Ruhulla Əli oğlu Axundov 13 yanvar 1897-ci ildə Bakının Şüvəlan kəndində müəllim ailəsində anadan olub.
R. Axundov əmək fəaliyyətinə 1916-cı ildən "Orucov qardaşları mətbəəsi"ndə başlamış, korrektor, tərcüməçi işləmişdir. Siyasi fəaliyyətə 1917-ci il Fevral inqilabından sonra başlamış, "sol" sosialist-inqilabçılar (eserlər) qrupunun fəal üzvü olmuşdur. 1918-ci ildə "Bakı ətrafı fəhlə, əsgər və matros deputatları şurasının əxbarı" qəzetinin redaktoru idi. Zaqafqaziya, Dağıstan və Türküstan həmkarlar ittifaqları qurultayının işində fəal iştirak etmişdir. 1919-cu ilin mayında "Hümmət"ə daxil olmuşdur. Həmin ilin avqustundan nəşrə başlayan "Kommunist" (Azərbaycan dilində) qəzetinin ilk redaktoru, həm də "Hürriyyət" qəzetinin redaktorlarından biri idi.
1920-ci ilin aprel işğalından sonra Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin kəndlərdə iş üzrə şöbə müdiri, AK(b)P Bakı Komitəsinin katibi, "Bakinski raboçi" və "Kommunist" qəzetlərinin redaktoru, 1924-30-cu illərdə AK(b)P MK katibi, Azərbaycan SSR xalq maarifi komissarı, "Azərnəşr"in direktoru olmuş, 1930-cu ildə ÜİK(b)P Zaqafqaziya ölkə komitəsinin katibi seçilmişdir.
Ömrünün son illərində SSRİ EA-nın Azərbaycan filialında, AK(b)P MK yanında Partiya Tarixi İnstitutunda işləmiş, Azərbaycan SSR XKS yanında İncəsənət işləri idarəsinin rəisi olmuşdur. V.İ.Leninin əsərlərinin Azərbaycan dilinə ilk tərcüməçilərindən idi. Azərbaycan dilində siyasi terminologiya yaradılmasında və yeni əlifbaya keçilməsində fəal iştirak etmişdir. Tarix, ədəbiyyat və incəsənətə dair bir sıra əsərlərin müəllifi, ikicildlik "Rusca-türkcə" lüğət”in (1928-29) tərtibçilərindən biri və redaktoru olmuşdur.
17 dekabr 1937-ci ildə səhər tezdən yaşadığı binanın qarşısında işə gedərkən saxlanılır. "Əksinqilabçı millətçi təşkilat"ın üzvü kimi həbs edilən R.Axundov "trotskçi" kimi mühakimə olunur, 1938-ci ildə güllələnir.
Tövsiyə edilən ədəbiyyat: