Tarixdən səhifələr

“İstiqlal” - Azərbaycan siyasi mühacirlərin ictimai-siyasi qəzetinin ilk nomrəsinin nəşri

"İstiqlal" - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Vətəni tərk etməyə məcbur olan Azərbaycan siyasi mühacirlərinin 1932-34-ci illərdə Almaniyanın Berlin şəhərində Azərbaycan dilində nəşr etdirdiyi ictimai-siyasi qəzetdir. İlk nömrəsi 1932-ci il yanvarın 10-da buraxılmışdı. "İnsanlara hürriyyət! Millətlərə istiqlal!" şüarı ilə nəşr olunan qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. “İstiqlal” 10 gündən bir nəşr edilirdi.

“İstiqlal”da çap edilən əsasən bu rubrikalar altında verilirdi: 1) “Son poçta”; 2) “İstiqlalçılar cəbhəsində”; 3) “Məlumatlar”; 4) “Azərbaycanda” və s. “İstiqlal” qəzetində M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, M. Mehdiyevin daha çox Azərbaycanın istiqlalı, daxili vəziyyəti və beynəlmiləl həyatla bağlı yazılar nəşr edilirdi.

Sovet hökumətinin dəfələrlə təkidli tələbləri nəticəsində Türkiyə Cümhuriyyəti hökuməti öz ərazisində fəaliyyət göstərən Azərbaycan siyasi mühacirətinə qəzet və jurnalların nəşrini qadağan etməyə məcbur olduğundan Azərbaycan mühacirətinin rəhbəri M.Ə.Rəsulzadə bu məqsədlə fəaliyyət mərkəzini Almaniyaya-Berlinə köçürmüşdü. O, "İstiqlal" qəzetinin 1-ci nömrəsində dərc etdirdiyi "Qısılmayan bir səs" adlı baş məqaləsində bu münasibətlə yazırdı: "Türkiyə Cümhuriyyəti hökumətinin qərarı ilə İstanbulda nəşr edilən "Odlu yurd", "Azəri-Türk", "Yeni Türküstan" məcmuələri ilə "Bildiriş" qəzetəsi qapanmışdır".

“İstiqlal”ın səhifələrində Azərbaycan Cümhuriyyətinin elanı, ölkənin 11-ci Qırmızı ordu tərəfindən işğalı, Bakının daşnak və ingilis qüvvələrindən azad edilməsi, ermənilərin türk-müsəlman xalqına qarşı törətdiyi soyqırımları və başqa tarixi hadisələrin ildönümü bayram və matəm günləri kimi geniş qeyd olunurdu. 1933-cü il mayın 28-də Azərbaycan istiqlanının elan olunmasının 15-ci ildönümü münasibətilə qəzetin 8 səhifəlik bayram nömrəsi tamamilə bu hadisəyə həsr olunmuşdu. Qəzetdə o dövrdə SSRİ-də, Azərbaycanın SSR-də və ümumiyyətlə, dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilməklə yanaşı, Azərbaycan tarixilə, mədəniyyət, ədəbiyyat və incəsənətinə həsr olunmuş yazılara da geniş yer verilirdi. Qəzetdə Molla Pənah Vaqif, Abbas Səhhət, Cəlil Məmmədquluzadə haqqında, Azərbaycan teatr tarixi və s. barədə sanballı məqalələr dərc olunmuşdur.

Qəzetin, demək olar ki, bütün nömrələrinin baş məqalələrini M.Ə.Rəsulzadə özü yazırdı. "İstiqlal”ın ən məhsuldar yazarlarından biri də Mirzə Bala Məmmədzadə idi. Bəzən bir nömrədə onun bir neçə məqaləsi dərc olunurdu. Qəzetin əsas müəllifləri sırasında doktor Mir Yaqub, Hilal Münşi, doktor Abdulla Cövdət və s. Bəzi məqalələri V. Nuhoğlu, Dəmərçioğlu, İsrafil kimi təxəllüsü ilə dərc edilmişdir.

“İstiqlal”ın son 64-cü nömrəsi 1934-cü il avqustun 15-də işıq üzü görmüşdür.

“İstiqlal” qəzeti Azərbaycanın bolşeviklər tərəfindən işğalının, xalqımızın istila rejiminə qarşı apardığı şərəfli mücadiləni Avropa ictimaiyyətinə çatdıran yeganə mətbuat orqanı olmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Məmmədov, Rövşən Raqif oğlu. Azərbaycan diasporu və Milli Mətbuat /R. Məmmədov ; elmi red. və ön sözün müəl. V. Arzumanlı. - Bakı: Qartal, 2004. - 168 s.
  2. Tahirli, Abid Həmid oğlu. Azərbaycan mühacirəti : tarixi, mətbuatı, mədəniyyət mərkəzləri / A. H. Tahirli ; red.: M. P. Qasımlı, V. Hüseynov. - Bakı : Tural-Ə NPM, 2001. - 344 s.
  3. Tahirli, Abid Həmid oğlu. Azərbaycan mühacirət mətbuatı / A. H. Tahirli ; red.: A. R. Rüstəmov, A. H. Rüstəmli. II hissə. - Bakı : Ozan, 2003. - 276 s.
  4. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi / A. Aşırlı. II hissə : 1920-1990 / elmi red. C. Məmmədli. - Bakı : Elm və təhsil, 2010. - 227 s.