Tarixdən səhifələr

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi

Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında təsis edilmiş, elə həmin ilin martin 10-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 1992-ci ildə Barselonada Olimpiya oyunları başlananda Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmamışdır. Ona görə də Azərbaycanın yalnız dörd idmançısı o dövrdə yaradılmış Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Barselona Oyunlarında iştirak edə bilmişdir. 1993- cü ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi Monakoda  keçirilmiş Baş Assambleyasında Azərbaycan Milli Olimpiya Komitəsini tanıdı.

Azərbaycan ilk dəfə olaraq 1996-cı il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikası 61-ci yer tutmuşdur. Sərbəst üsulla güləşçi Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal müstəqil Azərbaycan Respublikası idmanının ilk yüksək nəticəsi kimi qiymətləndirilsə də, Azərbaycan idmansevərləri, Azərbaycan idmançıları Olimpiya oyunlarında təkcə iştirakla qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmasında Milli Olimpiya Komitəsi daha çox işlər görə bilər və görməlidir.  Buna görə  Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində məsələ ciddi müzakirə olundu və belə bir vəziyyətlə barışmayan Baş Məclis İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. 1997-ci ildə İlham Əliyev MOK prezidenti vəzifəsinə seçildi. Bundan sonra Ölkəmiz Olimpiya oyunlarında yüksək səviyyədə təmsil olundu. Milli Olimpiya Komitəsi 1998-ci ildən başlayaraq idmançıların yarışlarda iştirakını təmin etmək, təlim-məşq toplanışlarının keçirilməsi, idmanın kütləviləşdirilməsi, uşaqların və yeniyetmələrin idmana cəlb olunması, respublikada beynəlxalq yarışların təşkili, Olimpiya Hərəkatının, Olimpiya ideallarının öyrənilməsi və təbliği və bir sıra digər istiqamətlərdə ardıcıl işlər görməyə başlamışdır.

2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları Olimpiya tariximizə parlaq bir səhifə yazdılar. 1996-ci ildə keçirilmiş Atlanta Olimpiadası ilə müqayisədə daha çox lisenziya qazanılmışdı. Sidneydə respublikamız 31 idmançı ilə təmsil olundu, idmançılarımız Avstraliyada üç medal -iki qızıl və bir bürünc medal qazana bilmişdilər. Zemfira Meftəhətdinova stend atıcılığı, Namiq Abdullayev isə sərbəst güləş üzrə yarışlarda gərgin idman mübarizəsi apararaq qızıl medal qazanmış, Olimpiya çempionu olmuşdular. Gənc idmançımız Vüqar Ələkbərov isə boks yarışlarında bürünc medal əldə etmişdir.

2004-cü ildə Afinada keçirilmiş XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycan 38 idmançı ilə təmsil olunmuşdu. Bir qızıl, dörd bürünc medal qazanmış ölkəmiz 75 dövlət sırasında 37-ci yeri tutdu. Azərbaycan idmançısı Fərid Mansurov yunan-Roma güləşində Olimpiya çempionu adını aldı.

2008-ci ildə Pekində keçirilmiş XXIX Olimpiya Oyunlarında 204 ölkənin olimpiya idmançıları iştirak etmişdir. Azərbaycan ümumi komanda hesabında 1 qızıl, 2 gümüş və 4 bürünc medalla 39-cu, Avropa üzrə 19-cu yeri tutmuşdur.

2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında Azərbaycan 53 idmançı ilə 15 idman növündə təmsil olunmuşdur. Azərbaycan XXX Yay Olimpiya Oyunlarında 10 medal -2 qızıl, 2 gümüş, 6 bürünc qazanmışdır.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə 17 idman növündə təmsil olundu. Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 18 medal -1 qızıl, 7 gümüş və 10 bürünc qazandı.

XXXII Tokyo Yay Olimpiya Oyunlarının 2020-ci il iyulun 24-dən avqustun 8-dək keçirilməsi planlaşdırılırdı. Lakin dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar “Tokyo 2020” Yay Olimpiya Oyunları 2021-ci il iyulun 21-də möhtəşəm açılış mərasimini başlatmış oldu. Azərbaycan milli komandası “Tokio-2020” də 44 idmançı ilə təmsil olunmuşdur. Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycan yığması üçü gümüş və dördü bürünc olmaqla ümumilikdə 7 medal qazanmışlar.

2022-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illiyi ilə əlaqədar olaraq Olimpiya hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd olunması” haqqında 28 mart 2022-ci ildə sərəncam imzalamışdır.

MOK-nin təqdirəlayiq fəaliyyəti sayəsində ölkəmizdə 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı uğurla keçirilmişdir. Azad edilmiş ərazilərdə bir neçə idman yarışları keçirilmişdir. Şuşada beynəlxalq şahmat yarışları, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışları, Zəngilanın Ağalı kəndində triatlon üzrə yarışların keçirilməsi, həmçinin Ağdamın məşhur “İmarət” stadionunun layihəsinin yenidən işlənməsi və onun yanında  Olimpiya Kompleksinin yaradılması layihəsi, Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin inşasına start verilmişdir.

1997-ci ildən başlayaraq prezident İlham Əliyev nəinki Bakı şəhərində, bölgələrmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikdirmiş və bu komplekslərin yaradılması indi də davam etdirilməkdədir. İdmanımızı ümumiyyətlə Azərbaycanı təbliğ etməklə həqiqətləri bütün dünyaya yaymağı qarşıya məqsəd qoyan Prezidentimiz İlham Əliyev bu işi layiqincə həyata keçirir və buna görə də Azərbaycan Respublikası yüksək inkişaf etmiş idman ölkələrindən birinə çevrlmişdir.

Tövsiyə edilən ədəbiyyat:

  1. Hüseynzadə, Çingiz. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi - 10 il = National Olympic Committee of the Republic of Azerbaijan - 20 years / Ç. Hüseynzadə, C. Rəhmanov ; layihənin rəh. İ. H. Əliyev ; tərc.: G. Rüstəmova, L. Mədətova, T. Cəfərov. - Bakı : [n. y.], 2002. - 438 s.
  2. Hüseynzadə, Çingiz. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi - 20 il = National Olympic Committee of the Republic of Azerbaijan - 20 years / Ç. Hüseynzadə, C. Rəhmanov ; tərc. L. C. Hüseynova ; fot. D. Nəcəfov [et al.]. - Bakı : n. y., 2012. - 454 s.
  3. İsayev, Xəzər Ağəli oğlu. Olimpiya tarixi. İdman siyasəti = История олимпийского движения. Спортивная политика = The History of Olimpic Movement. Sports Policy / X. A. İsayev ; tərc.: N. Kameristovna, N. İsmayılov ; red.: C. Abbasova, E. Səmədova ; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. - Bakı : Azərbaycan nəşriyyatı, 2016. - 332 s.
  4. Aslanlı, Günel Mobil qızı. İlham Əliyev və Azərbaycanda idmanın tərəqqisi: 2003-2020 : monoqrafiya / G. M. Aslanlı ; ön sözün müəl., elmi red. Ə. Q. Qasımov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : İdeal-Print, 2021. - 180 s.