Tarixdən səhifələr

General-leytenant İsmayıl Naxçıvanski

Naxçıvanski İsmayıl xan Ehsan xan oğlu 1819-cu ilin 5 yanvarında Naxçıvan xanlarından olan məşhur general-mayor Ehsan xan Naxçıvanskinin ailəsində anadan olub.

İsmayıl xan Naxçıvanski ilk təhsilini atası Ehsan xanın sarayında almış və fars dilini mükəmməl öyrənmişdi. Sonralar atası Ehsan xan onu təhsil alması üçün Tiflisə aparmış və kişi gimnaziyasına qoymuşdu. İsmayıl xan həmin gimnaziyada orta təhsil almışdır.

1839-cu ildə Tiflis hərbi gimnaziyasını bitirmiş, bir il sonra poruçik rütbəsi almışdır. Baş komandanın əmri ilə 3 mart 1845-ci ildən Əlahiddə Qafqaz korpusunda süvari qoşunların hissəsində hərbi xidmət etmişdir.

Atasının vəfatından sonra İsmayıl xan Kəngərli tayfasının və Kəngərli süvarilərinin rəisi təyin edilir. Bu haqda verilən əmr 19 sentyabr 1847-ci ilə aiddir. 23 avqust 1848-ci ildə Rusiya çarı I Nikolay İsmayıl xanın atası general-mayor Ehsan xan hərbi fəaliyyətini nəzərə alaraq onun oğlanları İsmayıl xana, Kalbalı xana və qızı Lalabəyimə yüksək təqaüd təyin edir.

Hərbi xidmətini uğurla davam etdirən İsmayıl xan 5 fevral 1853-cü ildə kapitan rütbəsinə layiq görülür. 1853-cü ildə Kəngərli süvarilərinin qoşun hissələri ləğv edilir. Bu səbəbdən İsmayıl xan yenidən, yəni 8 iyul 1853-cü ildə, Əlahiddə Qafqaz Korpusunda hərbi xidmətə göndərilir. İsmayıl xan 10 noyabr 1853-cü ildə İrəvan bəy drujinası qoşunlarının rəisi təyin edilir. O, həm də 1 may 1854-cü ildə 4№-li süvari müsəlman polkuna komandir köməkçisi təyin edilir. İrəvan dəstəsinin tərkibində olan 4№-li süvari müsəlman polkuna İsmayıl xan 5 dekabr 1854-cü ilədək komandir köməkçisi kimi rəhbərlik etmişdir.

İsmayıl xana əla hərbi xidmətinə görə 4 avqust 1855-ci ildə rotmistr rütbəsi verilərək Əlahəzrətin Saray qvardiyasının kazak polkuna keçirilir.

Əla döyüş bacarığına görə 3 aprel 1860-cı ildə İsmayıl xana polkovnik hərbi rütbəsi verilir. İsmayıl xan 5 may 1877-ci ildə İrəvan qeyri-nizami süvari polkuna komandir təyin edilir. O, 1877-1878-ci il rus-türk müharibəsinin iştirakçısı olub. 5 may 1877-ci ildən 28 yanvar 1878-ci ilədək İrəvan qeyri-nizami süvari polkunun komandiri olmuşdur.

Bəyazid qalası mühasirədə qalarkən mərdlik, sədaqət və yüksək döyüş hünərləri göstərən İsmayıl xana 19 dekabr 1877-ci ildə general mayor hərbi rütbəsi verilir.

İsmayıl xan Naxçıvanski 28 yanvar 1878-ci ildə İrəvan qeyri-nizami süvari polkunun komandiri vəzifəsindən azad edilərək Qafqaz ordusunun sərəncamına verilmişdir.  1890-cı ilin 28 oktyabrında Rusiya çarının əmri ilə Naxçıvanda onun hərbi fəaliyyətinin 50 illik yubileyi böyük təntənə ilə keçirilmişdir.

Rusiya imperiyasının ordusunda yüksək sərkərdəlik bacarığı və hərbi xidmətinin əlli illiyi ilə əlaqədar olaraq 28 oktyabr 1890-cı ildə İsmayıl xan süvari ordunun general-leytenant hərbi rütbəsi ilə mükafatlandırılıb. İsmayıl xan Naxçıvanskiyə 18 avqust 1908-ci ildə ordudan tərxis olunur.

İsmayıl xan Rusiya imperiyasının 5 medalını - "İmperatorun 1837-ci ildə Qafqazı keçməsi" gümüş, "1853-1856-cı illər üçün Xatirə medalı" açıq tunc rəngli, “1877-1878-ci illər üçün Xatirə medalı” açıq tunc rəngli, "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" və "İmperator I Nikolayın hakimiyyətinin xatirəsinə" gümüş medalı ilə təltif edilmişdir.

General-leytenant İsmayıl xan Naxçıvanski üçüncü dərəcəli “Müqəddəs Stanislav” (1856), hərbi xidmətinin iyirmi beş illiyi münasibətilə dördüncü dərəcəli “Müqəddəs Vladimir” (1867), dördüncü dərəcəli “Müqədds Georgi” (1877), üçüncü dərəcəli “Müqəddəs Vladimir” (1883) və birinci dərəcəli “Müqəddəs Stanislav” (1888) ordenləri ilə təltif olunmuşdur.

İsmayıl xan Naxçıvanski 10 fevral 1909-cu ildə Naxçıvanda vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan generalları : kataloq = Генералы Азербайджана : каталог / Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Tarixi Muzeyi ; tərt. Z. Dulayeva [et al.] ; elmi red. N. M. Vəlixanlı. - Bakı : Elm, 2005. - 190 s.
  2. Hacıyev, İsmayıl Muxtar oğlu. Naxçıvan və naxçıvanlılar / İ. M. Hacıyev, Ş. A. Məmmədov ; elmi red. V. Piriyev ; red. İ. Cəfərov. - Bakı : Elm, 2001. - 280 s.
  3. Naxçıvan ensiklopediyası : 2 cilddə / Y. İ. Axundlu [et al.] ; red. heyəti: B. Ə. Budaqov [et al.] ; bur. məsul V. Y. Talıbov ; AMEA Naxçıvan bölməsi. II cild. - Təkmilləşmiş və yenidən işlənmiş II nəşri. - Naxçıvan : Naxçıvan Ensiklopediyası, 2005. - 380 s.
  4. Naxçıvan tarixi : 3 cilddə / red. heyəti İ. M. Hacıyev [et al.]. II cild : XVIII əsrin 40-cı illərindən XX əsrin 30-cu illərinin sonunadək. - Naxçıvan : Əcəmi NPB, 2014. - 528 s.