Tarixdən səhifələr

Görkəmli Azərbaycan pedaqoqu, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli

Maarif xadimi, publisist-yazıçı, ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərli 26 yanvar 1863-cü ildə Şuşada bəy ailəsində doğulmuşdur.


Şuşada mollaxanada (1870-1872), Mirzə Kərim Münşizadənin məhəllə məktəbində (1872-1875), 2-ci dərəcəli şəhər məktəbində (1876-1879) oxumuş, Qori Müəllimlər Seminariyasını (QMS) bitirmişdir (1885). İrəvan gimnaziyasında (1885- 1896), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində (1896-1917) müəllim işləmişdir.

1917-ci ilin fevral inqilabından sonra seminariya tələbələrinin tələbinə əsasən, Xüsusi Zaqafqaziya Komitəsi sədrinin həmin il 17 avqust tarixli əmri ilə Azərbaycan şöbəsinin inspektoru təyin olunmuşdur. 1918-ci ildə Cənubi Qafqazda baş verən siyasi hadisələr zamanı Köçərli, azərbaycanlıların arzusunu həyata keçirərək, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürmüş, onu müstəqil milli seminariyaya çevirmiş və ilk direktoru olmuşdur.

F. Köçərli 1917-ci ildə siyasi proseslərə qoşulmuş, “Müsavat” partiyasına daxil olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsi qəbul edilərkən F. Köçərli müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. O, seminariyadakı fəaliyyətinə üstünlük verərək, parlamentdə iştirak etməmişdir.

F. Köçərli zəngin yaradıcılıq yolu keçmişdir. O, publisistika, ədəbiyyat tarixi, folklor nümunələrinin toplanması, dərsliklərin tərtibi və nəşri, bədii tərcümə sahəsində çalışmışdır. Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək, yaratmaq ideyası məhz F. Köçərli tərəfindən həyata keçirilmişdir. XVIII-XIX əsrlərdə və XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatının inkişaf yolunu araşdıran F. Köçərli onun 130 nümayəndəsinin həyatı və yaradıcılığı haqqında məlumat toplamışdır.

Köçərlinin publisistik məqalələri mövzu aktuallığı və siyasi kəskinliyi ilə seçilir. Çarizmin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətinin tənqidi, milli oyanışa və siyasi fəallığa çağırış, kəndli hüququnun müdafiəsi, qadın azadlığı uğrunda mübarizə, maarifin əhalinin maddi və mənəvi tələblərinə uyğunlaşdırılması məsələləri F. Köçərli publisistikasının ana xəttini təşkil edir.

F. Köçərli “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisidir. 

F. Köçərlinin həyat yoldaşı Badisəba xanım Qazağın məşhur Vəkilovlar nəslinə mənsub idi.

1920-ci ilin mayında kommunistlər F. Köçərlini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə”, “torpaq və mülk zəbt etməkdə” ittiham edirlər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuşdur. Erməni Sarkis Danilyanın diktəsi ilə haqqında verilən saxta hökmə əsasən Firidun bəy Köçərli iyunun 4-də 58 yaşında Gəncədə güllələnmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Zeynalov, Əsgər Məmməd oğlu. İrəvan məktəbləri / Ə. M. Zeynalov ; red. T. Ə. Əhmədov. - Bakı : Mütərcim, 2011. - 56 s.
  2. Mikayılqızı, Pərixanım. Firidun bəy Köçərli: "Ümmətdən-millətə doğru" / P. Mikayılqızı ; elmi red. Ş. Q. Vəliyev ; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi. - Bakı : Elm və təhsil, 2016. - 490 s.