Tarixdən səhifələr

Azərbaycan İstiqlal Muzeyi

Respublikamızda ilk rəsmi dövlət muzeyi - İstiqlal Muzeyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə Parlamentin binasında açılan İstiqlal Muzeyi genişprofilli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulub.

Muzeyin yaradıcıları - Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, həmçinin Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə, parlamentin rəyasət heyətinin digər məsul əməkdaşları olub.

Muzeydə Azərbaycanın istiqlalına dair sənəd və materiallar, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmaları və s. toplanmışdı. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına idi.

İstiqlal Muzeyi beş aya yaxın - 1920-ci il aprelin 28-dək mövcud olub. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi ləğv edilsə də, yeni muzeylərin təşkilində mühüm rol oynadı. 1920-ci il 28 aprel işğalından sonra İstiqlal Muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir bölümü (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı "İnqilab Muzeyi"nə aparıldı.

1990-cı illərdə Azərbaycan yenidən dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycanın ilk dövlət muzeyinin fəaliyyəti də yetmiş bir il sonra bərpa olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən İstiqlal muzeyi yaradıldı. Muzeyin yaradılmasında əsas məqsəd Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini qədim dövrlərdən bu günə kimi işıqlandırmaqdır.

1919-cu ildə fəaliyyət göstərmiş muzeydən heç bir eksponat qalmamışdı. Yenidən fəaliyyətə başlayan muzey "İstiqlal” adını alaraq birinci muzeyin mənəvi varisi oldu. 7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 22 minə yaxın eksponat var. Muzey altı zaldan ibarətdir. Muzeyin zalları Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvələrinə qədərki dövrünə – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, Stalin repressiyaları dövrünə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, sonuncu zal isə Azərbaycanın ən yeni tarixinə həsr olunmuş, eləcə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti bu zalda öz əksini tapmışdır. İstiqlal muzeyində heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir. Muzeydə tarixi günlərə həsr olunmuş müxtəlif tədbirlər, təqdimat mərasimləri, sərgilər keçirilir.

Azərbaycan Dövlət Din Tarixi Muzeyi də 2018-ci ildən Azərbaycan İstiqlal Muzeyinə birləşdirilmişdir.

Bu gün İstiqlal Muzeyinin əsas işi gəncləri Vətənə məhəbbət, vətənpərvərlik ruhunda tərbiyə etmək, ölkəmizin müstəqilliyi uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini əbədiləşdirməkdən ibarətdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Bakı muzeyləri = Muzeums of Baku / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi ; tərt. R. S. Tağıyeva [et al.]. - Bakı : [n. y.], 2006. - 123 s.
  2. XXI əsrin muzeyi : problemlər, perspektivlər / Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi ; tərt. R. S. Tağıyeva ; layihənin rəh. Ə. M. Qarayev ; məsl. S. Y. Məmmədəliyeva. - Bakı : n. y., 2007. - 59 s.
  3. Hacıyeva, Zemfira Əli qızı. Azərbaycan Dövlət Muzeyi : Azərbaycanda elmin inkişaf tarixindən: 1920-1960: monoqrafiya = Азербайджанский Государственный Музей : история развития науки Азербайджана: 1920-1960: монография / Z. Ə. Hacıyeva. - Bakı : Şərq-Qərb, 2012. - 152 s.
  4. Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu : II Respublika elmi konfransının materialları: Bakı, 18 iyun 2012-ci il / N. İ. Abuşova [et al.] ; red. heyəti: N. M. Vəlixanlı [et al.] ; AMEA Milli Azərbaycan Tarixi Muzeyi. - Bakı : Ziya, 2012. - 164 s.
  5. Əmirxanov, Sabir Abuzər oğlu. Azərbaycanda muzey quruculuğu və müzeyşünaslığın inkişafı : monoqrafiya / S. A. Əmirxanov ; elmi red. İ. H. Hüseynov ; Bakı Biznes Universiteti. - Bakı : Biznes Universiteti nəşriyyatı, 2012. - 290 s.
  6. "Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu": IV Respublika elmi konfrasının materialları / P. Abdinova ; red. heyəti N. M. Vəlixanlı [et al.] ; AMEA Milli Azərbaycan Tarixi Muzeyi. - Bakı : Ziya, 2014. - 200 s.
  7. "İstiqlal" muzeyinin 100 illiyinə həsr olunmuş "Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası": III Respublika elmi konfransının materialları / A. Abbasova, S. Aslanov, F. Ağayev [et al.] ; red. heyəti: N. Əliyeva [et al.] ; red. N. Əliyeva ; AMEA Milli Azərbaycan Tarixi Muzeyi. - Bakı : Elm və təhsil, 2019. - 240 s.