Tarixdən səhifələr

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələrinin qurması

Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Azərbaycan-Türkiyə siyasi əlaqələri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Türkiyənin ilk dövlət olaraq 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıması ilə bərpa olmuşdur.

İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuş, 1992-ci ilin avqust ayında Azərbaycanın Türkiyədə Səfirliyi açılmış, 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Baş konsulluqları təsis edilmişdir. Eyni zamanda, Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.

Türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri ilbəil daha da inkişaf edir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir.

Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələri bütün sahələrdə, o cümlədən siyasi müstəvidə çox uğurla inkişaf edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında çoxölçülü əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.

15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə fəaliyyətə başlayan YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini vermişdir. Şuranın sonuncusu 25 fevral 2020-ci il tarixində Bakıda olmaqla ümumilikdə səkkiz iclası keçirilmişdir. İclaslar zamanı bütün sahələrdə əlaqələr müntəzəm nəzərdən keçirilmiş, əməkdaşlıq istiqamətləri üzrə ali səviyyədə tapşırıqlar verilmiş və yekunda bir çox sahəyə dair mühüm sənədlər imzalanmışdır.

Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və Ermənistanın tarixi ərazilərimizi 28 il işğal altında saxladığı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə etmiş, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək vermişdir.

Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində Azərbaycanın tarixi mədəniyyət paytaxtı olan və 28 il Ermənistan işğalı altında qalan qədim Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Bununla da Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olmuşlar. “Şuşa Bəyannaməsi” həmçinin dərin və hərtərəfli xarakterə malik Azərbaycan-Türkiyə əlaqələrinin növbəti mərhələyə qaldırılması deməkdir. “Şuşa Bəyannaməsi”ndən irəli gələrək, Azərbaycan-Türkiyə münasibətləri yeni dönəmin reallıqlarına uyğun olaraq hər sahədə daha da inkişaf edir və dərinləşir. Bu məqsədlə bütün dövlət qurumlarımız türkiyəli həmkarları ilə əməkdaşlığı “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun formada həyata keçirir, müttəfiqlik əməkdaşlıq formatı yaradır və əlaqələri sinxronlaşdırır. Bu Bəyannamənin hər iki dövlətin Parlamentində təsdiqi ona milli hüquqa daxil edilmiş beynəlxalq müqavilə statusu da vermişdir.

“Şuşa Bəyannaməsi”nin doğurduğu praktiki nəticələr artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar davam etdirilir. Digər dövlət qurumları da gündəliklərini Şuşa Bəyannaməsinin tələblərinə uyğunlaşdırırlar. İki dövlət arasında fərqli sahələrdə ortaq əməkdaşlıq platformaları yaradılır, fəaliyyət planları hazırlanır və onların icraları istiqamətində tədbirlər həyata keçirilir, çoxsaylı qarşılıqlı səfərlər baş tutur və təcrübə mübadiləsi aparılır. Bəzi sahələrdə işçi qrupları yaradılaraq, addım-addım konkret layihələr həyata keçirilir.

Azərbaycan-Türkiyə siyasi münasibətləri sadəcə ikitərəfli formatda müntəzəm olaraq inkişaf etməklə məhdudlaşmamış, hər iki dövlətin Gürcüstan, İran İslam Respublikası, Pakistan, Türkmənistan ilə ayrılıqda üçtərəfli formatlar və Gürcüstan və İran ilə isə dördtərəfli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verməkdədir.

Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarda iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edirlər. Azərbaycan və Türkiyə arasında beynəlxalq təşkilatlarda təmənnasız qarşılıqlı dəstək ənənəsi də mövcuddur. 
 

Tövsiyə edilən ədəbiyyat:

  1. Yaqublu, Nəsiman Qara oğlu. Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi: Sovetlər dönəmi: 1920-1991-ci illər / N. Q. Yaqublu; elmi red. S. R. Məmmədli.- Bakı: Abşeron Nəşr, 2009.- 196 s.
  2. Məmmədov, Zaur İbrahimxəlil oğlu. Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əməkdaşlığı: 2003-2010-cu illər: monoqrafiya / Z. İ. Məmmədov; elmi red. M. C. Qasımlı; Lənkəran Dövlət Universiteti.- Bakı: Elm və təhsil, 2021.- 304 s.
  3. Hüseynova, Fərqanə İsmayıl qızı. Müasir dövrdə Azərbaycan-Türkiyə mədəni əlaqələri / F. İ. Hüseynova; elmi red. R. Abdullayeva; AMEA Memarlıq və İncəsənət İnstitutu.- Bakı: Afpoliqraf, 2020.- 256 s.
  4. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri: 1991-2016: [məqalələr toplusu] / F. Məmmədov [et al.]; red.: F. Məmmədov, C. Vəliyev, A. Məmmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi.- Bakı: Poliart MMC, 2017.- 904 s.
  5. Mahmudova, Ofeliya Əbülhəsən qızı. Türkiyə-Azərbaycan münasibətlərinin beynəlxalq xüsusi hüquqi tənzimlənməsi: monoqrafiya / O. Ə. Mahmudova; elmi red. Ə. İ. Əliyev; ön sözün müəl. R. K. Məmmədov.- Bakı: Bakı Çap Evi, 2013.- 220 s.
  6. Abdullayev, Mahir İslam oğlu. Azərbaycan-Türkiyə əlaqələri / M. İ. Abdullayev; elmi red. S. Məmmədov.- Bakı: Mütərcim, 1998.- 112 s.