Tarixdən səhifələr

“Azərbaycan” jurnalının nəşrə başlanması

XX əsrin 20-ci illərində yeni ədəbi əsərlərin daha geniş oxucu auditoriyasına çatdırılması üçün irihəcmli mətbu orqana ehtiyac yarandı. Bu ehtiyacın zərurəti və maarifin işlərinə, ədəbiyyatın, incəsənətin inkişafına kömək etmək məqsədi ilə Azərbaycan Xalq Maarif Komissarlığının 14 oktyabr 1922-ci il tarixli kollegiya iclasının qərarı ilə 1923-cü il yanvar ayının 28-də “Maarif və mədəniyyət” (sonralar “Azərbaycan”) jurnalı nəşrə başlayır. Jurnal Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov, Maarif komissarı Mustafa Quliyev,  onun müavini Tağı Şahbazi (Simurq), maarif xadimləri və ədiblərin təşəbbüsü ilə yaranmışdı.

“Maarif və mədəniyyət” jurnalının ilk sayı 36 səhifə həcmində işıq üzü gördü. Jurnalın redaksiyası indiki Sabir bağının yaxınlığında Maarif Evində yerləşirdi. Jurnalın ilk redaktoru görkəmli ədib Tağı Şahbazi Simurq idi.

“Maarif və mədəniyyət” jurnalın nəşri 1924-cü ildə 8-ci sayından sonra dayandırıldı. Jurnalın bir ilə yaxın çıxmamasının səbəbi respublikada iqtisadi vəziyyətin ağırlığı, maliyyə vəsaitinin, kağız ehtiyatının və mətbəə avadanlığının çatışmaması ilə bağlı idi. Müvəqqəti çətinlik on aydan sonra aradan qaldırıldı və jurnal 1925-ci ilin iyulundan nəşrini bərpa etdi. Redaksiya heyətinə Abdulla Şaiq, Bəkir Çobanzadə, Əhməd Pepinov kimi pedaqoq, yazıçı və jurnalistlər daxil edildi.

1926-cı ilin oktyabrında “Maarif və mədəniyyət” jurnalı Xalq Maarif Komissarlığı ilə Qızıl Qələmlər İttifaqının rəsmi orqanı oldu.

Azərbaycan Yazıçılar Birliyinin fəal mətbu orqanı olan və şərəfli yol keçmiş “Azərbaycan” jurnalının adı ictimai-siyasi və ədəbi-mədəni həyatda baş verən hadisələrlə əlaqədar olaraq 6 dəfə dəyişdirilib. “Maarif və mədəniyyət” (1923-1927), “İnqilab və mədəniyyət” (1928-1936), “Revolyusiya və kultura” (1936-1941), “Vətən uğrunda” (1941-1946), “İnqilab və mədəniyyət” (1946-1952), “Azərbaycan” (1953 ildən bu günə qədər) adları altında çap olunmuşdur.

Müxtəlif illərdə Tağı Şahbazi (Simurq) (1923-1924), Cəlil Məmmədzadə (1924-1926), Ruhulla Axundov (1927-1928), Mustafa Quliyev (1929-1931), Müseyib Şahbazov (1932-1933), Hacıbaba Nəzərli (1934), Məmmədkazım Ələkbərli (1934-1936), Mirzə İbrahimov (1938-1941), Məmməd Arif (1942-1945), Mehdi Hüseyn (1946-1950; 1954), Əbülhəsən Ələkbərzadə (1952-1953), Əli Vəliyev (1954; 1958-1959), Əhməd Cəmil (1959-1960), Qılman Musayev (1963-1966), Cəlal Məmmədov (1966-1975), İsmayıl Şıxlı (1976-1978), Əkrəm Əylisli (1978-1983), Cabir Novruz (1984-1987), Yusif Səmədoğlu (1987-1997), İntiqam Qasımzadə (1998-dən indiyə qədər) jurnalın redaktorları olmuşdular.

“Azərbaycan” nəşrə başladığı ilk illərdən öz səhifələrində müasir və klassik ədəbiyyatın gözəl nümunələrini, ədəbi-tənqid və ədəbiyyatşünaslığa aid məqalələr, incəsənətin bütün sahələrini əhatələyən yazılar dərc edib. Jurnalda C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, Y.V.Çəmənzəminli, C.Cabbarlı, T.Ş.Simurq, S.Vurğun, R.Rza, M.Hüseyn, H.Abbaszadə, S.Rüstəm kimi görkəmli şair və yazıçıların əsərləri ilə yanaşı, dövrün gənc qələm sahiblərinin də yaradıcılığına yer vermiş, yeni ədəbi qüvvələrin formalaşmasına yardım etmişdir.

Jurnalda həmçinin rus və dünya ədəbiyyatı klassiklərindən Herodot, Homer, Sofokl, Esxil, Firdovsi, Ömər Xəyyam, V.Hüqo, E.Zolya, A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqol, L.N.Tolstoy, A.P.Çexov, A.M.Qorki, R.Taqor, R.Rollan və digər böyük sənətkarların həyatı, yaradıcılığı ilə yanaşı, onların əsərlərinin tərcüməsi çap olunurdu.

“Azərbaycan” jurnalının müstəqillik dövründəki fəaliyyəti bu ədəbi orqanın çoxillik ömür yolunun ən şərəfli səhifələridir. “Azərbaycan” jurnalı bütün janrlar üzrə yeni tarixi epoxanın ən yaxşı əsərlərinə geniş yer verməklə müstəqillik dövrü ədəbiyyatımızın formalaşması və inkişafına məsuliyyətlə xidmət edir.

“Azərbaycan” jurnalı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının güzgüsü və əsas hərəkətverici qüvvələrindən biridir. Jurnalı müasir Azərbaycan ədəbiyyatının obyektiv mənzərəsini çox dolğun şəkildə əks etdirir. Bu mənada “Azərbaycan” jurnalı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının simasıdır.

“Azərbaycan” jurnalında ölkəmizdə müasir ədəbi prosesin bütün inkişaf meyllərini və istiqamətlərini görmək mümkündür. Bununla belə, jurnal formal eksperimentlərin yox, artıq yaşamaq haqqı qazanmış böyük ədəbiyyatın möhtəşəm toplusudur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Aşırlı, Akif.  Azərbaycan mətbuatı tarixi / A. Aşırlı. II hissə : 1920-1990 / elmi red. C. Məmmədli. - Bakı : Elm və təhsil, 2010. - 227 s.
  2. Quliyeva, Qərənfil Dünyamin qızı. Mətbuat - nicat yolu : elmi-publisistik və bədii məqalələr toplusu / Q. D. Quliyeva ; elmi red. Ş. Q. Vəliyev. - Bakı : ADPU nəşriyyatı, 2013. - 291 s.
  3. Azərbaycan mətbuatı tarixi: dərslik / tərt.-red. A. Şahverdiyev. - Bakı : Təhsil EİM, 2006. - 252 s.
  4. Azərbaycan mətbuat tarixi antologiyası / red. heyəti: Ə. Həsənov, V. Səfərli, Ə. Ə. Amaşov, tərt., elmi red.: Ş. Q. Vəliyev, N. Q. Yaqublu. I cild. - Bakı : Elm və təhsil, 2010. - 440 s.
  5. Mətbuat tarixi və publisistika məsələləri / İ. Ə. Həbibbəyli [et al.] ; tərt. A. H. Rüstəmli ; elmi red. İ. Ə. Həbibbəyli. - Bakı : Ozan, 2016. - 184 s.