Tarixdən səhifələr

Bakıda ilk dünyəvi qəza məktəbi

XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar hökuməti ölkədə öz iqtisadi və siyasi maraqlarına cavab verən təhsil sistemi yaratmağa başladı. Cənubi Qafqaz məktəbləri haqqında 1829-cu il avqustun 2-də təsdiq edilən Əsasnamə ilə ibtidai dövlət məktəblərinin yaradılmasına başlandı. Bu, imperiya məqsədlərinə xidmət etsə də, Azərbaycanda Avropa tipli dünyəvi məktəbin yaranması mütərəqqi hadisə idi. Azərbaycanda xalq maarifi sisteminin tarixi bu Əsasnamə ilə başlayır.

Yeni açılan qəza məktəbləri gələcəkdə Cənubi Qafqazın idarə olunması üçün kadrlar hazırlanmasını nəzərdə tuturdu. Əsasnaməyə görə, bu məktəblərin Gəncə, Şuşa, Nuxa (Şəki), Şamaxı, Quba, Bakı, İrəvan, Naxçıvan və Ordubad şəhərlərində və Qazax distansiyasında açılması təsdiq edilmişdi. İki sinifdən ibarət olan qəza məktəblərinin tədris planına şəriət, qiraət, hüsnxət, hesab, rus dili və yerli dil – yəni Azərbaycan dili daxil idi. Qəza məktəblərinin hər birinin illik xərci dövlət xəzinəsindən ödənilirdi. İkisinifli qəza məktəblərinın hər birində iki müəllim nəzərdə tutulmuşdu. Həmçinin məktəbin ruhanilərdən ibarət şəriət müəllimi də var idi.

1832-ci il yanvarın 17-də Bakıda ilk təhsil ocağı - ikiillik qəza məktəbi açıldı. 1834-cü ilə aid məlumata görə, bu məktəbdə 2 müəllim və 22 şagird var idi. 1835-ci il mayın 12-də Zaqafqaziya məktəbləri haqqında yeni Əsasnamə təsdiq edildi. Siniflərin sayı üçə çatdırıldı, birinci sinif hazırlıq sinfi hesab olunurdu. İki yuxarı siniflərdə şəriət, rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab və həndəsədən başlanğıc kurs, yerli dillər, hüsnxət, rəsm və rəsmxət tədris olunurdu. Yerli dillər II-III siniflərdə tədris edilirdi. Azərbaycan dili ruslar üçün də məcburi fənn hesab edilirdi. Qəza məktəblərinin xəzinədən maliyyələşməsinə baxmayaraq, yerli əhali məktəbə ya maddi vəsaitlə kömək edir, bina kirayə etmək üçün pul toplayır və ya məktəb binası üçün torpaq sahəsi ayırırdı. Qəza məktəblərində ənənəvi məktəblərdən (mollaxanalar) fərqli olaraq, yeni üsullar tətbiq olunur, dünyəvi elmlər öyrədilir, əlifba təlimində səs üsulu əsas götürülürdü. Bakı qəza məktəbinin ayrıca kitabxana otağı var idi.

1846-cı ilin “Qafqaz təqvimi”nə görə, 1845-ci ildə Bakı qəza məktəbində 5 müəllim və 56 şagird var idi. Bakı qəza məktəbinin kitabxanasında 746 kitab mövcud idi ki, bu da Zaqafqaziya diyarının hər hansı digər qəza məktəblərindən bir neçə dəfə çox idi.

1859-cu ildə Şamaxıda baş verən zəlzələdən sonra quberniya mərkəzi Bakıya köçürüləndə Şamaxı ali ibtidai məktəbi Bakıya, Bakıdakı qəza məktəbi isə Şamaxıya köçürüldü və Şamaxı qəza məktəbi adlandırıldı.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Milli Ensiklopediyası. C.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. Bakı, 2011. 604 səh. 
  2. Əhmədov, Hüseyn Mustafa oğlu.  Seçilmiş pedaqoji əsərləri : 12 cilddə / H. M. Əhmədov ; Azərbaycan Beynəlxalq Universiteti. IV cild : XIX əsr Azərbaycan məktəbi / elmi red.: Ə. Ə. Ağayev, A. Bayramoğlu. - Bakı : Təhsil : ABU, 2006. - 580 s.
  3. Mərdanov, Misir Cumayıl oğlu. Azərbaycan təhsil tarixi / M. C. Mərdanov ; elmi red. F. A. Rüstəmov. I cild / elmi red. F. A. Rüstəmov. - Bakı : Təhsil, 2011. - 296 s.