Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda anadan olub.
Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. Uşaqlıq illəri Bakıda, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin özündən 18 yaş kiçik bacısı da olub. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Əli Bayramov klubundakı qadınlar dərnəyinin (Mərkəzi Kəndlilər Evi) tibb məntəqəsində tibb bacısı (sonralar direktor müavini) işləyən Bikə xanım böyük qızı Leylanı bu dərnəyin rəqs bölməsinə yazdırıb. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olub. Leyla həmin klubda aktrisalıq edən Ceyran Bayramova, Ayna Sultanova, Hökümə Sultanova kimi sənətkarların məşqlərini böyük heyranlıqla izləyib. 8 yaşlı kiçik Leylanın səhnəyə olan marağını görən dərnəyin rejissoru Əlisəttar Babayev ona ilk rolu olan «Coşqun» tamaşasında Coşqunun bacısı obrazında çıxış etməyi tapşırır.
L.Bədirbəyli kino sənətinə də çox erkən başlayıb. O ilk dəfə özünü kino aktrisası kimi sənədli filimlərin məşhur operatoru Dziqa Vertovun «Lenin haqqında üç mahnı» sənədli filmində pioner qız rolunda sınayır. İkinci çəkildiyi film isə ilk qadın rejissor Qəmər Salamazadənin çəkdiyi “Dəcəl dəstə” filmi olub.
1940-cı ildə gənc Leyla Bədirbəyli, ilk profesionnal film sahəsində əsaslı addım ataraq Ənvər Məmmədxanlının “Ayna” filmində rejissor Hüseyin Seyidzadə tərəfindən baş rola dəvət alır.
1937-1942-ci illər ərzində Leyla Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti kimi çalışır. Gənc solist bu ansamblda «Naz eləmə», «Tərəkəmə» və bir çox rəqsləri məharətlə ifa edib. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən” rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə “Ayna” filmindən sonra “Bakının işıqları” filminə çəkilib.
1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. 1942-ci ildən başlayaraq Leyla Bədirbəyli həm kinoda, həm teatrda, həm də radioda işləyir. Mirzə İbrahimovun “Məhəbbət” pyesində Zəhra obrazı onun teatrda oynadığı ilk profesional rolu olur. Bunun ardınca teatr səhnəsində «Pəri cadu» tamaşasında Pəri, «Vaqif» də Gülnar və Xuraman, «Xanlar» da Mehriban, «Solğun çiçəklər» də Sara, «Almaz» da Almaz, «Şərqin səhəri» ndə Dilarə, «Xoşbəxtlər» də İncə, «Əliqulu evlənir» də Qumral, «Kəndçi qızı» nda Göyərçin, «Şeyx Sənan» da Zəhra, «Uzaq sahillərdə» Anjelika, «Otello» da Dezdemona, «Canlı meyit» də Liza və digər baş rolları ifa edib.
1945-ci ildə Leyla Bədirbəylinin həyatı xüsusilə əlamətdar olub. O, Üzeyir Hacıbəylinin «Arşın mal alan» filmində Gülçöhrə roluna seçilir. O bu rola 50 dən çox aktrisanın içindən seçilərək təsdiq olunub. «Arşın mal alan» qısa vaxt ərzində dünya şöhrəti qazanır və dünyanın bir çox xalqları müsəlman şərqində ilk opera əsərinin bəstəkarına sehrli musiqisinə, mənalı yumoruna valeh olurlar. «Arşın mal alan» filminə görə yaradıcı qrup, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı) layiq görülür. Film yaradıcı heyətə, o cümlədən Gülçöhrə rolunda çəkilən Leyla Bədirbəyliyə böyük şöhrət gətirir. Aktrisa yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən məktublar alıb. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə film restavrasiya edilib və rəngli versiyaya keçirilib.
Uzun müddət kinostudiyada çalışan L. Bədirbəyli “Dəli Kür”, “Sevil”, “Görüş”, “Onun böyük ürəyi”, “Kişi sözü”, “Dərviş Parisi partladır” və bir çox filmlərində çəkilib. O, 50-yə yaxın bədii, televiziya bədii, qısametrajlı bədii filmlərdə çəkilib, öz yaradıcılığında həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların bədii obrazlarını təcəssüm etdirib. L. Bədirbəyli milli teatr və kinodakı fəaliyyəti ilə uzun illər «Azərbaycanfilm» kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı gənclərin inkişafına kömək edib, Azərbaycan incəsənətinə, mədəniyyətinə öz yaradıcılıq töhfəsini verib.
Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakar xidmətinə, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi - əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirdiyinə görə «İstiqlal» ordeni ilə təltif edilib. Prezident İlham Əliyev 2019-cu il dekabrın 29-da ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilməsi haqqında Sərəncam imzalayıb.
Öz sələflərinin ənənələrini uğurla davam etdirən, Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış istedadlı sənətkar, Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Tövsiyə edilən ədəbiyyat: