Azərbaycanda mərkəzi bankçılığın tarixi XX əsrin əvvəllərindən başlamışdır. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş “Bakı bonları” ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxt da keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə siyasətinin həyata keçirilməsini və dövlətin maliyyə-iqtisadi müstəqilliyini təmin edən mühüm dövlət qurumuna ehtiyac var idi. Rusiya Dövlət Bankının Bakıdakı şöbəsi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qarşısında duran mühüm dövlətçilik vəzifələrini yerinə yetirə bilməzdi. Buna görə də Hökumət 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (ADB) təşkili barədə layihəni bəyəndi və bankın nizamnaməsini hazırlamağı maliyyə nazirinə tapşırdı. 1919-cu il mayın 20-də ADB-nin nizamnaməsi Nazirlər Şurasına təqdim olundu.
Nizamnamə hazırlanarkən Rusiya Dövlət Bankının nizamnaməsi əsas götürülmüş, lakin bir sıra dəyişikliklər və ixtisarlar edilmişdi. Məsələn, banka qanunvericilik qaydasında müəyyən olunmuş əsaslarla pul nişanları buraxmaq hüququ verilmişdi; mərkəzi idarənin və onun ayrı-ayrı qurumlarının tərkibi ixtisar olunmuş, eyni zamanda, mərkəzi idarə Bakı şəhərindəki əməliyyat şöbəsi ilə birləşdirilmişdi; bankın yerli strukturlarının şöbə və agentlik hesab edilməsi məqbul sayılmamış, yaradılması nəzərdə tutulan strukturların hamısı bölmə adlandırılmışdı. Onların ştat cədvəli, hüquq və vəzifələri də buna müvafiq olmalı idi.
Nizamnaməyə görə, ADB-nin vəzifələri kommersiya banklarının vəzifələrindən geniş idi və o dövlət xarakterli bir sıra tapşırıqları, o cümlədən pul emissiyasının yerinə yetirməsi, dövlətin maliyyə aparatı kimi müvafiq hallarda digər ölkələrin eyni orqanları ilə sazişlər bağlanması, valyuta məsələsinin tənzimlənməsi və s. funksiyaları yerinə yetirməli idi.
ADB haqqında hazırlanmış qanun layihəsi 1919-cu il mayın 26-da Hökumət tərəfindən bəyənildi və Parlamentin təsdiqinə verildi. Layihə təsdiq olunana qədər isə, iyunun 2-də Hökumət Dövlət bankı haqqında məsələnin müzakirəsi üçün özünün və Bakıdakı Britaniya qoşunları komandanlığının nümayəndələrindən ibarət komissiyanın təşkili barədə qərar qəbul etdi. İyunun 9-da Hökumət Dövlət bankının bütün aktiv və passivləri ilə birlikdə Azərbaycan Hökumətinə verilməsi barədə Britaniya komandanlığı qarşısında məsələ qaldırdı. Avqustun 25-də qəbul olunmuş qərara əsasən, Maliyyə Nazirliyinin kredit şöbəsinin neft sənayeçilərinə ayırdığı borclar ADB-yə verildi.
Bankın təsis edilməsi ölkənin iqtisadi-təsərrüfat həyatını möhkəmləndirmək zərurətindən irəli gəlmişdi. Kredit banklarına ümidini itirən əhali əmanətlərini oraya qoymurdu. Bu da əhalidə çox böyük məbləğdə dövriyyədən çıxmış pulun yığılıb qalmasına səbəb olmuşdu. Nəticədə, əlavə kağız pul kəsilməsi zərurəti doğurur, manatın alıcılıq qabiliyyətinə mənfi təsir göstərirdi.
ADB-nin məqsədi pul tədavülünü asanlaşdırmaq, milli ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmləndirmək idi. İlk vaxtlar bankın əsas kapitalı 500 milyon, ehtiyat kapitalı isə 20 milyon manata bərabər idi. Əsas kapitalı yaratmaq üçün Hökumət ADB-yə, əlavə olaraq, 50 milyonluq Azərbaycan və Zaqafqaziya əsginası verdi. Beləliklə, bank kağız pul kəsmək üçün müstəsna hüquqa malik oldu.
ADB-yə bankirlər şurası rəhbərlik edirdi. 1919-cu il sentyabrın 18-də Dövlət bankının nizamnaməsi təsdiqləndi, sentyabrın 30-da onun təntənəli açılışı oldu. 1919-cu il senyabrın 1-dən fəaliyyət göstərən Gəncə bankı isə oktyabrın 25-də qəbul olunmuş qanunla Dövlət bankının şöbəsi statusunu aldı.
1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradıqdan sonra yeni dövlət quruluşu olan Azərbaycan Sovet Sosialist Respublikasının Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli Əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı və bank işi dövlətin müstəsna inhisarına keçdi.
Tövsiyə edilən ədəbiyyat: