Yaqubov Əhəd Ələkbər oğlu 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. Ə.Yaqubov 1941-ci ildə “Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” mövzusunda dissertasiya müdafiə etmiş, geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsinə, eləcə də 1942-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. 1947-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) həqiqi üzvü, akademik-katibi seçilmişdir.