Məhəmməd Əmin Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvar ayının 31-i Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir (1902-1903). 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak etmişdir.
1905-1907-ci illər inqilabının məğlub olmasından sonra İrana mühacirət etmişdir. M. Ə. Rəsulzadə 1908-1911-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmişdir. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik "İrane-nou" ("Yeni İran") qəzetini dərc etmişdir (1910-1911). İran inqilabı yatırıldıqdan (1911) sonra Türkiyəyə mühacirət etmişdir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Rəsulzadə Bakıya dönmüş və "Müsavat" partiyasının rəhbərliyinə keçmişdir.
1915-ci ildə "Açıq söz" qəzetini nəşr etmişdir.
1917-ci ilin iyununda "Müsavat"la Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi "Türk Ədəmi-Mərkəziyyət" Partiyası birləşir, Rəsulzadə birləşmiş "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın sədri seçilmişdir.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etmiş, səhəri gün buraxılmış Seymə daxil olan müsəlman partiya və qruplar Azərbaycan Milli Şurasını yaradaraq, M. Ə. Rəsulzadəni İcraiyyə komitəsinin sədri seçmişlər. Mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etmişdir.
O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır.
Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" fraksiyasına (1919-cu ilin oktyabrından "Müsavat" və bitərəflər fraksiyası) başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır.
1920-ci il aprelin 27-də 11-ci Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçmişdir.
M. Ə. Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin İ. Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etmişdir. 1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlamışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə Azərbaycan Milli Mərkəzini (İstanbulda), "Müsavat" Partiyasının Xarici Bürosunu yaratmışdır. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə "Prometey" təşkilatı yaradıldı. "Prometey" sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. O, 1931-ci ildə sovet hökumətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur olmuşdur. 1932-ci ildə Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlanmışdır. 1934-cü ildə Ə. Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzalamışdır. 1939-cu ildə İkinci dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçmişdir. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girmiş, Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə əldə olunmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getmişdir. 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirmişdir. O, Ankarada Azərbaycan Kültür Dərnəyini yaratmışdır (1949, 1 fevral). Amerika Birləşmiş Ştatlarına gedərək Azərbaycanın Xalq Cümhuriyyətinin yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-ci il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciət etmişdir.
Onun 1903-1920-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərində də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dövrdə "Yeni Qafqasya" (1923), "Azəri Türk" (1928), "Odlu yurd" (1929), "Qurtuluş" (1934), "Müsavat bülleteni" (1936), "Azərbaycan" (1952) jurnallarını, "İstiqlal" (1932) qəzetini nəşr etdirmişdir. M. Ə. Rəsulzadə ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir.
Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada vəfat etmiş, Əsri qəbiristanında dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat: