Tarixdən səhifələr

Azərbaycanın ilk maarifçi qadınlarından biri Həmidə xanım Məmmədquluzadə-Cavanşir

XIX əsr mədəniyyət tariximizim xeyriyyəçi və maarifçi, görkəmli ictimai xadimi Həmidə Məmmədquluzadə (Cavanşir) 1873-cü il yanvar ayının 19-da Şuşa qəzasının  (Ağcabədi rayonu) Kəhrizli kəndində anadan olub. O, Qarabağda hökmranlıq etmiş İbrahim xanın nəslindən olan, xanlığın əvvəlki illərində yaşamış şairə və xeyriyyəçi Ağabəyim Ağanın, Gövhərnisəbəyim Ağanın və Xurşudbanu Natavanın qan qohumlarındandır. Azərbaycanın ilk maarifçi qadınlarından biri hesab edilən Həmidə xanım, tarixçi Əhməd bəy Cavanşirin qızı, yazıçı Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub.

XIX əsrin ikinci yarısından başlayaraq xalqın Çar Rusiyasının əsarətindən xilas olma yolunu yalnız əhalinin savadlanmasında görən Əhməd bəy Cavanşir, Avropa təhsilli maarifçi ziyalı, yenilikçi mədəniyyət təmsilçisi və məşhur "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərinin müəllifidir. Əhməd bəy Cavanşir, Kəhriz kəndinin su təminatını yaxşılaşdırmaq üçün kəhrizlər qazdırmış, tarixi su arxları olan Gavur arxı və Xanqızı arxlarını bərpa etdirərək kəndlərin əkin sahələrinin suya olan ehtiyacını ödəmiş və bir çox xeyriyyə işləri görmüşdür.

Ziyalı bir ailədə böyüyən, rus dilini mükəmməl bilən, intellektli və geniş dünyagörüşlü Həmidə Cavanşir, ailə məktəbində təhsil alıb. 16 yaşında ailə qurduğu ilk həyat yoldaşı zadəgan əsilli podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olduqdan sonra, 29 yaşında iki uşaqla dogma yurdunda ata mülkünə qayıdan Həmidə Cavanşir, atasının vəfatından sonra onun vəsiyətini yerinə yetirərək yolunu davam etdirib. Həmidə Cavanşir, həm atasının yarımçıq qalmış ideyalarını yerinə yetirmiş, həm də kəndin və Qarabağın digər abadlıq quruculuq işlərini uğurla icra etmişdir.
 
Həmidə Cavanşir, 1905-ci ildə Tiflisdə olarkən böyük yazıçı Cəlil Məmmədquluzadə ilə tanış olur, 2 il sonra, iki maarfçi insan evlənirlər. Bu izdivac çoxlarına xoş gəlməsə də, bütün maneələrə rəğmən, Həmidə Cavanşir, Mirzə Cəlilə vəfalı və fədakar həyat yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, "Molla Nəsrəddin” in isə xeyirxah himayədarı olub. Onların bu evlilikdən 1897-ci ildə Münəvvər adlı qızları dünyaya gəlib. Həmidə xanım və Mirzə Cəlil  1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsi nəticəsində əldə olunmuş dövlət müstəqilliyimizin fəal iştirakçıları olmaqla öz maarifçilik ənənələrini müntəzəm olaraq davam etdiriblər. Həmidə Cavanşir erməni terrorçularının 1918-1920-ci illərdə Azərbaycanın hər yerində törətdikləri kütləvi qırğınlara da biganə qalmayıb, Əsgəran qalasını öz atlı dəstəsi ilə silah gücünə yarıb keçərək Şuşaya yardım aparıb.

Qarabağda su dəyirmanı tikdirən Həmidə Cavanşir 1912-ci ildə, Kəhrizlidə öz vəsaiti hesabına xüsusi bina tikdirərək oğlan və qızların birgə təhsil aldığı ilk məktəbi açıb və burada dərs demiş, tələbənin təhsilinə maddi dəstək olmuşdur. Tək Kəhrizli kəndinin deyil, bütün Qarabağın qayğılarını həll edən Həmidə Cavanşir həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Ağır xəstəlikdən əziyyət çəkən Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə almaq üçün göndərib. O həmçinin Mirzə Cəlilin məsləhəti ilə qadın xeyriyyə cəmiyyətini təşkil edib (1905-1917).  

Həmidə Cavanşir Azərbaycanda qadınların çalışdığı ilk sənaye müəssisəsinin qurucusu olub. 1919-cu ildə Tiflisdən xüsusi dəzgahlar gətirdərək Şuşada və Qarabağda toxuculuq arteli açıb, qadınları işə cəlb edib. Onun qurucusu olduğu məktəb 1920-ci ilə qədər, emalatxana isə 1926-cı ilə qədər fəaliyyət göstərib. Həyat yoldaşı Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilib. “Molla Nəsrəddin”  jurnalının nəşrində Həmidə Məmmədquluzadənin xidmətləri böyük olub. Ədəbi fəaliyyətə 1934-cü ildən başlayan Həmidə xanım atasının və həyat yoldaşı Cəlil Məmmədquluzadənin bioqrafiyalarını, M.Ə. Sabir haqqında xatirələrini yazmış, o cümlədən Azərbaycan yazıçılarından (atası Əhməd bəyin, böyük demokrat Mirzə Cəlil və yazıçı Mir Cəlal Paşayev) əsərlərini rus dilinə tərcümə edib və çap etdirmişdir. "Xatirələrim" əsərində Həmidə xanım atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı, Qafqaz-İslam ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş məlumat verib, sovet hakimiyyətinin gəlişi ilə ailənin necə məşəqqətlə Təbrizə köç etməsini, Bakıya döndükdən sonra ağır vəziyyətini və başqa hadisələri böyük ustalıqla qələmə alıb. “Xatirələr” kitabında ən maraqlı səhifələr, 1905 - ci il Şuşada erməni - müsəlman toqquşması haqqında xatirələr və 1918-ci il hadisələri ilə bağlı təsvirlər xüsusi diqqət cəlb edir. Soyğunçuluq və qətlin adi hala çevrilməyindən, poçt və yolların bağlanmağından, türklərin Azərbaycana gəlməsindən, Nuru Paşanın yolboyu bəzi yerlərdə dayanaraq yerli əhalini təlimatlandırması faktlarından məharətlə bəhs edərək ədəbiyyatımıza deyərli memuar bağışlayıb.

Həmidə Məmmədquluzadə Cavanşir 1955-ci ildə vəfat etmiş, Fəxri Xiyabanda Mirzə Cəlil Məmmədquluzadənin məzarı yanında dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Cavanşir, Həmidə xanım. Xatirələrim / H. Cavanşir ; tərt., rus dilində tərc. M. Vəzir, red. Ə. Ş. Tahirzadə. - II nəşri. - Bakı : Apostrof, 2012. - 400 s.
  2. Mirzə Cəlil və Məmmədquluzadələr: məktublaşma / tərt. İ. Həbibbəyli ; red. Dilsuz. - Bakı : Çinar-Çap, 2003. - 240 s.
  3. Məmmədquluzadə, Həmidə Əhməd bəy qızı. Mirzə Cəlil haqqında xatirələrim /H. Məmmədquluzadə ; naşir M. Xan ; dizayn F. İlham. - Bakı: Mücrü, 2022. - 179 s.