Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir.Bəşəriyyətə saysız-hesabsız töhfələr verən, zəngin irsə və qədim tarixə malik Azərbaycanın bütün milli elementləri kimi ana dilimiz də xalqımızın qürur mənbəyidir, mənəvi mövcudluğumuzun inikasıdır.Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Bu tarix Azərbaycanda milli kinonun yaranma günü hesab olunur. Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar.
Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycan Hərbi Donanması Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra Azərbaycanın Hərbi Dəniz Qüvvələri formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır.
12 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur. Azərbaycan gəncliyi tarixin bütün dövlərində cəmiyyətin həyatında mühüm rol oynamış, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olmuşdur.
Son illər ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir. Aparılmış tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir.
18 avqust Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günüdür. 1918-ci ilin 28 mayında Milli Şura tərəfindən dövlət müstəqilliyinin elan edilməsindən sonra həmin il iyun ayının 17-də Gəncədə fəaliyyətə başlayan Azərbaycan hökumətinin qarşısında duran ən mühüm məsələlərdən biri gənc respublikanın hərbi qurumlarını yaratmaq, dövlət sərhədlərini möhkəmləndirmək, xarici və daxili təhdidlərdən ölkənin müdafiəsini təmin etmək istiqamətində təcili tədbirlər görməkdən ibarət idi.
Musiqi insan mənəviyyatının bir hissəsidir. Muğam Yaxın və Orta Şərqin ən qədim musiqisi olduğu üçün insanların daim diqqətini cəlb etmişdir. Muğam sözü fars-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır.
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 km2 olan Laçın rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur. Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir.
Beynəlxalq İtkin Düşmüşlər Günü 30 avqust 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. Beynəlxalq İtkin Düşmüşlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunmuşdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələr zamanı itkin düşmüş şəxsləri axtarıb tapmaq işinə görə şöhrət qazanmışdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 9 fevral 1863-cü ildə Anri Dünan tərəfindən yaradılmışdır. Eyni zamanda üç dəfə "Nobel" sülh mükafatı laureatıdır.
Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy Qarabaği 1780-ci ildə Şuşa şəhərində anadan olub. O, ibtidai təhsilini bu şəhərdə alıb. Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olaraq Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri zəbt edə bilməyib Gürcüstana tərəf yollandı. Ağa Məhəmməd şahın qoşunları yaxınlaşdığı zaman, onun atası ailəsilə və onlara tabe olan Araz çayı kənarındakı "İyirmi dörd" mahalında yaşayan köçərilərlə birlikdə Qarabağı tərk edərək Gürcüstana qaçmışdı.
Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.
Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Hər bir xalqın kitab və kitabxana tarixi onun milli təkamülünü və mədəni simasını ortaya çıxarmağa imkan verir. Kitablar mütaliə mədəniyyətinin inkişafına və cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə xidmət edir. Dünyanın bir çox ölkələrində kitabla bağlı müxtəlif bayramlar qeyd olunur. 9 avqust “Beynəlxalq Kitabsevərlər günü” də, bu bayramlardan biridir. Bu gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq “Milli Kitab günü” kimi qeyd olunur. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib.
Kəngərli sülaləsininin nümayəndəsi olan Cəmşid Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində ştabs-rotmistr Cəfərqulu xan Kəngərli-Naxçıvanskinin ailəsində doğulmuşdur. Cəmşidin Nazlıbəyim adlı bir bacısı, Kəlbəli, Teymur, Ehsan və Davud adlı dörd qardaşı olmuşdur. Zəngin və maraqlı həyat yolu keçmiş Cəmşid Naxçıvanski ilk təhsilini evdə xüsusi müəllimlərdən almış, artıq 7 yaşında ikən Azərbaycan dilində yazıb-oxumağı, rus və fransız dillərində danışmağı öyrənmişdir. Sonralar İrəvanda pansionda oxumuş, 1907-ci ildə Tiflis kadet korpusuna daxil olmuşdur.
Lirik şair və satirik, “Zakir” (“Allahı zikr edən”, yəni yad edən mənasında) təxəllüsü ilə tanınan Qasım bəy Əli bəy oğlu Cavanşir 1784-cü ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Q. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir.
Şairə, Qarabağ xanı İbrahim xanın nəvəsi Xurşidbanu Mehdiqulu qızı 15 avqust 1832-ci ildə Şuşada doğulmuşdur. Evdə təhsil almışdır. Bibisi Gövhər xanım dövrünün təhsil görmüş xanımı olmuş, Xurşidbanuya yazmağı, oxumağı, şəkil çəkməyi, musiqi alətlərində çalmağı öyrətmişdi. Natəvan ərəb, fars və türk dillərini bilirdi. Ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “ Dürrü yekta” (Tək inci) çağırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçmişdir. 1850-ci ildə şairə Dağıstan zadəganlarından olan general Xasay xan Usmiyevlə ailə qurmuşdur.
Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. 1991-ci ildə ölkəmizdə müasir mərkəzi bankçılıq dövrü başlamışdır. Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilmiş, Milli Bankın statusu və səlahiyyətləri müəyyən edilmişdir.
XVIII əsrin II yarısından başlayaraq çarizmin apardığı məskunlaşdırma siyasətinin əsas obyektlərindən biri də Qafqaz regionu idi. Bu siyasət Qafqazdan türksoylu və digər müsəlman xalqların sıxışdırılmasına, bu bölgənin xristianlaşdırılmasına və daha çox Avropa mədəniyyətinə — xristian dininə aid xalqlarla məskunlaşdırılmasına xidmət edirdi. 1770-1780-ci illərdə çar Rusiyası Şimali Qafqazın böyük bir hissəsini işğal etdi və bu vaxtdan başlayaraq Qafqazda alman kolonistlərinin məskunlaşdırılması siyasəti həyata keçirilməyə başlandı. Qafqazda almanlar kompakt şəkildə Don-hərbi dairəsində, Kubanda, Kabarda-Balkariyada, Şimali Dağıstanda, Çeçenistanda, Azərbaycan və Gürcüstanda məskunlaşmışlar.