Tarixdən səhifələr

Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı

Odlar Yurdu Azərbaycan dünyanın çox qədim tarixə və zəngin mədəniyyətə malik məmləkətlərindən, bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biridir. Azərbaycan böyük milli-mənəvi sərvətlərə, zəngin mədəni irsə malik bir ölkədir. Ticarət yüzilliklər boyu mövcud olmuş və dünyanın hər bir qədim dövlətinin struktur elementi sayılmışdır. Qədim bir dövlət kimi Azərbaycanda  gömrüyün yaranması və xarici ticarət əlaqələri çox uzaq dövrlərə kimi gedib çıxır.  Avropanı Asiya ilə birləşdirən məşhur «İpək Yolu» nun Azərbaycandan keçməsi, Şərqlə Qərb və Cənubla Şimal arasında ticarət karvanlarının bir məkanda qovuşması nəticəsində bu diyarda ticarət və sənətkarlıq inkişaf etmişdir. Azərbaycan ərazisində dövlət tərəfindən gömrük vergiləri rəsmi olaraq IX əsrin əvvəllərindən müəyyən edilməyə başlamışdır. XI-XII əsrlərdə karvan və ticarət yollarının bir-biri ilə və xarici ölkələrlə birləşdiyi Azərbaycan şəhərlərindən daxili və xarici bazarlara neft, pambıq, ipək, duz, boyaq, ədviyyat və s. göndərilirdi. XI-XII əsrlərin vergi sistemi xüsusi dəftərlərdə qeydlər aparılmaqla həyata keçirilirdi. XII-XIII əsrlərdə Dərbənddən İran körfəzinə, Şərqdən Avropaya gedən beynəlxalq karvan yolları Təbrizdə kəsişirdi. Azərbaycan ipəyi Şamaxıdan Şimali İtaliya şəhərlərinə, həmçinin Fransaya ixrac olunurdu.

Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Trabzon-Yunan dövləti ilə dostluq əlaqəsi yaratmış və ilk vergi məcəlləsi sayılan “Qanunnamə” ni hazırlamışdır. Bu “qanun” nəinki XV əsrdə, həmçinin XVI əsrdə, həm Səfəvilər dövləti ərazisində, həm də Osmanlı imperiyasının şərq vilayətlərində qüvvədə olmuşdur. İlk vergi islahatını da Uzun Həsən həyata keçirmişdir. XVI-XVII əsrlərdə Azərbaycan Moskva dövləti, Avropa və Asiya ölkələri ilə iri miqyaslı xarici ticarət əlaqaləri yaratmışdı. Azərbaycan XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə qədər, yəni Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunana qədər sərbəst vergi və gömrük siyasəti həyata keçirmişdir.

Azərbaycan Rus imperiyası tərəfindən işğal olunduqdan sonra Bakı Gömrüyü ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş, Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. Azərbaycanı işğal edən Rus imperiyası İran və Türkiyə ilə həmsərhəd olan əraziləri tam nəzarətə götürmüşdü. "Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələrindən sonra Azərbaycanda Rusiyanın gömrüklə bağlı digər qərarları qüvvəyə mindi. Həmin vaxt Rusiya ərazisində 1811-ci ildə qəbul olunmuş gömrük tariflərilə qüvvədə idi. Bu Rusiya imperiyasının gömrük qaçaqmalçılığının qarşısının alınması haqqında qəbul etdiyi ilk sənəd idi. 1911-ci ildən 1918-ci ilə qədər Bakı Gömrüyü Senat tərəfindən 21 yanvar 1911-ci ildə təsdiq edilmiş "Rusiya İmperiyası Gömrüklərinin Nizamnaməsi" əsasında fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətə gəldikdən sonra 1918–1920-ci illərdə gömrükxana Azərbaycan Demokratik Respublikasının Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1919-cu ilin martında F. Xoyski hökuməti istefa verdikdən sonra, N.Yusifbəyli Baş nazir (14 aprel 1919) oldu. Nəsib bəy parlamentdə hökumətin yeni proqramı ilə çıxış edərək, digər sahələrlə yanaşı qonşu dövlətlərlə ilk iqtisadi əlaqələr yaradılmasını təmin etdi. Lakin 1920-ci ilin Aprel inqilabı bu siyasətin başa çatdırılmasına imkan vermədi.
 
