Tarixdən səhifələr

Müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin təsdiq edilməsi

Azərbaycan Respublikasının Dövlət gerbi onun dövlət müstəqilliyinin müqəddəs atributlarından, rəmzlərindən biridir. Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə təkrarıdır.

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində dövlət gerbi haqqında qərar qəbul edilməmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.

Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir. 
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.

Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir. Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılı rəngdədir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əliyev, İqrar Həbib oğlu. Azərbaycan Respublikasının Dövlət rəmzləri / İ. H. Əliyev, E. Ə. Məhərrəmov ; red. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. - Yenidən işlənilmiş nəşri. - Bakı : Nurlan, 2008. - 56 s.
  2. Azərbaycan Milli Ensiklopediyası : 25 cilddə. Azərbaycan / A. A. Abbasov [et al.] ; red. heyəti: İ. H. Əliyev [et al.] ; red. M. K. Kərimov. - Bakı : Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007. - 883 s.
  3. Все страны мира : флаги и гербы: современный справочник / сост. Л. П. Бушуева. - Ростов н/Д : Владис ; М. : Рипол Классик, 2009. - 800 с.