Tarixdən səhifələr

Azərbaycan-Çexiya diplomatik münasibətləri

Azərbaycan müstəqillik qazandıqdan sonra Çexiya Respublikası ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu ölkənin Avropa siyasi arenasında özünəməxsus imkanlarını nəzərə alaraq münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə xüsusi diqqət yönəldilib.

Çexiya Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il 8 yanvar tarixində tanıyıb və ölkələrimiz arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 29-da qurulub. Azərbaycanın Çex Respublikasındakı səfirliyi 15 avqust 2007-ci ildə, Çex Respublikasının isə Azərbaycandakı səfirliyi 1 dekabr 2009-cu ildə təsis edilib.

Azərbaycan Respublikasının Milli Məclisində 2011-ci il 8 aprel tarixində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Çexiya Respublikası Parlamentinin aşağı palatası olan Deputatlar Palatasında 2011-ci il 19 iyul tarixində Çexiya-Azərbaycan Parlamentlərarası dostluq qrupu təsis edilib. Çexiya Respublikası Parlamentinin yuxarı palatası olan Senatda 2012-ci il 24 may tarixində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb. Sözügedən qrup Deputatlar Palatasında fəaliyyət göstərən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkib hissəsidir.

Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərib. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verir.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında 29 sənəd imzalanmışdır. Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana rəsmi səfəri çərçivəsində 15 sentyabr 2015-ci ildə “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.

Çexiyanın ticarət tərəfdaşları arasında Azərbaycan böyük potensiala malikdir. İki ölkə arasında ticarət dövriyyəsi də hər il böyük həcmdə artır. Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və s. sahələrdə 26 çex kapitallı şirkət fəaliyyət göstərir. Çexiya tərəfindən ölkəmizə əsas kapitala 1,3 mlrd. dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 mlrd. manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88%-dən çoxu Azərbaycanın payına düşür. Ölkələrimiz maşınqayırma, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər.

Azərbaycan Çexiyaya xam neft ixrac edir. Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni - təxminən 30 faizi təşkil edir. Çex iş adamları da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin birinci mərhələsinə sərmayə qoyublar.

Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələr “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası Vergilər Nazirliyi və Çexiya Respublikası Maliyyə Nazirliyi arasında Vergi Administrasiyasının fəaliyyəti sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Çexiya Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” və müqavilələrlə tənzimlənir.

Azərbaycanla Çexiya arasında humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir. 2007-ci il 20-29 iyul tarixlərində Çexiyanın Uherske Hradişte şəhərində 33-cü Yay Film məktəbi keçirilib. Tədbirdə Qafqaz filmi günləri çərçivəsində “Şərikli çörək”, “Özgə həyat”, “Nəsimi”, “Ailə”, “Xram Vozduxa”, “Üç qız”, “Neft” və s. filmlər nümayiş etdirilib. 2009-cu il 23 sentyabr tarixində Bakıda keçirilmiş “Şərq-Qərb” beynəlxalq film festivalında çex rejissoru, “Oskar” mükafatçısı Y.Sverak iştirak edib. Tədbirdə Çexiyanın Moraviya folklor musiqi ansamblı çıxış edib. 2012-ci il 30 may tarixində Praqa Qalasında azərbaycanlı cazmen Şahin Növrəslinin kvartet konserti keçirilib. 2014-cü il ın 27 noyabr tarixində Praqadakı Çexiya Milli muzeyinin binasında “Azərbaycan - Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin təntənəli açılış mərasimi keçirilib. 2019-cu il 11 aprel tarixində Çexiyanın Ostrava Universitetinin Fəlsəfə fakültəsində Azərbaycanın Çexiyadakı səfirliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib.

Azərbaycan və Çexiya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.


Tövsiyə edilən ədəbiyyat:

  1. Məmmədov, Habil Nurkişi oğlu. Slavyan ölkələri tarixi : uzaq keçmişdən XX əsrin 20-ci illərinədək: dərs vəsaiti / H. N. Məmmədov ; elmi red. T. Ş. Baxşəliyev ; Bakı Slavyan Universiteti. - Bakı : Elm və təhsil, 2020. - 676 s.
  2. Azərbaycan 2013-2003 : əsrə bərabər illər. Xarici siyasət : ikitərəfli və çoxtərəfli münasibətlər - beynəlxalq inteqrasiya və ölkənin nüfuzunun güclənməsi. - Bakı : Şərq-Qərb, 2013. - 256 s.
  3. Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikasının tarixi : 1991-2021: 2 cilddə / M. C. Qasımlı ; elmi red. İ. X. Zeynalov ; Bakı Dövlət Universiteti. - ISBN 978-9952-546-20-0. II cild : 2003-2021. - Bakı : BDU nəşriyyatı, 2021. - 520 s.
  4. Шарый, Андрей. Чешское время : большая история маленькой страны: от святого Вацлава до Вацлава Гавела / А. Шарый. - М. : КоЛибри : Азбука-Аттикус, 2022. - 592 с.