Tarixdən səhifələr

Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında de-fakto tanınması

Dağılmış Rusiya imperiyasının ərazisində yeni yaranmış müstəqil milli dövlətlər kimi, Azərbaycan Xalq Cümhuriyyəti də dünya dövlətləri tərəfindən tanınmaq, beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olmaq, respublikanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək baxımından Paris Sülh Konfransına böyük ümid bəsləyirdi.

Azərbaycan hökumətinin nümayəndələri Qafqazdakı müttəfiq qoşunlarının komandanı general V.Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirakına təminat almışdılar. Britaniya hökumətinin Bakıya gələn rəsmi nümayəndəsi general Corc Miln də öz bəyanatlarında bunu təsdiqləmişdi. General Tomson Azərbaycan hökumətinə yazılı şəkildə bildirmişdi ki, bütün mübahisəli ərazi məsələləri sülh konfransının qərarı ilə həll ediləcəkdir.

Bu məqsədlə 1918 il dekabrın 26-da təşkil olunmuş yeni Azərbaycan hökumətinin ilk addımı dekabrın 28-də Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini və statusunu müəyyənləşdirmək oldu. Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov sülh konfransına gedəcək heyətin başçısı, Məmməd Həsən Hacınski isə onun müavini təyin edildi. Nümayəndə heyətinə iki nəfər parlament üzvü - Əhməd Ağayev və Əkbər ağa Şeyxülislamov daxil idi. Mir Yaqub Mehdiyev, Ceyhun Hacıbəyli və Məhəmməd Məhərrəmovdan ibarət məsləhətçilər müəyyən olundu.

1919 ilin dekabrında Əlimərdan bəy Topçubaşov başda olmaqla Versaldakı Azərbaycan diplomatik missiyası Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Cəmiyyətinə qəbul edilməsi barədə memorandum hazırlayıb cəmiyyətin katibliyinə təqdim etdi. Azərbaycan məsələsi Millətlər Cəmiyyətinin üçüncü komissiyasının müzakirəsinə verildi. Komissiyanın qoyduğu şərtlər daxilində Cənubi Qafqaz respublikaları de-yure tanınmadığı və aralarında ərazi məsələləri sabit olmadığı üçün onların Millətlər Cəmiyyətinə qəbul edilmələri məsələsi müvəqqəti dayandırıldı. Lakin 1920 ilin əvvəlində Qafqazda bolşevik təhlükəsilə bağlı yaranmış vəziyyət Azərbaycanın və Gürcüstanın müstəqilliyinin tanınmasını təxirəsalınmaz etdi. Bu məqsədlə Böyük Britaniyanın təşəbbüsü ilə 1920 il yanvarın 10-da Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Müttəfiqlərin Ali Şurası B.Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə yanvarın 11-də qərar qəbul etdi. Qərarda göstərilirdi ki, “müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”. Yaponiya fevralın 7-də Ali Şuranın qəbul etdiyi bu qərara qoşuldu. ABŞ isə qərara qoşulmaqdan rəsmi olaraq imtina etdi. 1920 il yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransa xarici işlər nazirliyinə dəvət edildilər. Azərbaycanın de-fakto tanınması barədə Paris Sülh Konfransının rəsmi qərarı Əlimərdan bəy Topçubaşova təqdim olundu. Yanvarın 15-16-da Versalda hərbi ekspertlər şurası Azərbaycana və Gürcüstana hərbi yardım göstərmək məsələsini müzakirə etdi. Yanvarın 19-da Paris Sülh Konfransı Ali Şurasının iclasında Cənubi Qafqaz respublikaları məsələsi ətraflı müzakirə olundu. Azərbaycan nümayəndələri bu iclasda tam heyətdə iştirak edirdi. Geniş müzakirədən sonra Ali Şura Qafqaz məsələsinə dair qərar qəbul etdi. Qərarda deyilirdi ki, Müttəfiq hökumətlərin Cənubi Qafqaz respublikalarına ordu göndərmək imkanı yoxdur, onlar bu respublikalara silah, hərbi sursat və ərzaq göndərməklə yardım göstərəcəklər.

Azərbaycanın müstəqilliyinin de-fakto tanınması barədə məlumatı Azərbaycan hökumətinə Böyük Britaniyanın Qafqazdakı səlahiyyətli nümayəndəsi O.Uordrop bildirdi. Onun yanvarın 12-də Tiflisdən göndərdyi teleqram alınan kimi Azərbaycan hökumətinin təcili iclası çağırıldı. Yanvarın 13-də bu mühüm hadisə barədə hökumət məlumatı elan edildi, yanvarın 14-nün bütün Azərbaycanda bayram günü olduğu bildirildi. Paytaxtda mitinq və nümayişlərin, Azərbaycan ordusunun hərbi paradının və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli iclasının keçirilməsi haqqında qərar qəbul edildi. Yanvarın 14-də hökumətin sədri Nəsib bəy Yusifbəylinin “Azərbaycan vətəndaşlarına” müraciəti elan olundu.

Parlamentin yanvarın 14-də keçirilən təntənəli iclasında Böyük Britaniya, Gürcüstan, Estoniya və Polşanın diplomatik nümayəndələri iştirak edirdilər. Təbrik nitqləri, müstəqilliyin tanınması ilə bağlı təbrik teleqramları dinlənildi. İclasın sonunda ədliyyə naziri Xəlil bəy Xasməmmədov Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə amnistiya elan etmək haqqında hökumətin qərannı oxudu. Azərbaycan istiqlalının Ali Şura tərəfindən tanınması Gəncədə də təntənəli şəkildə bayram edildi. Bu münasibətlə Azərbaycan mətbuatında xeyli yazılar dərc olundu. “Azərbaycan” qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması ilə əlaqədar xəbər və materialları dərc edilən 24 yanvar 1920 il tarixli 12-ci sayı “Müstəqil Azərbaycan” adı ilə çıxmışdı. Bolşevik mətbuatı isə Azərbaycanın müstəqilliyinin tanınmasını imperialist dövlətlərin qəsbkarlıq planları kimi qiymətləndirirdi. Müstəqilliyin de-fakto tanınması haqqında Azərbaycan nümayəndələrinin Parisdən gön¬dərdikləri məlumat yanvarın 18-də alındı.

Azərbaycanın müstəqilliyinin Antanta Ali Şurası tərəfindən de-fakto tanınması Azərbaycan diplomatiyasının, xüsusən də Əlimərdan bəy Topçubaşov başda olmaqla, Paris Sülh Konfransındakı Azərbaycan nümayəndəliyinin uğurlu fəaliyyətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin bərpası baxımından çox əhəmiyyyətli hadisə idi.

Müstəqilliyin tanınması beynəlxalq aləmdə Azərbaycana marağın artmasına təkan verdi.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. II cild. - Bakı : Lider nəşriyyat, 2005. - 472 s. 
  2. Hacıyev, Fərhad. Əlimərdan bəy Topçubaşov: monoqrafiya / F. Hacıyev; AMEA Fəlsəfə İnstitutu.- Bakı: Şərq-Qərb, 2018.- 168 s.
  3. Azərbaycan Paris Sülh Konfransında: 1919-1920 / tərc., tərt. V. M. Quliyev.- Bakı: Ozan, 2008.- 244 s.
  4. Topçubaşov, Əlimərdan bəy Ələkbər oğlu. Paris məktubları: Azərbaycan Xalq Cümhuriyyəti Sülh Nümayəndə Hey'əti sədrinin Azərbaycan Hökumətinə mə'lumatları: mart 1919- noyabr 1919 / Ə. Topçubaşov; tərc., tərt. V. Quliyev, red. Ə. Həsənov.- Bakı: Azərnəşr, 1998.- 119 s.
  5. Topçubaşı, Əlimərdan bəy Ələkbər oğlu. Azərbaycan Cümhuriyyətinin yaradılması / Ə. Ə. Topçubaşı.- Bakı: Təknur, 2013.- 55 s