Tarixdən səhifələr

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü il yanvar ayının 25-də Bakıda çəkməçi ailəsində doğulmuşdur. Multimilyonçu, XX əsrdə Bakıda ən böyük neft sahibkarı, iş adamı. Tağıyev Azərbaycanda təhsilin və mədəniyyətin formalaşmasına və inkişafına kömək edirdi. Əbəs yerə deyil ki, Azərbaycan xalqı ona millətin atası adını vermişdi.

Z. Tağıyev 10 yaşında anasını itirmişdir. Ailədəki ağır vəziyyət onu işləməyə vadar etdiyindən tikintidə günü 6 qəpiyə palçıq daşımışdır. 12 yaşında daş yonmuşdur. 15 yaşında daşqoyan-bənna olmuşdur. Bir qədər pul topladıqdan sonra iki mağaza alıb orada sənaye məhsulu satmağa başlamışdır. 1870-ci ildə Tağıyev kerosin almaq üçün iki çəni olan zavod tikir. Kerosinə o vaxt tələbat çox idi. 1872-ci ildə neft çıxarmaya kapital qoyaraq iki quyu qazdırır. 1886-cı ildə neft istehsalı və neftayırma ilə məşğul olan, paya əsaslanan firma açır. 1897-ci ildə özünün şəxsi firmasını yaradır. XX əsrin əvvəlində toxuculuq sənayesi yaratmaq məqsədilə Rusiyada parça istehsal edən çox böyük bir fabrik tikib, "Xəzər manufaktura cəmiyyətini" yaradır, ticarət əməliyyatları aparmaq üçün 1914-cü ildə başqa iş adamları ilə birgə kommersiya bankı yaradaraq idarə heyətinin sədri seçilir, 1916-cı ildə "Balıq sənayesi ilə məşğul olan aksioner cəmiyyətini" təşkil edərək balıqçı torları alır, vətəgələr yaradıb, balıqçılıq təsərrüfatını təşkil edir. Dağıstanda və Azərbaycanda balığı konservləşdirən, qurudan zavodlar tikir, soyuducu kameralar yaradır. 1917-ci ilin sonunda Z.  Tağıyevin mülkiyyəti 30 milyon rubl idi. O, əliaçıqlıqla xeyriyyə işlərinə vəsait ayırıb, bu günün özündə də fəaliyyət göstərən məktəb və teatr, qızlar məktəbi açıb, onlar üçün ayrıca bina tikdirib. Qəzet və jurnal təsis edir. Onun vəsaiti hesabına Azərbaycanın oğul və qızları İngiltərə, Almaniya, Fransa və Rusiyada təhsil alırlar. Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə və başqaları onun vəsaitilə oxumuşdu. 

Z. Tağıyev Rusiya imperiyasının, Buxara əmirinin, İranın ordenlərilə təltif olunmuşdu. Azərbaycanda kommunist rejimi qurulanda Z. Tağıyev könüllü olaraq özünün bütün mülkiyyətini Azərbaycan kommunist hökumətinə bağışlamışdı.

O, Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. II cild. - Bakı : Lider nəşriyyat, 2005. - 472 s.
  2. Mehri, Gülnarə. Neft Bakısı "nağılı" / G. Mehri. - Bakı : Gənclik, 2014. - 352 s.
  3. Мири-заде, Саида. Путешествие в прошлое : [Гаджи Зейналабдин Тагиев] / С. Мири-заде ; ред. Н. Гусейнова. - Баку : Шарг-Гарб, 2018. - 224 с.