Tarixdən səhifələr

"Ziya" qəzetinin birinci sayının çapı

XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixində Həsən bəy Zərdabinin "Əkinçi" qəzetindən sonra "Ziya" mühüm yer tutur. Mətbuat yaratmaq istəyini reallaşdırmaq üçün Səid Ünsizadə 1878-ci il dekabrın 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birlərinə düşmən edən cəhalətdir. Səid əfəndi "Ziya" qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Senzura Komitəsi mətbuat haqqında qanuna əsasən Hacı Səid Ünsüzadənin ərizəsini, habelə “Ziya” qəzetinin məramnaməsini nəzərdən keçirərək qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşr edilməsinə icazə verilir.  1879-cu il 14 yanvar tarixində  “Ziya”nın ilk nömrəsi işıq üzü görür. Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə nəşr edilirdi.

Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan "Ziya" mətbəəsində İsmayıl bəy Qasprinskinin "Ziya"dakı ilk məqaləsi qəzetin 7 noyabr 1879-cu il tarixli 42-ci nömrəsində dərc olunub. İsmail Mirzə - imzalı müəllif (İsmayıl bəy Qasprinski) "Bağçasaraydan göndərilən məktub" adı ilə verilən bu yazıda iki-üç milyondan ibarət olan Rusiya tatarlarının ədəbiyyatsız və qəzetsiz olduqlarına təəssüflənir. Moskvadan Nəcəf bəy Vəzirov, Əlisəfa, Əlizadə(Əliyev), İstanbuldan Şirniçioğlu, Münif Əfəndi, Bağçasaray Şəhər Məclisindən İsmayıl Mirza (Qasprinski), Şuşadan Ağamirzadə (M.M.Nəvvab), Şamaxıdan Seyid Əzim Şirvani, Bixud, Müşfiq Xakisar ibn Məşhədi Məhəmməd, Bakıdan və Zərdabdan Həsən bəy Məlikzadə ,Göyçaydan İsmayıl bəy Nazirzadə, Naxçıvandan Molla Abdulla, Salyandan Yəqub Əlizadə, Tiflisdən Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə, Əhməd Hüseynzadə, Məhəmmədağa Şahtaxtinski, Adolf Petpoviç Berje, Yanovski, Qoridən A. O. Çernyayevski, S,Vəlivəyov, Ə. Axundzadə, Dərbənddən Məhbus Dərbəndi (Qumri) "Ziya" qəzetinə maraqlı yazılar göndərərək xalqın maariflənməsi yolunda büyük işlər görüblər. Qəzetdə risalə,məqalə, əhvalat, xülasə, teleqraf xəbərləri,felyeton, nekroloq, yol qeydləri, reklam, silsilə elmi risalələr, rəsmi sənədlərin tərcüməsi, qəzəl, qəsidə, məktub, məzhəkə, atalar sözü və məsəllər, öyüd və nəsihətlər, təmsillər, hikmətli sözlər və s. janrlardan istifadə olunub. "Ziya" qəzetindəki janr rəngarəngliyi və müxtəlifliyi burada nitqin ən mükəmməl forması olan ədəbi dilin inkişafına və müxtəlif üslublarda danışmağa imkan verib. Qəzetdə Azərbaycan dilinin zəngin frazeoloji vahidlərindən, sözlərin məna qruplarına daxil olan dil vahidlərindən-sinonim, antonim və omonimlərdən yerində və səmərəli şəkildə  istifadə edilib.

Qəzet elə ilk nömrələrindən təhsilin faydasından söz açır, uşaqların mütaliə mədəniyyəti barədə oxucuları polemikaya dəvət edir. Qəzetin səhifələrində özünə, əsasən baş məqalə mövqeyində yer tapan "Oxumaq və yazmaq barəsində", "Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində"; " Təklifati-mədəniyyət" kimi yazılar onun mövzusunun əsas məqsədinin maarifçilik olduğu açıq görünür. Azərbaycan dilini bilən mütəxəssislərin, mətbəə işçilərinin olmaması "Ziya"nın nəşrini çətinləşdirir. "Ziya" 6 aylıq fasilədən sonra "Ziyayi-Qafqaziyyə" adı ilə — nəşr olunmağa başladı. 9 dekabr 1880-ci ildə "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsi çıxır. İkinci nömrə 13 günlük fasilədən sonra — dekabrın 22-də nəşr olunub. "Ziyayi-Qafqaziyyə" adı altında qəzetin cəmi 107 sayı işıq üzü görüb. "Ziya"nın başlığının dəyişdirilməsi yeni və fərqli məna güdməmiş, yalnız texniki məqsəd daşımışdır.

Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edildiyi səbəbindən 1883-cü il yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıdır. Naşir Şamaxıya köçdükdən sonra "Ziyayi-Qafqaziyyə" bir müddət Tiflisdə çap olunur. Bu işi onun oğlu Ağa əfəndi həyata keçirir. Həmçinin bu işdə Ağa əfəndiyə Ünsizadələrin yaxın qohumları İsmayıl bəy və Əbdürrəhim ağa köməklik göstərir. 1883-cü ildə "Ziyayi-Qafqaziyyə" mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürülür.

Axırıncı 11 nömrə Şamaxıda 1884 - cü il iyun ayında buraxılır və bununla da "Ziyayi-Qafqaziyyə" qəzeti bağlanır. Qəzet çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. Səid Ünsizadənin özü də maddi vəziyyətinin ağırlığından dönə-dönə "Ziyayi-Qafqaziyyə"də bəhs edib. "Ziyayi-Qafqaziyyə"ni bərpa etməyə çalışan Səid Ünsizadə 1900-cu ildə Bakı qubernatoruna ərizəylə müraciət etsə də Bakı qubernatoru Səid əfəndinin xahişini rəsmi cavabla qəbul etmir.

Səid Əfəndi Ünsizadənin çar rejimi tərəfindən təhdid olunması barəsində türk dünyasının böyük şəxsiyyəti, Atatürkün yaxın silahdaşı olan Yusuf Akçuralı "Türkçülüyün tarixi" əsərində  türkçülük hərəkatının müxtəlif mərhələləri ilə bağlı araşdırmalarında "Ünsizadələr mətbuatı" başlığı adı altında məlumatlar daxil edərək yazır: "Əlimdəki "Ziya" nüsxələrindən, bu qəzetin Qafqazda yaşayan türkləri dünyada baş verən hadisələrdən xəbərdar etmək istəyir, müsəlman və Osmanlı məmləkətlərinə aid xəbərləri öncəlik verərək yazdığı anlaşılır, fəqət dil, ədəbiyyat, tarix və qayəsində türk millətçiliyi ilə ilgiləndiyinə dair bu nüsxələrdə bir işarə yoxdur".

"Ziya" (Ziyayi-Qafqaziyyə) qəzetinin nəşri ictimaiyyətin diqqətini daim özünə cəlb edib, dərc olunan materiallar müzakirə və mübahisələrə səbəb olub. Mütərəqqi ideyaların carçısı olan "Ziya" (Ziyayi-Qafqaziyyə) qəzeti elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafında mühüm rol oynayıb.

Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan mətbuat tarixi antologiyası / red. heyəti: Ə. Həsənov, V. Səfərli, Ə. Ə. Amaşov, tərt., elmi red.: Ş. Q. Vəliyev, N. Q. Yaqublu. I cild. - Bakı : Elm və təhsil, 2010. - 440 s.
  2. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi / A. Aşırlı ; red. A. Bayramoğlu. I hissə : 1875-1920. - Bakı : Elm və təhsil, 2009. - 296 s.
  3. Quliyeva, Qərənfil Dünyamin qızı. Mətbuat - nicat yolu : elmi-publisistik və bədii məqalələr toplusu / Q. D. Quliyeva ; elmi red. Ş. Q. Vəliyev. - Bakı : ADPU nəşriyyatı, 2013. - 291 s.
  4. Mətbuat tarixi və publisistika məsələləri / İ. Ə. Həbibbəyli [et al.] ; tərt. A. H. Rüstəmli ; elmi red. İ. Ə. Həbibbəyli. - Bakı : Ozan, 2016. - 184 s.