Tarixdən səhifələr

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarak-terizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdi. Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev oldu.

Avropa Birliyinin TRASEKA layihəsi üzrə Beynəlxalq Bakı Konfransı

Tarixi Böyük İpək Yolu Avropadan Asiyaya ən qısa marşrut olaraq, Cənubi Qafqaz ölkələrinin ərazisindən keçmişdir. "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi "TRASEKA Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım çərçivəsində xüsusi bir layihədir. Bu layihə 1991-ci ildən işlənilməyə başlanılmış və 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin iştirakı ilə qəbul edilmişdir. Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası proqramın fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir. Tezliklə proqrama Moldova, Monqolustan və Ukrayna, 2000-ci ildə Türkiyə, Rumıniya, Bolqarıstan, 2009-cu ildə isə İran da qoşulmuşdur.

İlk azərbaycanlı vitse-admiral İbrahim bəy Aslanbəyov

İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun 1822-ci il sentyabrın 10-da Bakıda anadan olmuşdur. Üç il Peterburqdakı dənizçilik məktəbində təhsil alan İbrahim bəy 1837-ci ildə oranı adı Qırmızı lövhə”yə yazılmaqla bitirmişdir. Baltik dənizində “Aleksandr Nevski” və “Prozerqin” hərbi freqatlarında üzən miçman Aslanbəyov iki il “İmperator I Pyotr” sürətli hərbi gəmisində Daqerord yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir. 1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirən İbrahim bəy Qara Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüş, Qara dənizin şərq sahillərində baş verən toqquşmalarda iştirak etmişdir.

“Azərbaycan” qəzetinin ilk nömrəsinin çapı

“Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olaraq əvvəlcə Gəncədə, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. İlk 4 nömrəsi Gəncədə, sonrakı nömrələri isə Bakıda nəşr edilmişdir. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilmişdir. Dörd səhifədən ibarət olan bu nömrənin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində buraxılmışdır. Gəncədə buraxılan axırıncı (dördüncü) nömrənin üç səhifəsi rus, bir səhifəsi isə Azərbaycan dilində idi.

Bilik Günü

Sentyabrın 15-i Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür. Sentyabrın 15-də ölkəmizin bütün ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Bilik Günü Azərbaycanda yeni dərs ilinin başlandığı gün kimi qeyd edilir. 2004-cü ilədək həmin gün sentyabrın 1-nə təsadüf edirdi. “Azərbaycan Respublikasında “Bilik Günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkənin bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin tarix Bilik Günü elan edilmişdir.

Bakı şəhərinin bolşevik-daşnak işğalından qurtuluşu

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan, Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Milli hökumətin ixtiyarında olan cəmisi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi.

Milli Musiqi Günü

Azərbaycan xalqı çox qədim musiqi sənətinə malik bir xalqdır. Bu qədim xalqın belə zəngin musiqiyə malik olması heç də təsadüfi deyil. Belə ki, xalqımız olduqca uzun bir tarixi inkişaf yolu keçmişdir. Bu müddət ərzində musiqimiz getdikcə inkişaf etmiş, gündən-günə zənginləşmişdir. Qədim musiqimiz haqqında ilkin məlumatlar Qobustan (e.ə XVII-III minilliklər) və Gəmiqaya (e.ə III-I minilliklər) qayaüstü rəsmlərində öz əksini tapmışdır. Bundan başqa “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eyni zamanda Nizami, Füzuli, Əbülqadir Marağai, Mir Möhsün Nəvvabın əsərlərində zəngin musiqi sənətimiz haqqında geniş məlumat verilir.

Neftçilər Günü

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib. Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada "Neft diyarı", "Odlar ölkəsi" kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.

Bakı bonlarının (pul nişanları) dövriyyəyə buraxılması

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı, eyni zamanda mürəkkəb dövrünü təşkil edir. Azərbaycanda müstəqil dövlətin yaranması iqtisadiyyatın da tamamilə yenidən qurulmasını tələb edirdi. Lakin I Dünya müharibəsi, ikihakimiyyətlilik dövründə Cənubi Qafqazda baş alıb gedən anarxiya, hərc-mərclik, xalqın varidatının bolşevik-daşnak hökuməti olan Bakı Soveti və “Sentrokaspi” diktaturası tərəfindən talan edilməsi və nəhayət, müstəqil dövlət quruculuğu dövründə ölkənin xarici qoşunların təsiri altında olması nəticəsində iqtisadiyyatın dağılması hökuməti böyük çətinliklərlə qarşılaşdırmışdı.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması

Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.

Ümumdünya Turizm Günü

27 sentyabr Ümumdünya Turizm Günüdür. Bu tarix ökəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzvlüyə qəbul olunub. Hələ, 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.

Anım günü

27 sentyabr 2020-ci il düşmən üzərində şanlı Qələbəmizin başlanğıcı günü kimi tarixə çevrilmişdir. Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Akademik Azad Mirzəcanzadə

Universal zəka sahibi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Təbii Elmlər Akademiyasının, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Başqırdıstan Elmlər Akademiyasının fəxri akademiki, Şərq Neft Akademiyasının prezidenti, Əməkdar elm və texnika xadimi Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci il sentyabr ayının 30-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində ali təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir.

Bakı Dövlət Universitetinin təsis edilməsi

Bakı Dövlət Universitetinin açılması Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm xidmətlərindən biri olmuşdur. Çar mütləqiyyəti dövründə Rusiya imperiyası tərkibində Cənubi Qafqazda ali məktəb açılmadı. 1917-ci ildə baş vermiş Fevral inqilabı nəticəsində yaradılmış Müvəqqəti hökumət Cənubi Qafqazda vahid və yeganə ali məktəbi - Tiflisdə “rus universiteti”ni açmaq niyyətində idi. Tiflisdə universitet açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılmışdı. Komissiyaya sonralar Bakı universitetinin yaradılmasında mühüm rol oynamış professor V.İ.Razumovski başçılıq etdi.

Bakıda Televiziya Mərkəzinin əsasının qoyulması

İkinci Dünya müharibəsindən sonra ABŞ-da və Qərbi Avropa ölkələrində sürətli şəkildə televiziyalaşma prosesi başlanmışdı. Müharibədə qələbə qazanan Sovet İttifaqı da yenicə başlanmış soyuq müharibəyə hazırlaşır, bu məqsədlə bütün ölkə ərazisində televiziya şəbəkəsi yaratmaq üçün təxirəsalınmaz tədbirlər görülürdü. Artıq 1945-ci ildə Moskva Telemərkəzi Avropada ilk olaraq müntəzəm verilişlərini bərpa etmişdi. Qısa fasilədən sonra 1948-ci ildə isə bu mərkəz yenidənqurma işinə başlamış və artıq 1949-cu ildə ilk studiyadankənar verilişini - futbol yarışını efirə çıxarmışdı.

Azərbaycan filosofu Əbülhəsən Bəhmənyar

Əbülhəsən Bəhmənyar ibn əl-Mərzban orta əsrlərdə Azərbaycanda geniş yayılmış əsas fəlsəfi cərəyanlardan biri - Şərq peripatetizminin görkəmli nümayəndəsidir. Bəhmənyarın tərcümeyi-halına dair məlumatlar, təəssüf ki, olduqca azdır. Əli ibn Zeyd əl- Beyhaqinin (XII əsr), Şəmsəddin Şəhrəzurinin (XIII əsr) əsərlərində və bir sıra digər orta əsr mənbələrində göstərildiyi kimi, Bəhmənyar 993-cü ildə Azərbaycanda doğulmuşdur. Mənbələrdə bildirilir ki, o, İbn Sinanın şagirdi olmuş, müəyyən müddət Həmədanda yaşamış və öz müəlliminin vəfatından 30 il sonra, 1066-cı ildə dünyasını dəyişmişdir. Bəhmənyar lap gənc yaşlarından İbn Sinanın şagirdi olmuşdu.

Dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminli

Dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Mirbaba oğlu Vəzirov 1877-ci ildə Şuşada doğulmuşdur. 1915-ci ildə Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdir. On bir dil bilmişdir. Y. V. Çəmənzəminli 1906-cı ildən çap olunmağa başlamışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın şəhər və kəndlərinin həyatını burada əlvan boyalara əks etdirmişdir. “Polis şineli”, “Zeynal bəy” kimi əsərləri çarizmin Azərbaycanda apardığı qəddar siyasətə həsr olunmuşdur. Y. V. Çəmənzəminli universiteti bitirdikdən sonra bir müddət Simferopol, Odessa, Saratov, İstanbul və Parisdə yaşamışdır.

Naxçıvan MSSR-in Konstitusiyasının qəbulu (1937-ci il)

Dünyada azsaylı muxtariyyətlər vardır ki, onlar beynəlxalq müqavilələr əsasında yaradılıb. Qədim və zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət statusunun əsası da 1921-ci il Moskva və Qars müqavilələri ilə qoyulmuş və sözügedən müqavilələrlə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu, onun heç bir zaman digər ölkəyə verilməyəcəyi təsdiq edilərək ərazi hüdudları dəqiqləşdirilmişdir.

Beynəlxalq Sülh Günü

Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir. İnsanlar bəşəri rəmzə çevrilən sülhə can atır. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib. BMT həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən 1982-ci ildən qeyd olunmağa başlayıb.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin yaradılması

XIX əsrin 70-ci illərindən başlayaraq Rusiya İmperiyasının bir sıra bölgələrində, o cümlədən Cənubi Qaqazda kənd məktəbləri üçün müəllim kadrları hazırlayan müəllim seminariyaları meydana gəldi. Əsasən zemstvalar tərəfindən yaradılan müəllimlər seminariyaları öz işlərini dahi rus pedaqoqu Konstantin Dmitrieviç Uşinski tərəfindən işlənib hazırlanmış “Müəllimlər seminariyasının layihəsi” əsasında qururdular. Çar hakimiyyəti seminariyaların zemstvalar tərəfindən açılmasını müxtəlif yollarla dayandırmağa çalışsa da, buna nail ola bilmədi. Mütləqiyyət seminariyaların yaradılması prosesini öz nəzarəti altına almaqdan ötrü 1870-ci ildə “Müəllimlər seminariyası haqqında Əsasnamə”ni təsdiq etdi.

Azərbaycanın görkəmli dövlət xadimi və diplomatı Adil xan Ziyadxanov

Adil xan Əbülfət xan oğlu Ziyadxanov 1877-ci il sentyabrın 25-də Gəncədə anadan olub. O, rus işğalcılarına qarşı qəhrəmanlıqla döyüşərək şəhid olan Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir. Anası Azər Humayun isə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzə Qacarın qızıdır. İlk təhsilini xüsusi müəllim yanında alan Adil xan Ziyadxanov sonra Gəncə klassik gimnaziyasını, 1902-ci ildə isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, rus, fransız, ingilis və fars dillərini mükəmməl bilirdi. Bakıda vəkil, Gəncə dairə məhkəməsində və onun Şuşadakı şöbəsində andçı müvəkkil vəzifəsində çalışmışdır.