Tarixdən səhifələr

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının premyerası

Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ilk operası olan «Leyli və Məcnun» 1908-ci ildə yaranmışdır. Bu, həm Azərbaycanda, həm də bütün Şərqdə ilk opera idi. Bununla Ü. Hacıbəyli XX əsrin əvvəllərində Azərbaycanda pəşəkar bəstəkarlıq sənətinin təməl daşını qoydu.

«Leyli və Məcnun» Ü. Hacıbəylinin yaradıcılıq yolunun ilk mərhələsi, həm də musiqi sənətində fəth etdiyi ilk zirvə idi.

«Leyli və Məcnun» operası XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasına əsaslanır. Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, «Leyli və Məcnun» poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər.

Buna görə də Ü. Hacıbəyli dərindən bildiyi, uşaqlıqdan qanına, canına hopduğu, melodikasını, lad quruluşunu gözəl mənimsədiyi muğamlardan və xalq musiqi nümunələrindən istifadə etmişdi. Bütün bunları o, müəllif konsepsiyası ilə əsaslandırmışdı.

«Leyli və Məcnun» operasının premyerası 1908-ci ildə yanvarın 12-də (yeni təqvimlə yanvarın 25-də) Bakıda Hacı Zeynalabdın Tağıyevin teatrında (indiki Musiqili Komediya Teatrının binasında) olmuşdu. Tamaşanın iştirakçıları xanəndələr, dram aktyorları və sadəcə musiqi həvəskarları idi. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq Əbdülrəhim bəy Haqverdiyev idi. Sonrakı tamaşalarda isə Ü. Hacıbəyli özü və onun yaxın dostu və məsləkdaşı bəstəkar Müslüm Maqomayev dirijorluq etmişlər. Tamaşanın bədii tərtibatında tanınmış publisist, rəssam və ictimai xadim Əli bəy Hüseynzadənin rolu olmuşdur. İlk tamaşanı müşayiət edən orkestr bir neçə musiqiçidən – Ü. Hacıbəylinin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini isə ustad tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Məcnun rolunun ilk ifaçısı görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski olmuşdur. Bu rolu o, elə böyük məharətlə yaratmışdı ki, tamaşadan sonra hamı onu «Məcnun» deyə çağırırdı. Sonralar bir çox görkəmli xanəndələr Məcnun rolunda çıxış etmişlər. Onlardan Əliövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Əbülfət Əliyev, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Mənsum İbrahimov və başqaları öz təkrarolunmaz ifa üslubu və bu rolun, yaddaqalan təfsiri ilə opera teatrının inkişaf tarixində parlaq iz qoymuşlar.

Leyli rolunun ifaçısını tapmaq isə o dövrdə çox çətin idi. Çünki XX əsrin əvvəllərində müsəlman qadınlarının səhnəyə çıxmasına yol verilmirdi. Buna görə də teatrda qadın rollarını kişilər ifa edirdi. Bu səbəbdən də ilk tamaşada Leyli rolunun ifası məlahətli səsə malik olan və muğamları yaxşı bilən Fərəcov soyadlı bir gəncə tapşırıldı. Sonralar isə Leyli rolunda o dövrdə qadın rollarının məşhur ifaçısı kimi tanınmış Əhməd Ağdamski çıxış etmişdir. Yalnız, bir çox illər ötdükdən sonra (1920-30-cu illərdə) səhnədə qadın xanəndələr Azərbaycan bəstəkarlarının muğam operalarında çıxış etməyə başladılar.

«Leyli və Məcnun» operasının klassik anlamda partiturası yox idi. Bunu səhnədə cərəyan edən hadisələrin və vokal nömrələrin ardıcıllığını göstərən direksion – yəni ssenari planı əvəz edirdi. Burada müəllifin ayrı-ayrı not yazıları, muğamlara, ladlara dair qeydləri, dinamik işarələr haqqında göstərişləri öz əksini tapmışdı.
Operanın librettosu, klaviri və partiturası çox sonralar meydana gəlmişdir. Belə ki, əsərin librettosu 1912-ci ildə, klaviri 1959-cu ildə, partiturası isə 1983-cü ildə çap olunmuşdur.

«Leyli və Məcnun» operasının quruluşuna nəzər salsaq, burada opera dramaturgiyasına məxsus bütün komponentləri görərik: uvertüra, proloq, ariyalar, xorlar, ansambl səhnələri-duet, trio, orkestr epizodları, rəqs və s. Lakin mövcud Avropa opera formasından fərqli olaraq, burada klassik ariyaları muğam söbələri əvəz edir. Xor və ansambl səhnələrində, orkestr epizodlarında xalq musiqi nümunələrindən böyük bacarıqla istifadə olunmuş, onlar bəstəkarın yaratdığı musiqi parçaları ilə üzvi surətdə qovuşmuşdur.

Ü. Hacıbəyli operada bütün muğam şöbələrinin adlarını və poetik mətnini ardıcıllıqla qeyd etmiş, onların səsləndirilməsini isə rolları ifa edən xanəndələrə həvalə etmişdi. Bu, bir daha sübut edir ki, muğam kimi şifahi ənənəli peşəkar musiqinin yaradılmasında və ifa olunmasında xanəndələrin xidməti əvəzsizdir. O cümlədən, «Leyli və Məcnun» muğam-operasının ərsəyə gəlməsində də xanəndələrin ifaçılıq məharəti mühüm əhəmiyyətə malikdir.

Üzeyir dühası ilə canlandırılan «Leyli və Məcnun» yaşayır və Azərbaycan milli operasının inkişaf yolunu işıqlandırır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Üzeyir Hacıbəyli ensiklopediyası / E. Abbasova [et al.] ; red. heyəti: E. Abbasova [et al.] ; Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu. - Bakı : Şərq-Qərb, 2008. - 239 s.
  2. Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri. İki cilddə. 1 cild. Bakı, "Şərq-Qərb", 2005, 408 səh.
  3. Узеир Гаджибеков : энциклопедия / Э. А. Абасова [и др.] ; гл. ред. Н. Ибрагимов ; редкол.: В. Адыгезалов [и др.]. - Баку : Изд-во Азербайджан, 2003. - 292 с.