Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Zaqafqaziya Seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi.
Zaqafqaziya Seymi qarşısında duran əsas vəzifə Osmanlı dövləti ilə sülh müqaviləsinin bağlanması idi. Seymin 1918-ci il martın 1-də keçirilən iclasında bir sıra müzakirələrdən sonra Osmanlı dövləti ilə sülh müqaviləsinin aşağıdakı təkliflər əsasında bağlanmasına dair qərar qəbul olundu: “1. Seym sülh bağlamaq üçün səlahiyyətlidir; 2. Türkiyə ilə sülh müqaviləsinin bağlanmasını Seym özünün əsas vəzifəsi hesab edir; 3. Türkiyə ilə sülh müqaviləsi 1914-cü il sərhədlərinə əsaslanmalıdır; 4. Zaqafqaziya nümayəndələri Şərqi Anadolunun təyini müqəddəratına və Osmanlı dövləti daxilində Türkiyə Ermənistanına muxtariyyət verilməsinə çalışacaqlar”.
1918-ci il martın 13-də sülh nümayəndə heyətlərinin bir-birinə təqdimolunma mərasimi keçirildi. Həmin iclasda sülh konfransının rəsmi açılışının martın 14-də olacağı qərara alındı. Konfransın 6 plenar iclası və 2 xüsusi müşavirəsi oldu. Trabzon konfransında Akaki Çxenkelinin rəhbərlik etdiyi Zaqafqaziya nümayəndə heyətinə H.Abaşidze, M.H.Hacınski, İ.Heydərov, Q.B.Qvazava, R.İ.Kaçaznuni, Q.M.Lasxişvili, M.Y.Mehdiyev, X.Xasməmmədov, A.İ.Xatisov və Ə.Şeyxülislamov daxil idilər. M.Ə.Rəsulzadə də bu heyətin tərkibində müşavir kimi konfransda iştirak edirdi. Hüseyn Rauf Orbayın rəhbərlik etdiyi 9 nəfərlik Osmanlı nümayəndə heyətinə isə Mehmed Nüsrət bəy, Rıza bəy, Doktor Tevfik Salim bəy, Hüsrev bəy və başqaları daxil idilər.
1918-ci il martın 13-də Trabzonda Transqafqaz sülh nümayəndə heyətinin müsəlman nümayəndələri ilə Osmanlı sülh nümayəndə heyəti arasında Qafqazda yaranmış ümumi durumu müzakirə etmək üçün gizli görüş keçirildi. Həmin görüşdə İbrahim bəy Heydərov və Mir Yaqub Mehdiyevdən başqa, Şeyx Şamilin tayfasından olan Mustafa bəy ilə Hüseyn Rauf bəy arasında müzakirə aparıldı. Azərbaycan və Dağıstan nümayəndələri siyasi əqidə və hər hansı firqəni təmsil etmələrindən asılı olmayaraq, türk ordusunun Qafqaza daxil olmasını alqışlayacaqlarını bildirdilər.
1918-ci il martın 16-da Seymin sülh nümayəndə heyətinin başçısı A.Çxenkeli ilə Türkiyə nümayəndə heyətinin başçısı Rauf bəy arasında gizli görüş keçirildi. Həmin görüşdə A.Çxenkeli Batum limanının gürcülərdə qalmasım istədi. Bu şərt daxilində erməniləri ərazi muxtariyyəti iddiasından və ingilislərə sığınmaqdan çəkindirməyə söz verdi.
Konfransda Zaqafqaziya nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid maddələrinə etiraz etdi. Lakin türklər bu etirazı rədd edib bildirdilər ki, Zaqafqaziyanın Brest sülhündə marağı və mənafeyi olduğu üçün beynəlxalq hüquq normalarına cavab verən prinsiplər əsasında təşkil olunmalı və digər dövlətlər tərəfindən tanınması üçün tədbirlər görməli idi. Ona görə də Zaqafqaziya hökuməti indi tanınsa belə, əvvəlki beynəlxalq hüquqi prinsiplərə etiraz edə bilməz.
Zaqafqaziya nümayəndə heyəti Brest sülhünün şərtlərini tanımaqdan imtina etməklə bərabər, Seymin 1 mart tarixində qəbul etdiyi 4 bənddən ibarət tələbini türk nümayəndələrinə təqdim etdi. Türk heyəti bu tələbləri (xüsusilə də “Şərqi Anadolunun öz müqəddəratını təyin etməsi”ni) Osmanlı dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndirib rədd etdi və bildirdi ki, Zaqafqaziya hökumətinin Osmanlı imperiyası tərəfindən qəti və rəsmi şəkildə tanınması bağlanacaq müqavilədəki xüsusi vəziyyətin köməyi ilə mümkün ola bilər və bu sonuncu barədə danışıqlar yalnız Qars, Ərdəhan və Batum vilayətlərinə ola biləcək hər hansı iddiadan imtina edildikdən sonra başlana bilər.
Brest sülhünü qəbul edib, Qars, Ərdəhan və Batum vilayətlərinin Türkiyəyə keçdiyini təsdiq etməklə bağlı Trabzondakı Zaqafqaziya nümayəndələri arasında, həmçinin Seymdəki fraksiyalar arasında birlik yox idi. Erməni və gürcülər Türkiyənin tələblərini rədd edib, onunla müharibə aparmağa çalışırdılarsa, Azərbaycan fraksiyası qarşılıqlı güzəştlər əsasında Osmanlı imperiyası ilə razılığa gəlməyi təklif edirdi. Ərazi məsələlərinin müzakirəsi son anda ona gətirib çıxartdı ki, gürcülər Batumu əldə saxlamaqla Qars və Ərdəhanın güzəştə gedilməsinə razı idilərsə, ermənilər Batum və Acariyanın güzəştə gedilməsinə tərəfdar olub, Qarsın Türkiyəyə verilməsinə razı deyildilər. Azərbaycan fraksiyası isə bu fikirdə idi ki, Qars və Ərdəhanın əhalisinin əksəriyyəti türklər olduğu üçün Brest-Litovsk müqaviləsinin bu iki vilayət haqqındakı maddələri yerinə yetirilməlidir. Onların fikrincə, Acariya Zaqafqaziyanın tərkibində ayrıca müsəlman respublikasına çevrilməlidir, əgər bu mümkün olmazsa, onda o, Türkiyəyə birləşdirilməlidir. Batum isə xaricə mühüm çıxış yolu kimi Zaqafqaziyanın tərkibində qalmalıdır.
Trabzon konfransındakı Osmanlı heyətinin rəhbəri Hüseyn Rauf Orbay və 3-cü ordu komandanı Mehmed Vehib paşa Türkiyənin Qafqaz istiqamətində hərəkəti qarşısında gürcü-erməni ittifaqının yaranmasına yol verməmək üçün yeganə çarənin Batumun gürcülərə güzəştə gedilməsi olduğu qənaətinə gəlsələr də, Ənvər paşa qətiyyətlə bunun əleyhinə çıxırdı və Batumda gürcülərə müəyyən iqtisadi güzəştlər verməyi düşünürdü. Brest sülhünün tətbiqi üzərində israrla duran Ənvər paşa bu dövrdə Qafqazda konfederasiya yaradılmasını uyğun görürdü, həmçinin gürcü-erməni ittifaqına yol verməmək üçün gürcülərə müsəlmanlarla eyni həcmdə yardım vəd edirdi.
Trabzon konfransında danışıqların uzanmasına baxmayaraq, türk tərəfi Brest-Litovsk sülhü əsasında sülh bağlamağa israr edir, Seym nümayəndələri isə inadla buna qarşı çıxıb Brest müqaviləsinin qanuniliyini qəbul etməkdən imtina edirdilər. Belə olduqda Osmanlı hökuməti Trabzondakı nümayəndələrinə danışıqları dayandırmaq barədə göstəriş verdi. Buna görə də Osmanlı nümayəndələri aprelin 6-da Zaqafqaziya nümayəndələrinə ultimatum verib, Brest-Litovsk sülh müqaviləsini tanıyıb-tanımamaq barəsində 48 saat ərzində cavab verilməsini tələb etdilər. Eyni zamanda, ultimatumda göstərilirdi ki, əgər Zaqafqaziya hökuməti Türkiyə ilə müqavilə münasibətlərinə girmək istəyirsə, öz müstəqilliyini elan etməlidir, yalnız bundan sonra diplomatik danışıqlar başlana bilər. Aprelin 7-də A.Çxenkeli alınmış ultimatum barədə Tiflisə məlumat verdi. Ölkədə anarxiyanın hökm sürdüyünə və cəbhənin dağılmasına istinad edərək, o, Batum istisna olmaqla, Brest müqaviləsinin tanınmasına və təcili surətdə müstəqilliyin elan edilməsinə çağırırdı.
Ultimatumda verilən müddət başa çatdıqda A.Çxenkeli Rauf Orbayla görüşüb Brest müqaviləsini tanımaq üçün öz hökumətindən icazə istədiyini, cavabın hələ gəlmədiyini, amma özünün fikrinin bu istiqamətdə olduğunu bildirdi. Ona görə də ultimatumun vaxtı aprelin 10-na qədər uzadıldı. Bu vaxt başa çatdıqda, aprelin 10-da Çxenkeli artıq Tiflisdən cavab gözləmədən Osmanlı nümayəndələrinə aşağıdakı məzmunda cavab verdi: “Zaqafqaziya nümayəndəliyi Osmanlı nümayəndə heyətinin 6 aprel 1918-ci il tarixli məktubuna cavab olaraq bildirir ki, o, Brest-Litovsk müqaviləsini qəbul edir və sonrakı danışıqları onun əsasında davam etdirməyə hazırdır”. A.Çxenkeli türk ultimatumunu qəbul etsə də, Seymdə ultimatumla bağlı müzakirələr çox ciddi bir şəkil aldı və nəticədə Müsəlman fraksiyasına daxil olan müsavatçılar, demokratik bitərəf qrup və ittihadçıların kəskin müqavimətinə baxmayaraq, Seym 1918-ci il 13 aprel tarixli iclasında Osmanlı dövləti ilə müharibə etmək haqqında qərar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan edildi, Seymin fəaliyyəti iki həftəlik donduruldu. E.Gegeçkori, N.Ramişvili və X.Korçikyandan ibarət Ali Müdafiə Şurası yaradıldı. Azərbaycanlılar Türkiyə ilə müharibənin əleyhinə olduqları üçün onlar bu Şuraya daxil edilmədilər. Aprelin 14-də Trabzondakı heyət geri çağırıldı. Lakin bu tədbirlər türk qoşunlarının irəliləməsinin qarşısını ala bilmədi, səkkiz günlük müharibədən sonra Seym türklərin sülh təklifini qəbul etməyə məcbur oldu.
Artıq 1914-cü il türk-rus sərhədini keçən türk orduları martın 25-də Oltunu, üç gün sonra Artvini, aprelin 3-də Ərdəhanı, iki gün sonra Sarıqamışı, aprelin 15-də Batumu, 25-də isə Qarsı ələ keçirib bir neçə gündən sonra 1877-1878-ci illər müharibəsinə qədərki Osmanlı-Rusiya sərhədinə çatdılar. Bununla da 1918-ci il aprel ayının sonlarında Osmanlı dövləti Qars, Ərdəhan və Batumu müharibə yolu ilə ələ keçirmiş oldu.
Tövsiyə edilən ədəbiyyat: