Tarixdən səhifələr

Gəncə xanlığının işğalı

XVIII əsrin ortalarında Azərbaycanda yaranan müstəqil dövlətlərindən biri də Gəncə xanlığı idi. Xanlıq öz müstəqilliyini qorumaq üçün bir neçə dəfə Kartli-Kaxeti çarlığı və Qarabağ xanlığı ilə müharibələr aparmağa məcbur olmuş, şəraitdən asılı olaraq müəyyən vaxtda gah bu, gah da digər tərəfdən asılı vəziyyətə düşmüşdü.

1796-cı ildə general V. Zubovun başçılığı ilə Rusiya ordusu Gəncəni işğal etdi. II Yekaterinanın ölümündən sonra, 1797-ci ildə Rusiya qoşunlarını Azərbaycandan geri çağırdı.

I Pavel 1801-ci ilin yanvarında Gürcüstan çarlığının Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. O sui-qəsd nəticəsində öldürüldükdən sonra atasının yerinə hakimiyyətə gəlmiş I Aleksandırın (1801- 1825) dövründə ruslar cənubi Qafqazla bağlı işğalçılıq planlarını yenidən həyata keçirməyə başladı. P.D. Sisianovun Qafqaza baş komandan göndərilməsi ilə bu iş daha da sürətləndi.

Sisianovun hərbi-strateji planında mühüm yeri Gəncə təşkil edirdi. Sisianov Gəncəyə hücumu imkan daxilində tez başlamağa çalışırdı, çünki o bilirdi ki, Gəncə xanı Cavad xan rus himayədarlığı haqqında düşünmək belə istəmir. Öz növbəsində Cavad xan da rus qoşunlarının Gəncəyə hücumunun qaçılmazlığını dərk edirdi. Ona görə də hərbi əməliyyatların başlan¬masından xeyli əvvəl o, özünün Gürcüstan tərəfdən mövqelərini möhkəmləndirmiş, ermənilərin Rusiyaya rəğbətini bildiyindən onları sərhəddən uzaqlaşdırmışdı.

Sisianov Gəncə yürüşü üçün altı batalyondan və üç eskadrondan artıq qüvvə yığmışdır. Bunların sırasında Sevastopol alayının iki batalyonu, 17-ci yeger alayının Şəmşədildə yerləşən üç batalyonu, Qafqaz qrenadyor alayının bir batalyonu və Narva draqun alayının üç eskadronu vardı. Bu qoşunun çox hissəsi 1803-cü il noyabrın 20-də Tiflisin 15 verstliyində olan Soğanlıq kəndində yığıldı. Noyabrın 22-də Gəncə xanlığı üzərinə yürüş başlandı. Noyabrın 29-da öz qoşunu ilə Şamxora gələn Sisianov Cavad xana xəbər göndərib, Gəncə qalasının verilməsini tələb edir. Cavad xanın cavabından Sisianov başa düşür ki, o, şəhəri öz xoşuna verməyəcək və öz mülkü uğrunda axıracan mübarizə aparacaq.

Bundan sonra Sisianov qoşunlara Gəncəyə hərəkət etmək sərəncamını verir. Cavad xanla Sisianovun qoşunları arasında ilk toqquşma Gəncənin iki verstliyində, Quru-Qobu (Qulu Qobu) adlı yerdə baş verir. Tərəflər arasında baş verən qısa atışmadan sonra Cavad xan rəqibin üstün qüvvəsi qarşısında Gəncəyə tərəf çəkilməli olur. Lakin Gəncə qalasına yaxınlaşmaq üçün Sisianov Cavad xanın başçılıq etdiyi şəhər müdafiəçilərinin möhkəmləndikləri Gəncənin Bağbanlar adlı hissəsini tutmalı idi. Bağbanlar yanında ilk hərbi əməliyyat 1803-cü il dekabrın 2-də başladı. Gəncənin müdafiəçiləri düşmənin sayca üstün qüvvələrinə nisbətən xeyli az idi. Hücuma keçən rus qoşunlarına qarşı göstərilən qəhrəmanlığa baxmayaraq, gəncəlilər top atəşləri qarşısında dayana bilməyib qalaya çəkildilər. Asan qələbəyə əmin olan və belə inadlı müqaviməti gözləməyən rus qoşunları bu döyüşdən sonrakı bir ay ərzində heç bir hücuma keçmədən qalanın blokadası ilə kifayətləndilər.

Gəncənin özündə vəziyyət xeyli pisləşmişdi. Şəhəri döyüşsüz almaq ümidini itirməyən Sisianov 1803-cü ilin 9 dekabrında Cavad xana göndərdiyi növbəti məktubunda Gəncənin dərhal təslim olunmasını tələb edir. Dekabrın 11 -də Sisianov Cavad xandan cavab alır: xan əvvəl qalanın mühasirəsinin götürülməsini, sonra isə danışıqlara başlanılmasını təklif edir. Danışıqlar aparılan, məktublar göndərilən vaxt ərzində qışın soyuq günləri başlayır. Gəncə qalasının müdafiəçilərinin çətinlikləri daha da artır.

1803-cü il dekabrın 29-da Cavad xana göndərdiyi son məktubda Sisianov əvvəlki kimi qalanın sözsüz təslim olunmasına təkid edir.

Beləliklə, Gəncənin rus qoşunları tərəfindən mühasirəsindən bir ay keçir. Bu vaxt ərzində Sisianov Cavad xana şəhərin təslim olunmasını tələb edən altı məktub göndərmiş, hər dəfə də rədd cavabı almışdı. Belə bir şəraitdə, 1804-cü ilin yanvarın 1 -də, Sisianov general mayor Portnyaginin, polkovnik Koryaginin, podpolkovnik Simanoviçin və bir neçə ali rütbəli şəxslərin daxil olduğu Hərbi Şuranı toplayır. Şuranın qərarı ilə qalaya hücum 1804-cü ilin yanvarın 3-nə təyin olunur.

Beləliklə, 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları iki dəstəyə bölünərək Gəncə qalasına hücuma keçdi. Bir dəstə general S.A.Portnyakinin başçılığı ilə Qarabağ qapısı, digər dəstə isə Tiflis qapısı tərəfdən həmlə edirdi. Cavad xanın əsas qüvvələri iki dəfə Portnyakinin hücumunu dəf edə bildi, yalnız üçüncü həmlədə düşmənlər şəhərə daxil oldular. Ruslar əsas qülləni tutduqdan sonra döyüş daha da şiddətləndi. Müdafiəçilərin ön sırasında olan Cavad xan yaralandığına baxmayaraq, son nəfəsinədək əlində qılınc düşmənlə döyüşdü. Cavad xanın oğlu Hüseynqulu ağa da döyüşdə həlak oldu. Vuruşma Gəncənin küçələrində davam etdi. Gəncə döyüşündə 1500-dən çox adam həlak oldu. 1804-cü il yanvarın 3- də Gəncə rus qoşunları tərəfindən tutulur.

Gəncənin işğalı Rusiya üçün çox əhəmiyyətli idi. Azərbaycanın digər xanlıqlarının taleyi də artıq həll olunmuşdu. Çar hökuməti Gəncə xanlığı üzərində çətinliklə qazandığı qələbəni yüksək qiymətləndirərək bu münasibətlə xüsusi medal təsis etmişdi. Gəncə xanlığı ləğv edildi, şəhər çariça Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə sözünü dilinə gətirənlər cərimə olunurdular.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan xanlıqlarının qısa tarixi: Dərs vəsaiti/elmi red. C.M.Mustafayev, İ.M.Məmmədova ; rəyçilər F.R.Ağamalı, F.N.Məmmədov, R. H.İbadov.- Bakı: 2011.- 392 s.
  2. Babazadə, Elgün Tofiq oğlu. Gəncə xanlığının tarixindən : monoqrafiya = Из истории Гянджинского ханства : монография / E. T. Babazadə ; rus dilindən tərc. N. M. Vəlixanlı, layihənin rəh., elmi red., ön sözün müəl. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Şərq-Qərb, 2012. - 428 s.
  3. Nuriyeva İradə Tofiq qızı. AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). Ali məktəblər üçün dərslik. – Bakı: Mütərcim, 2015. – 336 s.
  4. Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli. - Gəncə: “Elm”, 2020. - 255 s.
  5. Mustafayev, Camal Mehdi oğlu. Azərbaycan xanlıqlar dövründə : dərs vəsaiti / C. M. Mustafayev ; elmi red. T. T. Mustafazadə ; Azərbaycan Dövlət Neft Akademiyası. - Bakı : MSA, 2012. - 256 s.
  6. Azərbaycan tarixi : uzaq keçmişdən 1870-ci ilə qədər / S. S. Əliyarlı, F. Mahmudov, İ. Babayev [et al.] ; red. S. S. Əliyarlı ; Bakı Dövlət Universiteti. - Bakı: Azərbaycan nəşriyyatı, 1996. - 872 s.