Bağanıs Ayrım kəndi Qazax rayonunun Əskipara inzibati ərazi vahidində yerləşirdi. XVIII əsrin əvvəllərində yaranmış, keçmiş adı Seyid Ayrım olmuş bu kənd zaman-zaman ermənilərin hücumlarına məruz qalmış, nəticədə məcburiyyət qarşısında öz ilkin yerini dəyişməli olmuşdur. Bu dəyişmələr zamanı erməni riyakarlığı və rusların onlara dəstək olması da az rol oynamamışdır. Ermənilərin məkrli niyyətləri sovet dövründə də davam etmiş, 1984-85-ci ildə Qazax rayonundan 2105 hektar torpaq sahəsi Ermənistana verilmiş, Bağanıs Ayrım kəndinin 42 hektar torpağı onlara "bağışlanmışdı”. Bu səbəbdən də Bağanıs Ayrım erməni kəndlərinin əhatəsində qalmışdı.
İşğal olunana qədər kənddə 450 nəfər yaşayırdı. Bağanıs Ayrımda 101 ev, 113 təsərrüfat var idi. Əhalinin şəxsi mal-qarasının, davarının sayı 300-dən çox olardı. Camaat əsasən, maldarlıq və arıçılıqla məşğul idi. Kənddə ibtidai məktəb, tibb məntəqəsi, klub, kitabxana, 2 mağaza var idi.
Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri ilə birlikdə M.Ə.Sabir adına üzümçülük sovxozuna tabe olan Bağanıs Ayrım kəndinin təsərrüfatı əvvəllər tütünçülük, 1975-ci ildən sonra isə üzümçülük olmuşdu.
Bağanıs Ayrım kəndindən 2 km uzunluğu olan bir ərazidən Gürcüstanla Ermənistanı birləşdirən magistral yol keçirdi. Bu yol ermənilər üçün olduqca əhəmiyyətli və gərəkli idi.
Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edilib. Təpədən dırnağadək silahlanmış düşmən gecə ikən kəndə hücuma keçib, evləri qarət etdikdən sonra od vurub, günahsız insanları qətlə yetirib, kənd sakinlərini diri-diri ocaqda yandırıb. Ermənilərin işğalı nəticəsində 5 nəfərdən ibarət bir ailə - Əsliyev Dadaş, həyat yoldaşı Pakizə, qızları Havaxanım, Aliyə, nəvəsi Hafiz və daha bir nəfər kənd sakini Alməmməd Məhərrəmov, 6 nəfər kənd sakini yandırılıb, kəndi qoruyan milis işçisi Məcid Əhmədov qətlə yetirilib. Bundan başqa, daha 1 milis işçisi və 1 nəfər kənd sakini isə yaralanıb.
Yandırılan kənd sakinlərindən böyüyü 75 yaşlı qoca kişi, kiçiyi isə 39 günlük körpə uşaq olub. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək rayonun müxtəlif yerlərinə səpələnib.
Bununla da Bağanıs Ayrım işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olub.
Bağanıs Ayrım kəndində qətliam törədən erməni silahlı qüvvələri cəzasız qaldıqları üçün bu hadisədən 2 il sonra, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda bu faciəni daha geniş şəkildə təkrar edərək Azərbaycan xalqına qarşı soyqırımı törədiblər.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, talan edilmiş və dağıdılmışdır. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburən köçkün düşüb.
Bu gün hələ də işğal altında olan Qazax rayonunun 7 kəndinin işğal edilməsi nəticəsində maddi-mədəniyyət nümunələri talanııb, dağıdılıb və yandırılıb. Belə ki, Yuxarı Əskipara kəndində V-VIII əsrlərə aid qala, X əsrə aid Şəkərqala məbədi kompleksi, XVII əsrə aid Bürc, Qatır körpüsü, Kazım körpüsü və s. memarlıq abidələri, eləcə də XIV əsrə aid yeraltı yol, səkkizillik məktəb, tibb məntəqəsi, klub və 10048 nüsxə kitab fondu olan kitabxana dağıdılaraq məhv edilib. Aşağı Əskipara kəndində 1 orta məktəb, xəstəxana, mədəniyyət evi, 6850 və 9980 nüsxə kitab fondları olan 2 kitabxana da dağıdılaraq məhv edildi. Bununla yanaşı, 8512 nüsxə kitab fondu olan Xeyrimli, 10335 nüsxə kitab fondu olan Qızılhacılı, 14829 nüsxə kitab fondu olan Sofulu, 16105 nüsxə kitab fondu olan Barxudarlı kənd kitabxanaları, eləcə də ictimai-iaşə obyektləri, məktəblər, xəstəxanalar dağıdılıb və məhv edilib. İşğal nəticəsində, ümumilikdə 8 kitabxana filialı və onlara məxsus 178285 nüsxə kitab yandırılmış və məhv edilmişdir.
Tövsiyə edilən ədəbiyyat: