Tarixdən səhifələr

Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması

Çoxəsrlik tarixi təcrübə elmin inkişaf etdirilməsində elmi-təşkilati qurumların böyük əhəmiyyət kəsb etdiyini, hərəkətverici qüvvəyə çevrildiyini isbat etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası da tarixi zərurətdən yaranmış, ölkəmizin və xalqımızın inkişafında mühüm rol oynamışdır. Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, milli ziyalılığın və ictimai fikrin formalaşdırılması və daha da möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında Azərbaycan Milli Elmlər Akademiyasının böyük xidmətləri var.

Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar, əsasən, Bakı Universitetində mərkəzləşmişdi. 1920-22-ci illərdə burada humanitar, tibb və təbiyyat bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. Assosiasiya müxtəlif elm sahələri üzrə problemlərin tədqiqi, elmi kadrların hazırlanması və inkişafı işinə hərtərəfli yardım göstərməyi qarşısına məqsəd qoymuşdu. 1921-ci ilin axırlarında universitet nəzdində Təbiətşünaslar və Həkimlər Cəmiyyəti, bir qədər sonra isə Şərqşünaslar və Həkimlər Cəmiyyəti yaradıldı. 1920-ci ildə texniki təhsil verən ali məktəb – Bakı Politexnik İnstitutu fəaliyyətə başladı. Burada texnika, iqtisadiyyat elmləri və aqrokimya sahəsində elmi tədqiqatlar aparılırdı.

1923-cü ildə elmi-tədqiqat işləri aparmaq üçün Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradıldı. Bu cəmiyyət respublikanın baş elmi müəssisəsi oldu. İlk dövrdə cəmiyyətin tərkibinə Tarix, Etnoqrafiya, İqtisadiyyat və Təbiətşünaslıq bölmələri daxil edilmişdi. 1925-ci ildə Tarix-Etnoqrafiya bölməsindən Türkologiya bölməsi yarandı. Ayrı-ayrı elm sahələri istiqamətində tədqiqatlar aparılması məqsədilə tarix, tarix-ədəbiyyat, etnoqrafiya, dilçilik, lüğətçilik, hüquq, sənaye, Xəzər dənizinin tədqiqi, təsviri incəsənət, teatr, musiqi və s. üzrə komissiya və yarımkomissiyalar təşkil edildi. Respublikanın Şamaxı, Gəncə, Lənkəran, Zaqatala və digər qəzalarında, o cümlədən Naxçıvan MSSR və DQMV-də cəmiyyətin bölmələri yaradıldı. 1925-ci ildə Cəmiyyət Azərbaycan hökumətinin sərəncamına verildi. 1929-сu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (DETİ) adlandırıldı. İnstitutun təbiyyat, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi. Azərbaycan DETİ-nin fəaliyyətində respublikada elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, ali və orta ixtisas məktəbləri üçün elmi kadrlar hazırlanması məsələləri mühüm yer tuturdu. Azərbaycan DETİ-nin aspiranturası təkcə 1929-30-cu illərdə 33 elmi işçi hazırlamış, 1930-31-ci illərdə isə buraya 43 nəfər qəbul edilmişdi. 1932-ci ilin axırlarında 30 elmi müəssisə və 10-dan çox ali məktəb fəaliyyət göstərirdi. Bu dövrdə respublikada 800 elmi işçi, o cümlədən 87 professor və 138 dosent var idi. Lakin nə Azərbaycan DETİ, nə də sahə institutları elmin qarşısında duran vəzifələri kifayət qədər yerinə yetirə bilmirdi.

Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə Ruhulla Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – Bəkir Çobanzadə, Musa Əfəndiyev, Vəli Xuluflu, Aleksandr Qrossheym, İvan Qubkin, N.Marr, İ.Meşşaninov, A.Məmmədov, Salman Mümtaz, A.Tağızadə, İosif Yesman və başqaları burada elmi tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın nəzdində mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat elmi tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın institut və sektorlarından əlavə respublikada Elmi Tədqiqat Neft İnstitutu, Elmi Tədqiqat Pambıqçılıq İnstitutu, Neft Maşınqayırma İnstitutu, Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu, Hidrotexnika və Meliorasiya İnstitutu yaradıldı, bir sıra elmi stansiyalar və dayaq məntəqələri təşkil edildi. Tibb üzrə elmi tədqiqat institutlarında (tropik-xəstəliklər, ana və uşaqları mühafizə, mikrobiologiya), Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda, Zaqafqaziya Tikinti Materialları İnstitutunun Azərbaycan şöbəsində, Subtropik Bitkilərin zona üzrə Lənkəran stansiyasında, həmçinin Azərbaycan Dövlət Universitetinin elmi laboratoriya və kabinələrində, sənaye, kənd təsərrüfatı, pedaqoji və tibb institutlarında, Azərbaycanın orta ixtisas təhsili müəssisələrində geniş elmi tədqiqat işləri aparıldı. Artıq 1940-cı ildə respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. 1938-ci ildə SSRİ EA Azərbaycan filialında 16 elmlər doktoru, professor və 20 elmlər namizədi var idisə, 1941-ci ildə onların sayı müvafiq surətdə 21 və 161-ə çatmışdı.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Beləliklə, 1945-ci il yanvarın 23-dən başlanan axtarışlar, yoxlamalar və müzakirələr iki aydan çox davam edib və nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının 15 nəfərlik ilk təsisçiləri – birinci akademikləri müəyyən olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin "Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında" 1945-ci il 27 mart tarixli, 316 saylı qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi təsdiq olunub.

Müstəqil Azərbaycan dövlətinə Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir. Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi fərman Azərbaycanda fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir.

Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu vermiş oldu, onun Nizamnaməsinə dövlət sənədi, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verildi. Beləliklə, AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yarandı, Akademiyanın fəaliyyət dairəsi genişləndi, səlahiyyətləri artdı və qarşısına məsul dövlət vəzifələri qoyuldu.

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 30 sentyabr 2022-ci il qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunu təsdiq etdi. Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərir. Bundan əlavə, AMEA Rəyasət Heyətinin nəzdində bir sıra qurumlar fəaliyyət göstərir: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, “Elm” Nəşriyyatı, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası, Azad Həmkarlar İttifaqı, Veteranlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurası.

Azərbaycan Elmlər Akademiyasının yaradılması ölkəmizin elm tarixinin şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələsində Elmlər Akademiyası mühüm rol oynamışdır. Elmlər Akademiyası - ölkəmizdə ziyalı qüvvələrinin formalaşdırılması, qorunub saxlanılması və möhkəmləndirilməsi işinə sanballı töhfələr vermişdir. Elmlər Akademiyası - həmişə azərbaycançılıq məfkurəsinin əsas mərkəzlərindən biri olmaq funksiyasını məsuliyyətlə həyata keçirmişdir. Azərbaycan cəmiyyətində müasirləşmə istiqamətində həyata keçirilən bütün proqramların icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir. Milli Elmlər Akademiyası hazırda Azərbayacn Respublikasının Prezidenti İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqmətində və ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Milli Elmlər Akademiyası - 60 / red. heyəti: M. K. Kərimov [et al.]. - Bakı : Elm, 2005. - 470 s.
  2. Azərbaycan Elmlər Akademiyasının yaranma tarixi = История создания Национальной Академии Наук Азербайджана : [kitab-albom] / Azərbaycan Milli Elmlər Akademiyası ; tərt.-müəl.: Z. Ə. Hacıyeva, N. A. Əliyarlı. - Bakı : n. y., 2015. - 125 s.
  3. Akademiya simalarda : 1945-2015 / Azərbaycan Milli Elmlər Akademiyası. - Bakı : Elm, 2015. - 462 s.
  4. Azərbaycan Milli Elmlər Akademiyası simalarda : 75 il: 1945-2020 / Azərbaycan Milli Elmlər Akademiyası ; red. heyəti: İ. Ə. Həbibbəyli [et al.] ; baş red. R. Ə. Mehdiyev. - Bakı : Elm, 2021. - 987 s.
  5. Məlikli, Günel Qurbanəli qızı. Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu / G. Q. Məlikli ; elmi red. İ. Ə. Həbibbəyli ; AMEA Fəlsəfə və Sosiologiya İnstitutu. - Bakı : Elm : Red N Line, 2020. - 240 s.