Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirib.
1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, 1993-cü il hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib. 1994-cü ilin fevral ayında Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşub. Həmin ildə Türkiyə Respublikası İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçib, hərbi təhsilini təkmilləşdirib.
1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.
Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 iyun tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 2009-cu il 25 iyun tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 2014-cü il 24 iyun tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 aprel tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılıb. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.
02-04 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub, döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır.
25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olub. 14 iyulda general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyulda II Fəxri Xiyabanda dəfn olunub.
Tövsiyə edilən ədəbiyyat: