Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edərək, BMT-yə üzv qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır.
XIX əsrin axırları – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-iqtisadi həyatında Ağa Musa Nağıyev iri sahibkar kimi tanınmışdır. Ağa Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Anası Rüqiyyə Məşədi Məmmədyar qızı əsl azərbaycanlı evdar xanım kimi, övladlarını böyütməklə məşğul olub. Ömrünü Hacı Əlinağı Məmməd oğlu ilə Bakının Biləcəri kəndində başa vurub. Ağa Musa 1871-ci ildə Ümməsəlmə Kərbəlayi Cəfər qızı ilə evlənir. 1879-cu ildə onların oğlu İsmayıl, 1881-ci ildə qızları Ümmülbanu dünyaya gəlir.
Azərbaycan İdmanı ildən-ilə inkişaf edir və şöhrət qazanır. Buna səbəb idmanımızın inkişafinin təməl daşlarının qoyulmasında yüksək xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevdir. Hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən respublikamızın digər sahələrində olduğu kimi idmanımızın maddi-texniki bazasının gücləndirilməsi yolunda böyük işlər gürmüşdür. Heydər Əliyevin idman sahəsində gördüyü işlər sırasında idman qurğularının tikintisi xüsusi yer tutur. 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Respublika Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Əlamətdar tarixi günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etməsiylə başlamış və onun bu təklifi qəbul edilmişdir.
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. 70-80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakının teatr xadimləri ətrafında toplaşdılar. 1887-ci ildən Bakı teatr dəstəsinə Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə və N.Vəliyev başçılıq etmiş, 1888-ci ildən onlar artıq müstəqil teatr kollektivi kimi fəaliyyət göstərmişlər.
Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında təsis edilmiş, elə həmin ilin martin 10-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 1992-ci ildə Barselonada Olimpiya oyunları başlananda Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmamışdır. Ona görə də Azərbaycanın yalnız dörd idmançısı o dövrdə yaradılmış Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Barselona Oyunlarında iştirak edə bilmişdir.
Daxili Qoşunların ölkəmizdə fəaliyyəti başqa adlar və fərqli xidmət məramları ilə əvvəlki dövrlərdə də mövcud olmuşdur. Daxili Qoşunların təyinatına uyğun olan vəzifələri yerinə yetirmiş hərbi qurum ilk dəfə Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Parlamentin müvafiq qərarına uyğun olaraq, əhalini hərbi işlə tanış etmək, yaşayış məntəqələrində asayişin mühafizəsi məqsədilə 1919-cu il iyunun 1-dən etibarən könüllü əsgərlərdən ibarət dəstə formalaşdırılmışdır.
Şamaxı şəhərində olduğu kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilər tərəfindən dağıdılmış, yandırılmış, əhalisi vəhşicəsinə qətlə yetirilmişdi. Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən 53 kənd üçün erməni vandallarının törətdikləri vəhşiliklər barədə tərtib olunmuş aktlarda ayrı-ayrı kəndlər üzrə ölənlərin sayı və dəymiş zərərlər göstərilir. Bu aktlar əsasında hesablamalara görə Şamaxı qəzasının 53 kəndində ermənilər 8.027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4.190 nəfəri kişi, 2.560 nəfəri qadın və 1.277 nəfəri uşaq olmuşdur.
Ötən əsrdə Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda onlarla terror aktı həyata keçiriblər. Erməni ekstremistləri Azərbaycanda nəqliyyatın bütün növlərində, o cümlədən də metroda terror aktları törədiblər. Belə qanlı terror aktlarından biri 19 mart 1994-cü ildə baş verdi. Saat 13.00 radələrində qatar “20 Yanvar” stansiyasında dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə qurğunun partlaması nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır.
XX əsrin əvvəllərində Qacarlar sülaləsinin (1796-1925) hakimiyyəti altında olan Cənubi Azərbaycanda gərgin sosial-iqtisadi böhran yaşanırdı. İranın Rusiya və İngiltərə kimi dövlətlərin yarımmüstəmləkəsinə çevrilməsi, şahın və onun məmurlarının özbaşınalığı, dalbadal baş verən qıtlıq, hakim dairələrdəki rüşvətxorluq ölkədə geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırmışdı. Boşalmış xəzinəni doldurmaq üçün kəndli və sənətkarlardan, həmçinin tacirlərdən alınan vergi qanunsuz şəkildə artırılırdı. Əldə olunan gəlirlər isə şahın və onun yaxınlarının ehtiyaclarına sərf edilirdi. Əhalinin bütün zümrələri hökumətdən narazı idi.
Novruz bayramı, ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir. Bəşəriyyətin təkamülünün əsasını qoymuş əkinçilik və maldarlıq Yaxın Şərq xalqlarının, eyni zamanda Azərbaycan xalqının təsərrüfat həyatında mühüm rol oynamışdır. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir. Novruz bayramının mənşəyi çox qədimdir. Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlinir.
Bağanıs Ayrım kəndi Qazax rayonunun Əskipara inzibati ərazi vahidində yerləşirdi. XVIII əsrin əvvəllərində yaranmış, keçmiş adı Seyid Ayrım olmuş bu kənd zaman-zaman ermənilərin hücumlarına məruz qalmış, nəticədə məcburiyyət qarşısında öz ilkin yerini dəyişməli olmuşdur. Bu dəyişmələr zamanı erməni riyakarlığı və rusların onlara dəstək olması da az rol oynamamışdır. Ermənilərin məkrli niyyətləri sovet dövründə də davam etmiş, 1984-85-ci ildə Qazax rayonundan 2105 hektar torpaq sahəsi Ermənistana verilmiş, Bağanıs Ayrım kəndinin 42 hektar torpağı onlara "bağışlanmışdı”.
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi.
Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur.
Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsində əsas məqsəd dünyaya inteqrasiya, o cümlədən Avropa, Asiya və Amerikadan alınan məlumatlarla Xalq Cümhuriyyətinin dövlət qurumlarını, eyni zamanda yeni dövlətin informasiya siyasətini cəmiyyətə çatdıran mətbuat orqanlarını, ictimai təşkilatları təmin etmək idi. 3 mart 1919-cu ildə Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili edilməsi məsələsi gündəliyə salınmış və müzakirə olunmuşdu. İclasda Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin bu məsələnin vacibliyini açıqlayan məruzəsi dinlənilmiş, Xalq Maarif naziri Nəsib bəy Usubbəyliyə Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi haqqında rəsmi tapşırıq verilmişdi.
Dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcridlə deyil, əksinə, qarşılıqlı təsir dairəsində inkişaf etmiş, yüksək mənəvi dəyərlər qazanmışdır. Dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mərhələyə gəlib çatmış və inkişaf etmişdir. Beynəlxalq yazıçılar birliyi ideyası da bu bağlılıq və təsir nəticəsində bütün dünya ədiblərini və ədəbiyyatını birləşdirmək, qorumaq və inkişaf etdirmək naminə ilk dəfə ingilis yazıçısı Ketrin Emmi Douson-Skott tərəfindən ifadə edilmişdir.
Azərbaycanda mərkəzi bankçılığın tarixi XX əsrin əvvəllərindən başlamışdır. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş “Bakı bonları” ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxt da keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi.
1917-ci il Fevral inqilabından sonra Rusiyada yaranmış Müvəqqəti hökumət martın 3-də Cənubi Qafqazda mülki hakimiyyəti yeni orqana - Xüsusi Zaqafqaziya Komitəsinə (XZK) verdi. Elmi ədəbiyyatda bu orqan OZAKOM (Osobıy Zakavkazskiy Komitet) da adlandırılır. Komitə regionun əsas millətlərini 4-cü Dövlət dumasında təmsil edən deputatlardan ibarət idi. XZK-nin sədri kadet partiyasının üzvü V.A.Xarlamov, üzvləri - azərbaycanlı kadet, sonralar müsavatçı Məmmədyusif Cəfərov, gürcü federal-sosialisti K.Abaşidze, rus kadeti P.Pereverzev və başqaları. İki gündən sonra Nazirlər Şurasının sədri Lvovun əmri ilə P.Pereverzev gürcü menşeviki A.Çxenkeli ilə əvəz edildi.
Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi.
1920-ci ilin aprelində Azərbaycanda, 1920-ci ilin noyabrında Ermənistanda və 1921-ci ilin fevralında Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Sovet Rusiyası Cənubi Qafqazın 3 sovet respublikasının bir ittifaqda birləşdirmək, sonra isə bu ittifaqı Sovet Rusiyasının tərkibinə qatmaq planlarını həyata keçirməyə başladı. 1921-ci ildə ilk olaraq Zaqafqaziya respublikaları arasında gömrük və sərhəd postlarının aradan qaldırılması, xarici ticarət idarələrinin və dəmir yollarının birləşdirilməsi haqqında qərarlar qəbul olundu.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu strategiyasında ixtisaslı hərbi kadrların hazırlanması xüsusi yer tutmuşdur. Hələ Sovet İttifaqı dövründə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəb təsis edilmişdir. Prezident Heydər Əliyevin 1997-ci il 24 noyabr tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Bakı İbtidai hərbi məktəb Cəmşid Naxçıvanski adına hərbi litsey adlandırılmışdır.
Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Zaqafqaziya Seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya Seymi qarşısında duran əsas vəzifə Osmanlı dövləti ilə sülh müqaviləsinin bağlanması idi.
Martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması günüdür. Prezident İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi mövqeyi qloballaşma kontekstində miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır.
Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da “Elm günü” böyük qürur hissi ilə keçirilir. Dünya Elm Günü 2001-ci ildə YUNESKO-nun qərarı ilə təsis edilib. YUNESKO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bu bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Dünyanın əksər ölkələrində qeyd olunan bu günün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin inkişafına təsirini artırmaqdır. Azərbaycanda “Elm Günü” Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. 1918-ci ilin may ayının 28-də dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul olunduqdan sonra daxili və xarici təhdidlərə qarşı effektiv mübarizə aparmaq, pozucu qüvvələri zərərsizləşdirmək və dövlət sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilmək üçün təhlükəsizlik orqanlarına böyük ehtiyac yaranmışdı.