Tarixdən səhifələr

Qarabağ General-qubernatorluğu (1919-1920)

1918-ci ilin mayında tarixdə ilk dəfə müstəqil erməni dövləti - Ermənistan (Ararat) Respublikası quruldu. Azərbaycan Milli Şurası İrəvan şəhərini o şərtlə paytaxt kimi Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etdi ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürülməyəcək. Lakin Ermənistan hökumətinin ilk işi Zəngəzur və Qarabağı silah gücünə ələ keçirmək üçün hərbi əməliyyatlara başlaması oldu.

Şərqi Anadoludan geri çəkilən erməni silahlı dəstələrinin komandanı general Andranik Ozanyanın başçılıq etdiyi 10 min nəfərdən ibarət erməni silahlı qüvvələri 1918-ci ilin iyulunda Zəngəzura daxil olduqdan sonra Dağlıq Qarabağı da ələ keçirib, həmin əraziləri Ermənistana birləşdirmək istəyirdi.

Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Ermənistan hökumətinin təhriki ilə iyulun 22-də onun “müstəqilliyini” elan etməyə cəhd göstərmişdilər.

1918-ci il sentyabrın 15-də paytaxt Bakı Qafqaz İslam ordusunun köməyi ilə erməni-bolşevik qüvvələrinin işğalından azad edildikdən sonra Qarabağa üz tutan qoşunların qarşısında davam gətirməyən erməni yaraqlıları əfv diləyərək silahlarını təhvil vermiş, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirmişdilər. Lakin 1918-cil 30 oktyabrda imzalanan Mudros sazişinə əsasən Qafqaz İslam ordusu Qafqazdan geri çəkilmək məcburiyyətində qalmışdı.

Bundan sonra erməni separatizmi yenidən baş qaldırmış və Qarabağın yuxarı hissəsində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmişdi.

Andranikin quldur dəstələrinin Qarabağda və Zəngəzurda törətdikləri qanlı hadisələr barədə ayrıca məsələ Azərbaycan parlamentinin 1918-ci il dekabrın 20-də keçirilmiş fövqəladə iclasında müzakirə olunmuşdu. Erməni silahlı dəstələrinə qarşı qətiyyətli mübarizə aparmaq üçün Nazirlər Şurası 15 yanvar 1919-cu il tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə müvəqqəti general-qubernatorluq yaradılmasını qərara almışdı. Müvəqqəti general-qubernatorluğa fövqəladə səlahiyyətlər verilməsi nəzərdə tutulmuşdu. Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə təsdiq edilmiş və aprelin 3-də onun səlahiyyətləri Bakıda olan müttəfiq qoşunların komandanı general V.Tomson tərəfindən də tanınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin öz ərazisində general-qubernatorluq yaratmasını və X.Sultanovu ona başçı təyin etməsini Ermənistan hökuməti genişmiqyaslı siyasi-diplomatik hay-küylə qarşılamışdı.

Bunun ardınca 1919-cu il aprelin sonunda erməni separatçıları keçirdikləri qurultayda Qarabağ general-qubernatorunun hakimiyyətini tanımaqdan imtina etmişdilər. Yenə Azərbaycan hökumətinin təkidi ilə general Tomson 1919-cu il mayın 5-də separatçı şəxslərin Qarabağdan çıxarılması haqqında sərəncam vermiş və iyunun 5-də onlar ingilis nümayəndələrinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edilmişdi. İyunun 6-da isə Şuşanın ermənilər yaşayan hissəsində keçirilən mitinqdə ermənilər Azərbaycan hökumətini tanıdıqlarını bildirmişdilər. Avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzalamış və ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etmişdilər. Lakin Ermənistan hökuməti Qarabağdakı separatçılara kömək göstərir, pozuculuq işlərini artırmaqda davam edirdi. Nəticədə, müttəfiq dövlətlərin Cənubi Qafqazda Ali komissarının müavini C.Reyin iştirakı ilə noyabrın 23-də Tiflisdə Azərbaycan Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli və Ermənistanın baş naziri A. Xatisov arasında saziş imzalanmışdı. Ermənistan hökuməti bu sazişin şərtlərini pozaraq, dekabrın 8-də Zəngəzura qoşun yeritmişdi.

Ermənistan hökuməti Azərbaycan torpaqlarına iddiasını həyata keçirmək üçün silahlı hərbi müdaxilə ilə yanaşı, pul vəsaiti sərf edilməsinə də xüsusi fikir verirdi.

1919 ilin axırlarında Ermənistan hökuməti Dağlıq Qarabağın “azad" edilməsi üçün 19 milyon manat ayırmışdı. Bütün bunların nəticəsində 1920 ilin martında erməni separatçıları daha da azğınlaşmışdı. Martın 22-23-də Dağlıq Qarabağda Azərbaycana qarşı xəyanətkar çıxışlar baş vermişdi. Erməni təcavüzünün qarşısını almaq məqsədilə Azərbaycan hökuməti general-mayor Həbib bəy Səlimovun başçılıq etdiyi 20 minlik qoşunu Qarabağa göndərmişdi. Qanlı döyüşlərdən sonra Azərbaycan ordusu bütün Qarabağ ərazisində Azərbaycanın suveren hüquqlarını bərqərar etmişdi.

1920-ci ilin aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubematorluğunun fəaliyyətinə də son qoyuldu.
Ermənistan hökumətinin dəstəyi ilə 1918-1920-ci illərdə ermənilərin Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının 157 kəndində törətdikləri qırğınlar haqqında istintaq materialları Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası tərəfindən sənədləşdirmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. II cild. - Bakı : Lider nəşriyyat, 2005. - 472 s.
  2. Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament: stenoqrafik hesabatlar: 2 cilddə / Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Baş Arxiv İdarəsi.- Bakı: Azərbaycan nəşriyyatı, 1998.- I cild.- 976 s.; II cild.- 992 s.
  3. Məmmədova, Həvva İsa qızı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət : erməni terrorizminin güclənməsi: 1918-1920 / H. İ. Məmmədova ; elmi red. A. C. İsgəndərov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Nağıl evi, 2006. - 150 s.