Tarixdən səhifələr

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü

BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edilmiş və Nyu-Yorkda – BMT-nin iqamətgahı qarşısında təşkilatın üzvünün – Azərbaycanın Dövlət bayrağı qaldırılmışdır. Ötən dövrdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasını və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası daimi fəaliyyət göstərən ali orqandır. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Şuranın 15 üzvü var: bunlar 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvdür. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 2011-ci il oktyabrın 24-də, Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Həmin səsvermə gərgin keçmiş və 17 raunddan ibarət olmuşdur. Nəhayət, rəqibləri Macarıstan və Sloveniyanı üstələyən ölkəmiz 155 səs toplayaraq, növbəti iki il ərzində Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanmışdır. Digər namizədlərdən fərqli olaraq, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini ilk dəfə irəli sürmüşdü. Azərbaycanın bu mötəbər quruma üzvlüyü 2012-ci il yanvarın 1-dən başlanmışdır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzv kimi ilk dəfə 4 yanvar 2012-ci ildən iştirak etmiş, mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. Azərbaycan sədrlik estafetini ABŞ-dan almış və bir ay sonra — iyunun 1-də isə sədrliyi Çinə ötürmüşdür. Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurası 13 açıq, 16 qapalı iclas keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir.

Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə – 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsini həyata keçirmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdir. Prezident İlham Əliyevin ilk sədrlik iclasında BMT-nin keçmiş Baş katibi Pan Ki-Munun iştirakı ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunmuşdu. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənilmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilmişdi.

Təhlükəsizlik Şurasında fəaliyyəti və qazanılmış təcrübə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqlarının təmin olunmasına xidmət etmişdir. Belə ki, Təhlükəsizlik Şurasında üzvlüyü dövründə dövlətimiz milli maraqlarının qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif aspektləri TŞ-nin müvafiq iclaslarında ardıcıl şəkildə diqqətə çatdırılmışdır. Bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi ardıcıl olaraq qaldırılmış və müvafiq müddəalar Şuranın qəbul etdiyi sənədlərdə əksini tapmışdır.
Ümumilikdə, Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini vermişdir.

Tövsiyə edilən ədəbiyyat:

  1. Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikasının xarici siyasəti : 1991-2003 / M. C. Qasımlı ; red. heyəti: A. Əzimov [et al.] ; baş red. E. M. Məmmədyarov ; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi. - (Azərbaycan Respublikasının diplomatiya tarixi). I hissə. - Bakı : Mütərcim, 2015. - 648 s.
  2. Dadaşova, Ramilə Bəhlul qızı. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməkdaşlığı : monoqrafiya / R. B. Dadaşova ; elmi red. M. C. Qasımlı ; AMEA Qafqazşünaslıq İnstitutu. - Bakı : ADMİU, 2021. - 344 s.
  3. Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikasının tarixi : 1991-2021: 2 cilddə / M. C. Qasımlı ; elmi red. İ. X. Zeynalov ; Bakı Dövlət Universiteti. - ISBN 978-9952-546-20-0. II cild : 2003-2021. - Bakı : BDU nəşriyyatı, 2021. - 520 s.
  4. Аббасбейли, Агалар Нариман оглы. Азербайджан в системе международных и региональных организаций / А. Н. Аббасбейли, А. М. Гасанов. - Баку : Азернешр, 1999. - 256 с.
  5. United Nations - Azerbaijan: 25 years of partnership = Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan : tərəfdaşlığın 25 ili / United Nations Office in Azerbaijan. - Baku : w. p., 2017. - 167 p.