böyük aktuallıq kəsb etməkdədir. İnsanların sağlam yaşamaları üçün yetərli miqdarda, eyni zamanda təhlükəsiz və keyfiyyətli qida qəbul etməsi olduqca vacib şərtlərdən biridir. Əhalinin zəruri qida məhsulları ilə tələbatının ödənilməsi hər bir ölkə və dövlət üçün mühüm siyasi-ictimai, iqtisadi və tibbi əhəmiyyətə malik olmaqla yanaşı, həmin qidaların təhlükəsizliyinin təmin edilməsi də dövlətin başlıca prioritetlərindəndir.
1918-ci ilin may ayının 28-də dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul olunduqdan sonra daxili və xarici təhdidlərə qarşı effektiv mübarizə aparmaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək və dövlət sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilmək üçün milli ordu ilə yanaşı təhlükəsizlik orqanlarına böyük ehtiyac yaranmışdı. Azərbaycan hökuməti bu məqsədlə yaradılacaq yeni qurumun Hərbi Nazirliyin tərkibində olmasını məqsədəuyğun sayırdı.
Azərbaycan xalqı əsrlər boyu müqəddəs Qurban bayramını böyük sevinc və coşqu hissi ilə qarşılamış, qurbankəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir. Müqəddəs Qurban bayramı insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. İslamda cəmi iki bayram — Qurban və Ramazan bayramları qanuniləşdirilib. "Qurban" sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma mənasını verir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı Hicri-qəməri təqviminin 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Səhiyyə və Sosial Təminat Nazirliyinin yarandığı günə istinad edərək imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Yaxın Şərqin bir hissəsi olan Azərbaycanda qədim zamanlardan tibbi xidmətə xüsusi diqqət yetirilmiş, təbiblər cəmiyyətin ən nüfuzlu üzvləri sayılmışdır. Fiziki-coğrafi, sosial-iqtisadi və siyasi xüsusiyyətlər Azərbaycanın hər bölgəsinin, özünəməxsus tibbi biliklər, müalicə metodları və vasitələrinin formalaşdırılmasını şərtləndirmişdir.
Olimpiya Oyunları beynəlxalq idman aləminin ən populyar və ən böyük beynəlxalq idman yarışlarıdır. Antik dövrdən günümüzədək gəlib çatmış bu nüfuzlu yarışlar geniş sosial - fəlsəfi məna kəsb edərək sülh və əmin-amanlığa xidmət edir. Olimpiya Oyunları, təxminən, 12 əsr boyunca Qədim Yunan təqviminin idman, sosial və mədəni tarixi olub. Olimpiya müntəzəm olaraq dini mərasimlərin keçirildiyi, həm də Qədim Oyunlara ev sahibliyi edən müqəddəs bir yer olaraq yunan sivilizasiyasının mərkəzi idi. Qədim Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdi.
“Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə təsis olunub. Sərancamla hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramının qeyd edilməsi qərara alınıb. Bu, bütün Azərbaycan dənizçilərinin gərgin, lakin şərəfli əməyinə dövlət başçısının verdiyi çox yüksək qiymətdir. XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verir. Həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu.