İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) 1919-cu il martın 22-də Azərbaycanın Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirdikdən sonra Qazax pedaqoji məktəbində (1933-1936) təhsil almışdır. Bir il Kosalar kənd orta məktəbində müəllim işlədikdən sonra 1937-1941-ci illərdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 1941-1942-ci illərdə Qazax rayonunun Kosalar kəndində dərs hissə müdiri işləmişdir.
İkinci Dünya müharibəsi başlandıqda İsmayıl Şıxlı Sovet ordusunun tərkibində ön cəbhələrdə - Şimali Qafqazda, Krımda, III Belorusiya cəbhəsində, Şərqi Prussiya istiqamətində düşmənə qarşı sıravi əsgər kimi vuruşmuşdur. Müharibədən tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir. 1946-1949-cu illərdе Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin aspirantı olmuş, müəllim, baş müəllim, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. İsmayıl Şıxlı 1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1976-1978-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1981-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, 1981-1987-ci illərdə SSRİ Yazıçılar İttifaqının katibi kimi çalışmışdır. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir.
İsmayıl Şıxlının ilk mətbuat əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur və o təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir və ona görə də şeirdə lövbər salmadan nəsrə yol aldı.
İsmayıl Şıxlının ilk nəsr əsəri "Həkimin nağılı” hekayəsi 1947-ci ildə "İnqilab və mədəniyyət” jurnalında işıq üzü görüb. İlk uğurdan ruhlanan cavan yazıçı təzə yazılarını Mehdi Hüseynə göstərməyə başlayıb. Lakin yazıçı bu hekayələri oxuyub müəllifə yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə edir. İsmayıl Şıxlı bu tövsiyələrə əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi.
Azərbaycan nəsrində hadisəyə çevrilən "Ayrılan yollar" və "Dəli Kür" romanları onun illər sonra da adının yaşamasına səbəb oldu. Dövrün ən çətin zamanlarında "Ayrılan yollar" romanı kimi şəxsiyyətə pərəstişi qamçılayan, həqiqətləri sərt şəkildə əks etdirən əsəri yazmaq müəllifindən qeyri-adi cəsarət tələb edirdi. Rezonansa səbəb olan, tənqidçilərin diqqətini öz üzərinə çəkməyi bacaran "Ayrılan yollar" romanı müəllifinə iki qat cəsarət və özünəinam gətirdi. O, bu inamın sayəsində Azərbaycan ədəbiyyat tarixinin ən önəmli romanlarından birini- "Dəli Kür"ü qələmə aldı. "Dəli Kür" mürəkkəb strukturu, mövzu əhatəliliyi, ziddiyyətli obrazlar aləmi və rəvan, axıcı dili ilə illərdir öz aktuallığını qoruyub saxlamağı bacarır.
İsmayıl Şıxlı ictimai fəallığı ilə həmişə fərqlənmişdir. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983-cü illər), Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü (1968-1970), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin üzvü, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
İsmayıl Şıxlı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilmişdir. 1979-cu ildə "Qırmızı əmək bayrağı", 1985-ci ildə II dərəcəli "İkinci Dünya müharibəsi" orden və medallarını, 1973-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını və 1994-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır almışdır.
İsmayıl Şıxlı 1995-ci il iyulun 26- da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat: