Tarixdən səhifələr

Azərbaycan Respublikasının Avropa Şurasında tamhüquqlu üzvlüyü

1949-cu ildə təsis olunmuş Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı təşkilatıdır.

Avropa Şurasının məqsədlərinə insan hüquqları, pluralist demokratiya və qanunun aliliyini qorumaq, Avropanın mədəni kimliyini və müxtəlifliyini inkişaf etdirmək və təşviq etmək, Avropa cəmiyyətinin qarşılaşdığı ksenofobiya, dözümsüzlük, bioetika və klonlama, azlıqlara qarşı ayrı-seçkilik, terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və korrupsiya, kiber cinayət, uşaqlara qarşı zorakılıq kimi problemlərə ümumi həll yollarını tapmaq vəsiyasi, qanunvericilik və konstitusiya islahatlarını dəstəkləməklə Avropada demokratik sabitliyi möhkəmləndirmək daxildir.

Avropa İttifaqının 28 üzv dövlətləri daxil olmaqla 47 üzv dövlətdən ibarətdir.

Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.

1995-ci ilin fevral ayında AŞ Parlament Assambleyası (AŞPA) Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın «xüsusi dəvət edilmiş qonaq» statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

17-18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.

1996-cı ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində səylərini nəzərə alaraq, ölkəyə “xüsusi dəvət olunmuş qonaq” statusunun verilməsi haqqında qərar qəbul etmişdir.

11 sentyabr 1996-cı ildə AŞ Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilmişdir.

20 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında» sərəncam imzalamışdır.

26 – 28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyası keçirilmişdir; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir.

17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Həmin ilin yanvar ayının 25-də Azərbaycanın Avropa Şurasına qəbul olunması mərasimi keçirildi və bununla da ölkəmizin Avropa ilə əlaqələrinin tarixində yeni mərhələ start götürmüş oldu.


Tövsiyə edilən ədəbiyyat:

  1. Vəliyev, Adil İsrayıl oğlu. Azərbaycan-Avropa Şurası : demokratiya və insan hüquqları sahəsində əməkdaşlıq: monoqrafiya / A. İ. Vəliyev ; elmi red. Ə. M. Həsənov ; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. - Bakı : Elm, 2006. - 236 s.
  2.  Dünyamalıyeva, Nigar Zahid qızı. Beynəlxalq təşkilatlar : dərslik / N. Z. Dünyamalıyeva ; elmi red. K. Məmmədov. - Bakı : Füyuzat, 2019. - 400 s. 
  3. Мутагиров, Джамал Зейнутдинович. Международные политические институты : актуальные проблемы истории и теории: учебное пособие / Д. З. Мутагиров. - М. : Университетская книга : Логос, 2009. - 384 с.