İnsanlar həmişə informasiya almağa can atıblar. Onlar gorüb - eşitdiklarini bir-birinə danışır, beləliklə də hər hansi xəbər az müddətdə geniş yayılırdı. İnformasiyaların bu cür ötürülməsində carçılardan, tacirlərdən, səyyahlardan, elçilərdən, hətta göyərçinlərdən istifadə olunurdu. İnformasiyaların çoxalması, həm də ona olan marağın getdikcə artması gipsdən hazırlanmış informasiya lövhələrinin yaranmasına gətirib çıxardı. Belə lövhələr qədim Romada Yuli Sezarın göstərişi ilə hazırlanırdı. Onun tapşırığı ilə hazırlanmış lövhələrdə “Asta senatus” və “Asta diurna populi Romani” adlı məlumatlar toplusu uzun illər fəaliyyət göstərmişdir.
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflisdə doğulmuşdur. Siyasi və dövlət xadimi, publisist alim. İlk təhsilini I Tiflis gimnaziyasında almışdır. 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Pеtеrburq Univеrsitеtinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci sеmеstrdən sonra o, hüquq fakültəsinə kеçmişdir. 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq еlmləri namizədi adını almışdır. Universitetdən sonra Ə. Topçubaşov Tiflisdə hakim köməkçisi, vəkil işləmiş, Bakıda publisistika ilə məşğul olmuşdur. 1898-ci ildə "Kaspi" qəzetini alaraq ona rəhbərlik etmişdir.
Hənifə Məlikova-Zərdabi (Hənifə Aslanbəy qızı Abayeva) 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçik şəhərində anadan olub. Təhsilini Tiflisdə “Müqəddəs Nina” qız məktəbində alıb. Hənifə xanım Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən olan Həsən bəy Zərdabi ilə ailə qurub. Onların tanışlığının maraqlı tarixçəsi var. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra Hənifə xanım Abayevanın adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir.
İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olmuşdur. Atası Paşa ağa 1864-cü ildə vəfat etmişdir. İbrahim ağa Vəkilov 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olur. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim ağa Vəkilov Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır.
Faşist Almaniyası 1939-cu il sentyabrın 1-də Polşaya hücum etdi. Bir gün sonra İngiltərə və Fransa hökumətləri Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Almaniya Sovet İttifaqı ilə 1939-cu il 23 avqust tarixli müqaviləni pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. “Barbarossa planı” na görə, alman ordusu qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi. Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Onun sərvətləri, strateji və geosiyasi mövqeyi faşistlərın diqqətini cəlb edirdi. Almaniya Bakı neftindən istifadə etməklə bütün Şərqi istila edəcəyinə böyük ümidlər bəsləyirdi.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olub. Burada ibtidai təhsil alıb. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb edib. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi – “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərib (1908-1918). İlk şeirlərini, “Anan harda?” poemasını tələbəlik dövründə qələmə alıb. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənib. Türkiyədə “Müstəqil tatar Krımı” ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti”nin yaradıcılarından və rəhbərlərindən olub.
17 may bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu ümumbəşəri tarixin qeyd olunması Beynəlxalq Teleqraf İttifaqının əsasının qoyulması ilə bağlıdır. 1865-ci ilin may ayının 17-də Parisdə həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartların müəyyən edilməsi məqsədilə Beynəlxalq Teleqraf İttifaqının əsası qoyulub və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlandırılıb. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Muzeylərin Beynəlxalq Şurası (ICOM) 1946-cı ildə yaradılıb. Bu gün keçmişin və gələcəyin maddi və qeyri-maddi, təbii və mədəni irsin qorunması və təbliğatı fəaliyyətini aparan muzeylər və muzey peşəkarlarını təmsil edən bir dünya təşkilatıdır. ICOM-a 138 ölkədən 45000 üzv daxildir.
Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi.
Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (Əfəndizadə) 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən almışdır. Rəşid bəy Əfəndiyev 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmişdir. O bu məktəblərdə hesab, coğrafiya, tarix, fizika, kimya elmlərini öyrənmiş, rus və Avropa yazıçılarının yaradıcılığı ilə tanış olmuşdur. 1879-cu ildə Rəşid bəy Əfəndiyev Cənubi Qafqaz (Qori) Müəllimlər Seminariyası nəzdində yenicə açılmış Azərbaycan şöbəsinə daxil olur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Müstəqillik Günü kimi təntənə ilə qeyd edilir. 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, əlillərin hüquqlarının müdafiəsi, onların sağlamlığının qorunması istiqamətində də ardıcıl tədbirlər görülüb, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb.
8 may Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü, Qırmızı Xaç Təşkilatının təşəbbüskarı isveçrəli yazıçı, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib. Qırmızı Xaç Hərəkatının banisi, Solferino döyüşünün dəhşətlərindən təsirlənən Anri Dünan Fransa və Avstriya arasında 1859-cu ildə baş vermiş Salferino döyüşünün şahidi olur. O burada qalaraq 40 min yaralıya yerli kəndlilərlə birlikdə yardım edir. İsveçrəyə qayıdan Anri Dünan 1862-ci ildə özünün “Solferino Xatirələri” adlı kitabında döyüşün ağır nəticələrindən bəhs edən kitab yazır.
Xosrov Paşa bəy Sultanov 1879-cu il, may ayının 10-da Zəngəzur mahalının Kürdhacı kəndində anadan olub. Gəncə gimnaziyasında oxumuş, Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir (1903). Vətən tarixini, ədəbiyyatını və mədəniyyətini sevən ziyalılardan olan Xosrov bəy Şuşadakı evlərindən birini Şərq kitabxanası adlandırmış, quberniya işçilərinə Şərq xalqlarının tarix və mədəniyyətindən mühazirələr oxumuşdur. Xosrov bəy Sultanov 1917-ci ildə "Müsavat" partiyasına daxil olmuş, Rusiya Müəssislər Məclisinə deputat seçilmişdir. 1918-ci ildə "İttihad" partiyasına keçmişdir. 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.
Xarıbülbül Musiqi Festivalı — Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdı. Festivalın keçirildiyi məkan kimi Şuşa şəhərinin seçilməsi heç də təsadüfi deyil. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Xarıbülbül Beynəlxalq Folklor Festivalının missiyası: Milli mədəni ənənələri canlandırmaq və qorumaq; Müxtəlif xalqların yaşayıb yaratdığı Azərbaycanın multikultural mühitini nümayiş etdirmək.
Metrologiyanın insan fəaliyyətinin bütün sahələrində, eləcə də dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Metrologiya ölçmə haqqında elmdir. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmənin nəticələrindən istifadə edilməsin. İctimai əməyin təqribən 15%-i ölçmələrin yerinə yetirilməsinə sərf olunur. Dünyada hər saniyə milyardlarla ölçmə əməliyyatları yerinə yetirilir. Onların nəticələri buraxılan məhsulun keyfiyyətinin və texniki səviyyəsinin təmin edilməsində, nəqliyyatın təhlükəsiz və qəzasız işləməsində, tibbi və ekoloji diaqnozların əsaslandırılmasında, məlumat axınlarının analizində geniş istifadə edilir.
Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmiş, ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir. Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir – bir halda milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq göstərir, üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəlkə də tamamilə yox olur.
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının peşə bayramıdır. Nazirlik ölkəmiz müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə yaradılıb. ETSN əməkdaşlarının peşə bayramı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə təsis edilib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib.
25 May Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü (International Missing Children’s Day) ilk dəfə ABŞ-da qeyd olunub. 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan bu günün milli səviyyədə qeyd edilməsi haqda göstəriş verib. 25 may gününün təsis edilməsinə səbəb, 1981-ci ildə Florida ştatının Hollivud şəhərindəki ticarət mərkəzinlərindən birində altı yaşlı Adam Uolşun oğurlanması, öldürülməsi və 1979-cu ildə Amerika ştatlarından birində altı yaşlı İtan Patsin oğurlanması kimi hadisələrə görə yaradılıb. Peşəkar fotoqraf olan Evianın atası oğlunun fotoşəkillərini “İtkin uşaq” başlıqlı flayerlər və süd qutuları üzərində çap etmək üçün düzəldir.
Azərbaycanda Dövlət Himninin yaradılması sahəsində ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dövründə edilmişdir. AXC hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, dövlət himnimizin yaradılması sahəsində də müəyyən qərarlar qəbul edilmiş, müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-20-ci illərdə hazırlansa da, о dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin 14 noyabr 1919-cu il tarixli sayında Xalq Maarif Nazirliyi tərəfindən hökumətə milli himnin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi təkliflərin təqdim edildiyi xəbər verilir.