Tarixdən səhifələr

Qarabağ Dirçəliş Fondu

Böyük Qarabağ Zəfərindən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və dirçəldilməsi prosesləri misli görünməmiş yüksək səviyyədə – dünya təcrübəsində mövcud olan ən son texnologiyalar, o cümlədən “ağıllı” texnologiyalar əsasında həyata keçirilməkdədir.  Bu istiqamətdə çox mühüm qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb.

Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
     
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Fondun fəaliyyətinə cari rəhbərliyi üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşıb.  Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Fondun Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eyni zamanda digər normativ hüquqi aktları rəhbər tutur. Fondun təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
      
Prezident İlham Əliyevin imzaladığı fərmana görə, fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün maliyyə dəstəyi və sərmayələrin cəlb edilməsini həyata keçirir. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, qanunla qadağan olunmayan digər mənbələrdən formalaşdırır. Dünya təcrübəsinə əsasən, hərbi əməliyyatlar sona çatdıqdan sonra qarşıya qoyulan ilk məqsəd müharibədən çıxmış ölkə əhalisinin ilkin ehtiyaclarını qarşılamaq, iqtisadiyyatı zəifləmiş regionun inkişafını təmin etmək və sonrakı, yenidənqurma mərhələlərində xarici ölkələr, beynəlxalq qurum və təşkilatların müxtəlif istiqamətli yardımlarını ölkəmizə cəlb etməkdir. Bu məqsədlə  ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslər "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri "Rebuild Karabakh 2021" sərgisi imzalanan Anlaşma Memoranduma əsasən sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə etmişdir. Həmçinin bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq etmişdir. Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak edirlər. 
     
Qarabağ Dirçəliş Fondunun fəaliyyəti, ölkə daxilindən və xaricindən gələcək qlobal və irimiqyaslı layihələrin dinamik inkişafına böyük imkan yaradır. Fondun yaradılması bir daha göstərir ki, Azərbaycan dövlətinin və Prezidentinin məqsədi təkcə ərazilərimizin erməni işğalından azad edilməsi deyil, eyni zamanda, dədə- baba torpaqlarımızın hərtərəfli bərpa edilərək Azərbaycanın sabit inkişaf edən böyük hissəsi ilə bərabərləşdirilməsi və ölkənin sosial-iqtisadi sisteminə daxil edilməsidir. 
    
Bu gün həmvətənlərimizin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri milli-mənəvi birliyimizi möhkəmləndirir, vətən, torpaq, yurd sevgisini daha da artırır. Fondun hesabına vəsait köçürənlər Qarabağın dirçəlişində öz paylarının olması ilə fəxr edirlər. Dövlətimizin Qarabağ siyasətinin təzahürü olan bu Fondun xətti ilə görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulur, müasir şəhər və kəndlər tikilərək, regionlarımıza dinc, təhlükəsiz, rahat həyat verir. Vətəndaşlarımızın doğma torpaqlarına tezliklə qayıtması məqsədilə işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunmasına və ali səviyyədə inkişaf etməsinə Qarabağ Dirçəliş Fondu mühüm xidmətlər göstərir və göstərəcəkdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Qarabağ Azərbaycandır! / Azərbaycan Respublikası Baş Prokurorluğu ; red. heyəti: E. Abbasov [et al.] ; baş red. H. Məmmədov ; red. M. Əhmədov. - Bakı : Poliart MMC, 2021. - 592 s.
  2. Черная книга Карабаха = Qarabağın qara kitabı / Министерство Культуры Азербайджанской Республики [и др.] ; рук. проекта, гл. ред. М. Марджанлы ; пер.: И. Асадова [и др.] ; ред.: З. Аскерова, Г. Лысенко. - Дубай : IRS Publishing House, 2021. - 223 с.
  3. Revival. Beginning = Dirçəliş. Başlanğıc / Ministry of Foreign Affairs of the Republic of Azerbaijan [et al.] ; project manager, ed. M. Marjanli ; trans.: I. Asadov [et al.] ; ed.: G. Lysenko, L. Jafarova. - Dubai : IRS Publishing House, 2023. - 221 p.