1 Okyabr Beynəlxalq Musiqi Günüdür. Musiqi, yer üzündə min illərdir mövcud olan, bəşəriyyətin ən böyük ixtirasıdır. Bu unikal mədəniyyət dili, insanların özünüifadəsinin ayrılmaz hissəsidir, müxtəlif xalqların mədəni ənənələrini və adətlərini özündə əks etdirir. Beynəlxalq Musiqi Günü UNESCO-nun nəzdindəki Beynəlxalq Musiqi Şurasının təşəbbüsü ilə 1973-cü ildə Lozannada təsis edilib və 15-ci Baş Assambleyanın qərarı ilə 1975-ci ildən başlayaraq bütün dünyada qeyd olunur. Hər il oktyabrın 1-də bütün ölkələrdə gözəl musiqicilərin və incəsənət xadimlərin iştirakı ilə konsertlər keçirilir, həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.
Hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. Bu tarix Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir. Türk Dövlətləri Təşkilatı ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır. Təqdirəlayiq haldır ki, 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlət Başçılarının IX Zirvə görüşünə məhz ölkəmizin evsahibliyi etməsi və mühim tarixi sənədlərin imzalanması türk dövlət və xalqlarının ictimai-siyasi həyatında mühüm tarixi səhifə açdı.
Azərbaycan 1991-ci ildən etibarən dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, siyasi sarsıntılardan hələ də xilas ola bilməmişdi. 1993-cü ilin əvvəlindən ölkədə dərin sosial-iqtisadi və xalqın mənəvi-psixoloji böhranı hökm sürürdü. Bütün bunlar ümumi böhrana gətirib çıxarmışdı. Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir dövrdə ölkədə hakimiyyətlə ordu komandanlığı arasında ziddiyyətlər getdikcə dərinləşirdi. Polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin dövlət hakimiyyətinə tabe olmaması ölkəni tamamilə xaosa sürükləmişdi. Gəncəyə gedən dövlət nümayəndələri girov götürülmüşdü.
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx örtülü olub. Araz boyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib və təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edirlər. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu Öndər Heydər Əliyev vermişdir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlamış və onların xidmətləri haqqında ürəkdolusu danışmışdır.
9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçirilmiş konqresdə Ümumdünya Poçt İttifaqının ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur. Bir çox poçt təşkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. Buna misal olaraq “Japan Post”, "Post Danmark", "Deutsche Post" və digərlərini göstərmək olar.
Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Qəsəbənin dəqiq salınma vaxtı məlum olmasa da, burada qədim abidilərə də rast gəlirik. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılıb. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilib.
Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil alıb. 1966-cı ildə Moskvada SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirdikdən sonra Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi , Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olub.
Gülüstan müqaviləsi - Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1804-13 illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən sənəddir. Gülüstan müqaviləsinə əsasən, Şimali Azərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə qatıldı. XVIII əsrdən başlayaraq, Rusiyanın Qara dəniz və Xəzər sahillərindəki torpaqlara doğru irəliləməsi Qafqazda vəziyyəti xeyli mürəkkəbləşdirdi.
Azərbaycanın görkəmli şairi, tərcüməçi, publisist Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 1940-cı ildə o, Şahbuz rayonunun Nursu kənd məktəbinin birinci sinfinə gedir. Məktəbdə təhsil aldığı zaman 1945-ci ildə atası İnfil kişi «xalq düşməni» adı ilə Sibirə sürgün olunur. 1950-ci ildə Məmməd Araz Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olunur, tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan "Yanın, işıqlarım" şeiri ilə ədəbiyyata qədəm qoyur.
Azərbaycanda müstəqillik dövrü epoxasında demokratik seçki sistemi formalaşmış, bu tarixi mərhələdə prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının prezidenti seçilməsi ölkəmizdə demokratik seçkinin əsl nümunəsi olmuşdur. Həmin seçkidə xalqın və dövlətin möhtəşəm həmrəyliyi və birliyi ölkəmizə qələbə qazandırmış, yeni tarixi epoxanın yaranmasının bünövrəsinə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən sonra respublikanın prezidenti vəzifəsində seçkilərdə iştirak etmək və qalib gəlmək çətin və məsuliyyətli bir işi həyata keçirmək demək idi.
Səməd bəy Sadıq bəy oğlu Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəranda anadan olmuşdur. Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli hərbi xadim, artilleriya generalı olmuşdur. Əslən Şuşadan olan atası dövlət xidməti ilə əlaqədar olaraq Lənkəranda yaşamışdır. İlk təhsilini Bakıdakı Edadiyə məktəbində almış, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. 1875-ci ildə Mehmandarov praporşik rütbəsi (ilkin zabit rütbəsi) alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilmişdir. Sonralar 2-ci və 38-ci topçu briqadalarında xidmət keçən Mehmandarov 1894-cü ildə Varşava hərbi dairəsinə göndərilmiş, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna dəyişilmişdir.
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyinə qovuşmuşdur. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. 1980-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.
Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər salınsa da, onlardan ancaq ikisi, Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində yerləşənlər dövrümüzədək qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır. Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz mövcudluğunu qorumaqdadır.
20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib. Energetiklər Gününün təsis edilməsi ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Zəngilan rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayоnu, cənubdan Araz çayı bоyunca İran İslam Rеspublikası, qərbdən isə Еrmənistanın Mеhri və Qafan rayоnları ilə həmsərhəddir. Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.
Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsinin başa çatmasından sonra – 1945-ci ilin oktyabr ayının 24-də təsis edilmişdir. Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə oktyabrın 24-ü BMT günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsədləri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir. 1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın, Xocavənd rayonları, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Qubadlı rayonun inzibati mərkəzi Qubadlı şəhəridir, sahəsi 802 kvadrat kilometrdir. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur.
Oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümüdür. 1923-cü il oktyabrın 29-da artıq dünya səhnəsindən çəkilən Osmanlı imperatorluğundan sonra yeni dövlətin – Cümhuriyyətin qurulması ümumtürk tarixində yeni səhifənin yazılması idi. Tarixdən bəlli olduğu kimi, I Dünya müharibəsi (1914-1918) gedişində aldığı ağır məğlubiyyətlər nəticəsində Osmanlı imperiyası nəinki geniş coğrafiyasından məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır şəraitdə Mustafa Kamal paşa Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı.
Müstəqilliyinə yenidən qovuşan Azərbaycan dövlətinin xarici siyasətinin əsas hədəflərindən biri də ölkənin beynəlxalq nəqliyyat kommunikasiya mərkəzlərindən birinə çevrilməsi olmuşdur. Bu baxımdan, Bakı – Tbilisi – Qars dəmiryolunun tikintisi əhəmiyyətli rol oynayır. Azərbaycan ilə Türkiyə arasında Gürcüstan dəmiryolu xəttinin tikintisi məsələsi ilk dəfə olaraq hələ 1993 cü ilin iyulunda müzakirə olunmuşdu. Dəmiryolunun tikintisinə dair razılaşma Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2005 ci ilin yanvar ayında imzalandı. O zaman maliyyə çatışmazlığı ucbatından layihənin icrası təxirə salındı.
1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb. Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.
İrəvan qalası - 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın əmri ilə onun vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, hazırkı İrəvan şəhərinin yerində inşa edilmişdir. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınıb. Sonralar Rəvan sözü dialektdə İrəvan kimi işlənib. İlk mənbələrin məlumatlarına görə, qala kvadrat formasında idi və 7 hektar sahəni əhatə etmişdir. İkicərgəli qala divarlarının uzunluğu 4,5 km olmuşdur. Xarici divarının hündürlüyü 10,5-12 m. olan qala divarları ərazini şimal-şərq, cənub-şərq və cənub-qərb tərəfdən əhatə edirdi. Ərazinin digər tərəfi isə sıldırımlı Zəngi çayına söykənirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci ildə imzaladığı "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncama əsasən hər il oktyabrın 13-ü Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu,13 oktyabr 1955 - ci ildən SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyət göstərib. Dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarix əsas götürülüb.
Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı münasibətləri və ərazi-sərhəd məsələlərini aydınlaşdırmaq və dəqiqləşdirmək üçün 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-nə qədər Qars şəhərində konfrans keçirildi. Azərbaycan KP MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan hökuməti çalışırdı ki, Qarsda güclü nümayəndələrlə təmsil olunsun. Behbud Şahtaxtinskinin konfransda iştirakı faktı isə Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi.
1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş “Bakı bonları” ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il mart ayının 7-də Azərbaycan Respublikası hökuməti Azərbaycan Dövlət Bankının təşkil edilməsi haqqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təskilati, maliyyə, habelə hər hansı basqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlanndan, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlannı müdafiə etməkdir.