Tarixdən səhifələr

Azərbaycanda yeni əlifbaya (latın) keçid

Azərbaycanda dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır; həmin dövrə qədər (istər XIX əsrdə, istərsə də xüsusilə XX əsrin əvvəllərində) görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də Azərbaycanda gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləmiş, təkliflər vermişdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmisi bir ay sonra 27 iyun 1918-ci ildə Azərbaycan (türk) dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi. Əlbəttə, Azərbaycan ziyalılarının ana dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda illər boyu apardıqları məqsədyönlü mübarizə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məsələyə dərhal diqqət yetirməzdi. 
Xalq Cümhuriyyəti dövründə dil, əlifba və tədrislə bağlı qəbul olunan qərarlar həmin dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Həmin dövrdə qəbul olunan qərarlar sonrakı dövrdə dil və təhsillə bağlı bir çox məsələlərdə öz aktuallığını qoruyub saxladı. Dillə bağlı başladılan siyasət Cümhuriyyət süqut etdikdən sonra da davam etdi.

1921-ci ilin iyununda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (Az.MİK) qərarı ilə maarif komissiyası yaradıldı ki, bu komissiyaya mədəni-maarif işlərini inkişaf etdirmək, savadsızlığı ləğv etmək vəzifələri tapşırıldı. Azərbaycanda mədəni quruculuq işlərinin həyata keçirilməsinin ilk günlərindən yeni əlifba məsələsi kəskin şəkildə meydana çıxdı. Köhnə ərəb əlifbasının şrift və hərflərinin çətinliyi kütləvi savadsızlığın ləğvinə kömək edə bilməzdi. Ona görə də yeni latın qrafikalı əlifbaya keçmək zərurəti yaranmışdı. 1920-ci ilin noyabrında Azərbaycan SSR Xalq Maarif Komissarlığı yanında əlifba islahatı üzrə komissiya yaradıldı. 1922-ci il martın 6-da Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin (AK(b)P MK) plenumu latın yazı qrafikasına keçirmək üçün xüsusi komissiya yaratdı.

1922-ci ilin mayında əlifbanın latınlaşdırılması işini aparan Yeni Türk Əlifbası Daimi Komissiyası yaradıldı. Yeni Azərbaycan (türk) əlifbasına keçməklə əlaqədar mədəni–maarif məsələlərinin bir çox problemlərnin həllində AKP MK-nın ikinci konfransının (noyabr, 1922) qəbul etdiyi qərarların  mühüm əhəmiyyəti oldu. AK(b)P MK Rəyasət Heyətinin 1922-ci il 12 iyun tarixli iclasında Azərbaycan (türk) dilində dərsliklərin, qəzetlərin nəşri məsələsi müzakirə edildi və Azərbaycan (türk) dilində yazı makinalarının alınması haqqında qərar qəbil edildi. AK(b)P MK Rəyasət Heyətinin 1922-ci il 19 iyun tarixli qərarı ilə tədris müəssisələrində pulsuz təhsilə keçildi. Az.MİK-in 1923-cü il 23 iyul tarixli əmrinə əsasən respublikanın qəzalarında və kəndlərinə, bütün yaşayış məntəqələrinə belə bir təlimatı göstəriş göndərildi ki, yeni əlifbaya keçidlə əlaqədar olaraq ştamplar, blanklar və rəsmi sənədlər Azərbaycan (türk) dilində çap edilsin. Həmin əmrə əsasən «Əkinçi» və «Kommunist» qəzetlərinin səhifələrində yeni əlifba rubrikası açıldı. Az.MİK-in 1923-cü il oktyabrın 20-də «Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında» dekreti verildi. Bu dekretə uyğun olaraq bütün idarə və təşkilatlarda kargüzarlığı həm əski, həm də yeni əlifba ilə aparmaq barədə göstəriş verildi.

Az.MİK-in 1923-cü il 31 iyul tarixli dekretinə əsasən Azərbaycanın bütün dövlət idarələrində Azərbaycan (türk) dilinə keçildi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) 16 oktyabr 1923-cü il tarixli qərarı ilə Azərbaycan vətəndaşlığının Azərbaycan (türk) əlifbası ilə müəyyənləşdirilməsi haqqında qərar verildi. AK(b)P MK 1924-cü ilin əvvəlində respublikanın komissarlıqlarına, idarə və müəssisələrə göstəriş verdi ki, rəsmi yazışmalar Azərbaycan (türk) dilində, zəruri hallarda rus dilində aparılsın. Bu məqsədlə Az.MİK-ə, XKS-ə, Xalq Daxili İşlər Komissarlığına, Xalq Maarif Komissarlığına, Torpaq Komissarlığına, yerli qəza icraiyyə komitələrinə, kənd sovetlərinə və digər idarələrə göstəriş verildi ki, kargüzarlıq işləri Azərbaycan (türk) dilində aparılsın. Azərbaycan (türk) dilinə keçmək haqqında Az.MİK-in tapşırıqlarına əsasən respublikanın təhsil müəssisələrində işlər sürətləndi. Respublikada yeni Azərbaycan (türk) əlifbasına keçmək işini başa çatdırmaq məqsədilə Az.MİK-in 1926-cı il 26 iyun tarixli qərarı ilə yeni komissiya yaradıldı və komissiyanın tərkibinə 25 nəfər üzv cəlb edildi. Komissiya yeni Azərbaycan (türk) əlifbasına keçməyi yekunlaşdırmalı idi.

1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakıda çağırılmış I Beynəlxalq Türkoloji Qurultay latın qrafikalı əlifbaya keçid prosesində müstəsna rol oynadı. AK(b)P MK-nın 1928-ci il 11 oktyabr tarixli qərarına əsasən Yeni Azərbaycan əlifbasının yaradılmasını təşkil etmək üçün komissiya yaradıldı. Komissiyaya tapşırıldı ki, yeni əlifbaya keçidi başa çatdırsın. Az.MİK-in 1928-ci il 29 may tarixli qərarı ilə respublikada ümumi icbari təhsilə keçildi. Az.MİK-in bu müsbət qərarını və yeni Azərbaycan (türk) əlifbasına keçməyi VI Ümumazərbaycan Sovetlər qurultayı (aprel, 1929) bəyəndi və respublikanın «mədəni inqilab» quruculuğunda mühüm hadisə hesab etdi. Qurultay respublikada mühüm əhəmiyyətə malik olacaq mədəni quruculuğun əsas vəzifələrini müəyyənləşdirdi. Az.MİK-in qərarı ilə 1929-cu il yanvarın 1-dən etibarən respublikada yeni latın əlifbasına keçildi.

Lakin 10 ildən sonra - 1939-cu ildə Azərbaycanda kiril qrafikalı əlifbaya keçildi. 1991-ci ildə yenidən müstəqillik əldə edildikdən sonra Azərbaycan əlifbası bir daha latın əlifbası əsaslı qrafikaya keçilmişdir.

Hər il avqustun 1-də ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Азәрбајҹан тарихи : 7 ҹидддә / АМЕА А.А. Бакыханов адына Тарих Институту. - ISBN 5-8066-1256-2. VI ҹилд : Апрел 1920 - ијун 1941 / мәс’ул ред. Ҹ. Б. Гулијев [et al.]. - Бакы : Елм, 2000. - 568 с.
  2. İsaxanlı, İsaxan Abdulla oğlu. Azərbaycanda latın əlifbasına keçid və Fərhad Ağazadə / İ. A. İsaxanlı ; ön sözün müəl. Ə. R. Xələfli ; red. H. İsaxanlı. - Bakı : Xəzər Universiteti nəşriyyatı, 2011. - 172 s.
  3. Balayev, Xaqan Əlirza oğlu. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən : XVI-XX əsrlər = Из истории становления Азербайджанского языка как государственного : ΧΥΙ-ΧΧ вв. = From the history of formation of Azerbaijani as an official language : XVI-XX centuries / X. Ə. Balayev ; elmi red. Y. M. Mahmudov. - Bakı: Elm və Həyat, 2002. - 199 s.
  4. Maarif və mədəniyyətin inkişafında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fəaliyyəti / N. Məmmədov // Tarix və onun problemləri. – 2014. - № 1. – S. 96-102.
  5. Azerbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən dil siyasəti / E.İbrahimov // Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi. – 2020. № 9(4). – S. 1411-1424.
  6. Декреты Азревкома (1920-1921гг). Баку: Азернешр, 1988, 519 с.
  7. Резолюции и постановления съездов советов Азербайджанской ССР (1921- 1937гг.). Баку: АН Азерб. ССР, 1961, 200 с.