1920-ci il 28 aprel dövlət çevrilişindən sonra Rusiyanın Azərbaycana olan marağı yenidən gündəmə gəldi. 1921-ci ilin əvvəllərində Azərbaycanın gömrük orqanları bütünlüklə Rusiyanın tabeçiliyinə keçdi. 1929-cu ildən gömrükxananın fəaliyyəti Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 19 dekabr 1928-cil tarixli müvafiq qərarı ilə tənzimlənməyə başlamışdır.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin yanvar ayının 30-da  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı. Lakin müstəqilliyinin ilk dövrlərini daha ağır yaşayan ölkələr sırasında Azərbaycan Respublikası da var idi. Ölkədə yaranmış gərgin siyasi vəziyyət qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri o dövrün gerçəklikləri idi və gömrük xidmətinin fəaliyyətinə öz  mənfi təsirini göstərirdi. 1993-cü ildə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə aparılması, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Prezident Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi onun bu orqanın fəaliyyətinə verdiyi çox yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatına 1992-ci ilin iyun ayından üzv qəbul edildi. Eyni zamanda, Dövlət Gömrük Komitəsi 1999-cu ildən ÜGT-nin Maliyyə Komitəsində, 2000-ci ildən isə ÜGT-nin ali orqanı-Siyasi Komissiyasında, 2002-ci ildən isə Gömrük Əməkdaşlıq Komitəsində təmsil olunmuşdur. Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının 2000-ci ilin dekabr ayında müstəsna hal kimi Bakı şəhərində keçirilməsi (Azərbaycan Müstəqil Dövlətlər Birliyində belə bir tədbirin həyata keçirildiyi ilk ölkə oldu) və sessiya iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbulu dövlət başçısının bu sahəyə xüsusi qayğısının nəticəsi kimi qiymətləndirilir.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev sayəsində öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən bəhrələnməklə milli gömrük qanunvericiliyinin tələblərinə uyğun respublikamızın iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasında, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasında, iqtisadi islahatların dərinləşdirilməsində, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında mühüm rol oynayır. İnkişaf etmiş ölkələrin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan gömrük sisteminin uğurlu gələcəyini gündən günə daha da təkmilləşdirir. Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Gömrük xidməti işçiləri milli-mənəvi dəyərlərimizin qorunmasında üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirirlər. Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissə ilə yanaşan və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşən Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər birinin gərgin əməyi və xidmətləri sayəsində Azərbaycan Gömrüyü inkişaf etmiş və inkişaf etməkdədir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Heydərov, Kəmaləddin Fəttah oğlu. Azərbaycan gömrüyü sabit inkişaf yolunda / K. F. Heydərov ; elmi red. R. F. Mustafayev. - Bakı : Ozan, 2005. - 128 s.
  2. Azərbaycan gömrüyü : tarixi ənənələr və müasirlik: toplu / Y. M. Mahmudov [et al.] ; red. heyəti: A. Ə. Əliyev [et al.] ; baş red. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Elm, 2007. - 220 s.
  3. Şəkərəliyev, Arif Şəkərəli oğlu. Dövlətin iqtisadi siyasəti : dayanıqlı və davamlı inkişafın təntənəsi: monoqrafiya / A. Ş. Şəkərəliyev ; elmi red. M. X. Meybullayev ; rəy.: M. A. Əhmədov, Q. N. Manafov. - Bakı : İqtisad Universiteti nəşriyyatı, 2011. - 542 s.
  4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi : 1992-2012 = Azerbaijan Republic State Customs Committee : 1992-2012 / tərt. A. Əliyev ; tərc. M. İbrahimova ; red.: M. İbrahimova, E. Qasımova. - Bakı : CBS Polygraphic Production, 2012. - .260 s.
  5. Quliyev, Röfət Əli oğlu. Azərbaycan dövlətçiliyi tarixində gömrük işi / R. Ə. Quliyev ; elmi red. İ. Hacıyev ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. III kitab : Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı : 1991-2014. - Bakı : Turxan NPB, 2015. - 360 s.