Bakı quberniyasında Bakı şəhərindən sonra ən böyük qırğınlar Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlərində törədilmişdir. Maraqlıdır ki, həm Şamaxıda və həm də sonralar Qubadakı qırğınları məhz Bakı Kommunasının rəhbərləri S.Şaumyan və G.Korqanovun Sovet hökuməti adından göndərdikləri silahlı daşnak dəstələri həyata keçirmişlər. S.Şaumyan 1918-ci il aprelin 13-də V.Leninə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotları olan “yeni dəstələr” göndərildiyini etiraf edirdi.
Həmin dəstələrə S.Şaumyanın yaxın silahdaşlarından və Bakı qırğınlarının əsas təçkilatçılarından biri olan daşnak S.Lalayan rəhbərlik edirdi.
Şamaxı hadisələri barədə Fövqəladə Təhqiqat Komissiyasının topladığı 7 cild və 925 vərəqdən ibarət təhqiqat materialları (məruzələr, şahidlərin və zərərçəkənlərin dindirilmə protokolları, qəza və polis sahələrinin rəislərinin məlumatları, dəymiş zərərlərin hesablanması, öldürülənlərin və yaralananların sayı barədə aktlar və s.) erməni vəhşiliyini bir daha sübuta yetirir.
S.Şaumyanın göstərişi və S.Lalayanın rəhbərliyi ilə göndərilən silahlı daşnak dəstələrinin məqsədi guya Şamaxı qəzasını quldur dəstələrdən təmizləmək, qəzada anarxiyaya son qoyaraq ərazidə təhlükəsizliyi bərpa etmək idi.
Martın 15-də dəstə Şamaxı şəhərinin yanından keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Həmin gün Şamaxı şəhərinin yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edərək atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Nəticədə hər iki tərəfdən tələfat olur. Lakin şəhərdəki hər üç millətin (azərbaycanlı, erməni və rus) nümayəndələri bir yerə yığılaraq and içirlər ki, sülh şəraitində yaşayacaqlar və qayda-qanunu pozmayacaqlar.
Bu saziş barədə S.Şaumyanın göndərdiyi dəstənin rəhbərlərinə məlumat verdikdə onlar bildirirlər ki, “Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onları İngiltərə müdafiə edəcək”.
Bu razılaşmadan arxayınlaşan Şamaxı şəhərinin azərbaycanlı əhalisi 1918-ci il martın 18-də sübh çağı top atəşlərinin sədaları altında yuxudan oyandılar. Şəhərin azərbaycanlılardan ibarət olan aşağı hissəsi ermənilər və malakanlar tərəfindən top və pulemyot atəşinə tutuldu. Ermənilər və malakanlar həmləyə başladıqdan bir neçə saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan bölməsinə daxil ola bildilər. Onlar bu hücum zamanı azərbaycanlıların evlərini soyur, talan edir, yandırır və mülki əhalini isə qəddarlıqla qətlə yetirirdilər. Fövqəladə Təhqiqat Komissiya-sının verdiyi məlumatda göstərilirdi ki, ermənilər Şamaxı şəhərində bir neçə min azərbaycanlını qətlə yetirmişlər. Qətlə yetirilənlərin arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Həmin şəxslər arasında I Dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məmməd Əliyev, məşhur axund Hacı Cəfərqulu və b. var idi. Komissiyanın məlumatında bildirilirdi ki, “Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş zərər orta hesabla bir milyard rubldan çox olmuşdur.
“Öldürüb talamaq və talayıb öldürmək!” şüarından ilham alan ermənilər Şamaxı şəhərində və qəzasında dinc azərbaycanlı əhaliyə – qadına, qocaya, uşağa, qəddarcasına divan tutmaqla azərbaycanlılara qarşı milli intiqam və milli düşmənçilik hissi ilə yanaşı həm də onların hesabına var-dövlət əldə edib varlanmaq məqsədi güdürdülər.
1919-cu il iyulun 12-də Fövqəladə Təhqiqat Komissiyası Şamaxı şəhərinin dağıdılması və azərbaycanlı əhali üzərində zorakılıq halları barədə komissiyanın üzvü A.Novatskinin məruzəsində Şamaxı şəhərində törədilən cinayətlərdə S.Lalayevlə yanaşı əslən Şamaxıdan olan və Bakı şəhərində yaşayan Qavril Qaraoğlanovun, Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Armenak Martirosyanın və başqalarının (cəmi 31 nəfər) Şamaxı qırğınlarının başlıca caniləri olduqları göstərilir. Qərarda qeyd olunurdu ki, bu canilər ətraflarında bir neçə min daşnak qüvvələrini toplayaraq top, pulemyot, tüfəng, tapança və xəncərlə silahlanaraq, bir neçə gündə bir neçə min dinc azərbaycanlı əhalini – kişi, qadın və uşağı qətlə yetirmişlər. Özü də bu qətllər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilər Şamaxı şəhərində bir milyard rubldan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan “Cümə məscidi” də yandırılmışdı. Komissiya erməni vandalizminin başlıca təşkilatçıları barədə cinayət işi qaldıraraq, onları məsuliyyətə cəlb etməklə, istintaq işinə başlamaq haqqında qərar qəbul etdi.
Şamaxı şəhərində olduğu kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilər tərəfindən dağıdılmış, yandırılmış, əhalisi vəhşicəsinə qətlə yetirilmişdi. Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən 53 kənd üçün erməni vandallarının törətdikləri vəhşiliklər barədə tərtib olunmuş aktlarda ayrı-ayrı kəndlər üzrə ölənlərin sayı və dəymiş zərərlər göstərilir.
Bu aktlar əsasında hesablamalara görə Şamaxı qəzasının 53 kəndində ermənilər 8.027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4.190 nəfəri kişi, 2.560 nəfəri qadın və 1.277 nəfəri uşaq olmuşdur. Həmin aktlardakı məlumatlara görə ermənilər tərəfindən bu kəndlərə vurulmuş maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon rubl olmuşdur.
Tövsiyə edilən ədəbiyyat: