Əsədullayeva Ümmülbanu Mirzə qızı (Banin) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı olub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 16 yanvar 1905-ci ildə anadan olub.
Banın dünyaya gələrkən anasını itirdiyindən üç bacısı Kövsər, Suriyə və Kübra ilə dayənin himayəsində qalmış, xarici mürəbbiyə tərəfindən tərbiyə olunmuşdur. Oktyabr inqilabı və sovet quruluşu onlara doğma yurd-yuvalarında yaşamağa imkan verməmiş, əvvəlcə Türkiyəyə, oradan da 1924-cü ildə Parisə mühacirət etimişlər.
Banin Parisdə maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. Tədricən Banin Parisin ədəbi dairələrinə daxil olur və rus mühacir yazıçıları arasında məşhurlaşır. Burada onun tanışları arasında filosoflar Berdyaev, Şestov, Losski, şair və yazıçılar V. İvanov, M. Tsvetaeva, K. Balmont, İ. Severyanin, İvan Bunin, Teffi, Remizov, Merejkovski və həyat yoldaşı Z. Gippius, Kuprin, Zaitsev, Adamoviç olmuşdur. Fransız dostlarının məsləhəti ilə Banin öz xatirələrini yazmağa başlayır. Baninin inqilabdan əvvəlki dövrdə Azərbaycanda baş verən hadisələrdən və cəmiyyətin bütün təbəqələrini əhatə edən ictimai-siyasi fəlakətdən bəhs edən ilk romanı “Nami” o qədər də uğurlu alınmamışdı. Lakin bu, Banini dayandırmadı, və o 1945-ci ildə adını fransız oxucusuna tanıtdıran "Qafqaz günləri" romanını nəşr etdi. Bu romanda onun uşaqlığının ağlı-qaralı xatirələri əks olunurdu. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yunger kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungerlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yunger haqqında kitab yazır. Sonra yazdığı “Paris günləri” (1947), “Ernst Yungerlə görüş” (1951), “Mən opiumu seçdim” (1959), “Sonra” (1961), “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu kütləsi qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.
Banin Fransada təkcə maraqlı romanlar müəllifi kimi deyil, həm də mahir tərcüməçi kimi tanınmışdır. O, Dostoyevskinin “Özgə arvadı” əsərini, Tatyana Tolstayanın “Xatirələri”ni ruscadan, Ernst Yungerin “Sülh” romanını alman dilindən, Qreqori Martonun “Dostum Billizar” və V.T.Vandın “Sen Polun həqiqətən dedikləri” (1971) əsərini ingilis dilindən fransızcaya çevirmişdir.
Azərbaycan xalqının ağır günlərində Banin Fransanın “Le Monde” qəzetində (20 yanvar 1990-cı il) “Dağlıq Qarabağ” başlıqlı məqalə ilə çıxış edib. Banin bu məqaləsində Qarabağ, XIX əsrin əvvəllərində İran və Türkiyə ilə müharibə nəticəsində çar hökuməti tərəfindən Azərbaycan torpaqlarına köçürülmüş ermənilər haqqında məlumat verir. O, ermənilərin Azərbaycan torpaqlarına çoxdankı iddialarından, daşnakların bolşeviklərlə əlaqələrindən və onların Azərbaycan xalqına qarşı birgə hərəkətlərindən danışır.
Banin 1992-ci il oktyabrın 29-da vəfat etmişdir. Həmin gün Parisdə çıxan “Fiqaro” qəzetində yazıçının ölüm xəbəri “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib” başlığı altında dərc edilmişdi.
Tövsiyə edilən ədəbiyyat: