Tarixdən səhifələr

Azərbaycan – Qırğızıstan diplomatik münasibətləri

Azərbaycan ilə Qırğızıstan münasibətlərinin zəngin tarixi keçmişi vardır. Azərbaycanlılarla qırğızları türkdilli xalqlara mənsubluq və din eyniliyi birləşdirir. Azərbaycanlılar və qırğızlar oxşar mədəniyyətə və ənənələrə malikdirlər. Hər iki xalq Rusiya imperiyası və Sovet İttifaqı dönəmində eyni mərkəzdən idarə olunublar. Hər iki respublikanın SSRİ-nin tərkibində olduqları dövrdə onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərin repressiyaları zamanı sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın və mədəniyyətin digər sahələrində fəal iştirak edirlər. 

31 mart 1991-ci ildə Qırğızıstan dövlət müstəqilliyini elan etmişdir. Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulmuşdur. 

2 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında (Bişkek şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanun qəbul edilmiş və səfirlik 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır.

1 aprel 2002-ci ildə Qırğızıstanın Azərbaycanda fəxri konsulluğu açılmışdır. Qırğızıstan Respublikası Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamına əsasən Qırğız Respublikasının Azərbaycan Respublikasında Səfirliyi təsis edilmişdir. 

1993-cü ilin dekabrında MDB Dövlət Başçılarının Sammitində Prezident Heydər Əliyevin Qırğızıstan Prezidenti Əskər Akayevlə görüşündə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində konkret addımlar müəyyən edilmişdir.

11 noyabr 1996-cı ildə iki ölkənin xarici işlər nazirlikləri arasında Əməkdaşlıq protokolu imzalanmışdır. 

23 aprel 1997-ci ildə Qırğızıstan Prezidenti Əskər Akayev Prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycanda ilk dəfə rəsmi səfərdə olmuşdur. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanmışdır. Bundan əlavə iki ölkənin hökumətləri arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası, investisiyaların təşviqi və qarşılıqlı qorunması, sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq, istehsalat kooperasiyası və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 

7-8 sentyabr 1998-ci ildə Bakıda 9 ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən tarixi İpək Yolunun bərpasına həsr edilmiş konfransda Qırğızıstan Prezidenti Əskər Akayev iştirak etmişdir. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. 

1999-cu il martın 26-da Bakı şəhərində “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş” imzalanmışdır.

Qırğızıstan Prezidenti Əskər Akayev 8-9 aprel 2000-ci ildə “Dədə Qorqud” eposunun 1300 illiyik yubileyinə həsr edilmiş Türkdilli Dövlətlərin başçılarının sammitində iştirak etmişdir.

2004-cü il iyunun 1-də Bakı şəhərində “Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. 

Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev 29-31 mart 2012-ci ildə Azərbaycanda rəsmi səfərdə olmuş və iki dövlət qurumları arasında müxtəlif sahələrim əhatə edən sazişlər imzalanmışdır. 

4 iyul 2011-ci ildə Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. 

23 aprel 2012-ci ildə “Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanmışdır. 

13 iyun 2014 Qırğızıstan Parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

16 sentyabr 2016-cı il və 3 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasında səfərdə olmuşdur. 

20 aprel 2022-ci ildə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri zamanı iki dövlət arasında bir sıra sənədlər imzalanmışdır.

11-12 oktyabr 2022-ci ildə Prezidenti İlham Əliyev Qırğız Respublikasında dövlət səfərində olmuşdur. Səfər zamanı Bişkekdə Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına salınan Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimi olmuşdur. 

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Qırğızıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Qırğız Respublikasının Jokorqu Keneşində (Parlament) Qırğızıstan-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupu fəaliyyət göstərir. 

Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələrin mövcud səviyyəsi təkcə bu iki qardaş dövlətin mənafeyinə xidmət etmir, həm də Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında inteqrasiyaya xidmət edir.

Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri: 1991-2016: [məqalələr toplusu] / F. Məmmədov [et al.] ; red.: F. Məmmədov, C. Vəliyev, A. Məmmədov ; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. - Bakı : Poliart MMC, 2017. - 904 s.
  2. Quliyev, Elman Hilal oğlu. Türk xalqları ədəbiyyatı : dərslik / E. H. Quliyev ; elmi red. H. Ə. Qasımov ; rəy. B. Ə. Nəbiyev [et al.]. - Bakı : Conatant empary, 2011. - 568 s.
  3. Ruintən, Sevinc Fərrux qızı. Azərbaycan Türk dövlətləri ilə siyasi əlaqələr sistemində: XX əsrin 90-cı illəri /S. F. Ruintən ; elmi red. Ə. Muxtarova. - Bakı: Adiloğlu, 2005. - 212 s.
  4. Bağımsızlığının 30. yılında Kırgız Cumhuriyeti: Dış politika ve uluslararası ilişkiler.: Editor B. A. Pala ; Tasarım S. Köse. - Ankara: Astana, 2021. - 203 s.