Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edərək, BMT-yə üzv qəbul olunmasını xahiş etmişdir.
Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır.
1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması tələb olunur.
BMT Baş Assambleyası (BA) 1993-cü ildə 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" Qətnamə (A/RES/48/114) qəbul etmişdir.
Prezident Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.
1995-ci ilin oktyabrında Prezident Heydər Əliyev BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak etmiş, nitq söyləmişdir.
2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir.
BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.
2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu iki ay müddətində Şura 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirmiş, 7 qətnamə və sədrin 3 bəyanatını qəbul etmiş, mətbuat üçün 13 bəyanat vermişdir.
Azərbaycanın 2012-ci il may ayında BMT TŞ-na sədrlik etdiyi dövrdə ən mühüm müvəffəqiyyəti mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli konfransın keçirilməsi idi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin başçılıq etdiyi konfransda BMT-nin baş katibi Pan Gi Mun və Təhlükəsizlik Şurasının digər yüksək səviyyəli nümayəndələri iştirak etmişlər. Konfransın yekununda bəyanat qəbul olunmuş, terrorçuluğun bütün formaları və təzahürləri bir daha qətiyyətlə pislənmişdir.
Azərbaycan Respublikası 28 oktyabr 2013-cü il tarixində BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda yüksək səviyyəli görüşün təşkilini həyata keçirmişdir. Bu istiqamətdə Azərbaycanın daha bir təklifi BMT ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) arasında əlaqələrin inkişafı ilə bağlı olmuşdur.
2017-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyası keçirilmişdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə iclas iştirakçılarına ətraflı məlumat vermişdir.
2020-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi iclasda videoformatda çıxış edib. Dövlət başçısı çıxışı zamanı Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək 2020-ci il 27 sentyabr tarixindən öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladığını vurğulamışdır. 44 gün davam edən müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin azad etmişdir. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etmişdir.
Şuşa şəhərində 18 mart 2022-ci ildə BMT- Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müzakirələr 2 panel üzrə aparılmışdır. Birinci paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçirilmiş, ikinci paneldə isə COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, postpandemiya dövrünün reallıqları, Azərbaycanın qlobal təşəbbüsləri kimi məsələlər müzakirə edilmiş, bu əməkdaşlıqla bağlı poçt markasıda buraxılmışdır.
Azərbaycan Pandemiya zamanı Dünya Səhiyyə Təşkilatı vasitəsilə 80 ölkəyə yardım etməklə BMT-nin fəaliyyətlərinə öz töhfəsini vermişdir.
Beləliklə, Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı əlaqələr sürətli inkişaf yolu keçərək, çoxşaxəli əməkdaşlığa çevrilmiş və Azərbaycanın müstəqil dövlət kimi inkişafında, beynəlxalq aləmdə müvafiq yer tutmasında mühüm rol oynamışdır.
Tövsiyə edilən ədəbiyyat: