XX əsrin əvvəllərində Qacarlar sülaləsinin (1796-1925) hakimiyyəti altında olan Cənubi Azərbaycanda gərgin sosial-iqtisadi böhran yaşanırdı. İranın Rusiya və İngiltərə kimi dövlətlərin yarımmüstəmləkəsinə çevrilməsi, şahın və onun məmurlarının özbaşınalığı, dalbadal baş verən qıtlıq, hakim dairələrdəki rüşvətxorluq ölkədə geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırmışdı. Boşalmış xəzinəni doldurmaq üçün kəndli və sənətkarlardan, həmçinin tacirlərdən alınan vergi qanunsuz şəkildə artırılırdı. Əldə olunan gəlirlər isə şahın və onun yaxınlarının ehtiyaclarına sərf edilirdi. Əhalinin bütün zümrələri hökumətdən narazı idi. Var-yoxdan çıxan və feodal istismarından əziyyət çəkən kəndlilər güzəran dalınca qonşu ölkələrə üz tuturdular.
Cənubi Azərbaycanda demokratik fikrin yayılmasında, milli siyasi şüurun oyanmasında, xarici imperializmə və yerli feodal zülmünə qarşı mübarizənin güclənməsində bir sıra başqa amillərin də böyük təsiri var idi. Belə ki 1904-cü ilin dekabrında Bakıda baş verən və qələbə ilə nəticələnən fəhlə tətilləri, Rusiyada 1905–1907-ci illərdə olan burjua-demokratik inqilabı İranın, xüsusən də Cənubi Azərbaycanın siyasi mühitinə təsir göstərməklə orada həyəcan və çıxışların güclənməsinə, inqilabi hərəkatın başlanmasına təkan verdi.
İranda bütün bu həyəcan və etirazların siyasi partlayışa çevrilməsi bir qığılcıma bənd idi. 1905-ci il dekabrın 12-də Tehranda Baş nazir Eynüddövlənin qəndin qiymətinin bahalaşmasını bəhanə edərək paytaxtda 17 taciri həbs etdirib döydürməsi, onların dükanlarının qarət olunması qığılcım rolunu oynadı. Tehranla yanaşı, Təbrizdə, Ərdəbildə, Xoyda, Zəncanda və Cənubi Azərbaycanın digər şəhərlərində də bazar və dükanlar bağlandı, etiraz nümayişləri, çıxışlar başlandı. Yüzlərlə adam müqəddəs yerlərdə bəstə oturdu. (Bəstə oturmaq – əhalinin toxunulmaz saydığı müqəddəs yerlərdə, xarici ölkələrin səfirliklərində oturaraq keçirdiyi etiraz formasıdır.)
Etirazçıların tələbləri bunlar idi: 1. Konstitusiyanın (Məşrutənin) qəbulu; 2. Məclisin, yəni parlamentin çağırılması; 3. Xarici məmurların ölkədən qovulması.
Arasıkəsilməyən çıxışlar nəticəsində qorxuya düşən şah hökuməti inqilabçıların tələblərinə əməl etməyə məcbur oldu. 1906-cı il avqustun 5-də Müzəffərəddin şah Konstitusiya qəbul edilməsi haqqında fərman verdi, bunun ardınca məclisə seçkilər keçiriləcəyi elan olundu. Təbriz şəhərində seçkili orqanlar – əncümənlər (seçkili inqilabi orqan) yaradıldı. Əncümən qanunverici hakimiyyət orqanı idi, bütün qərar və sərəncamlar onun tərəfindən verilirdi. Əncümənin qərarı ilə əhalinin ərizə və şikayətlərinə baxmaq üçün Ədliyyə, qayda-qanuna nəzarət etmək üçün Nəzmiyyə, vergi toplamaq üçün Maliyyə idarələri yaradıldı. Bələdiyyə idarəsi dağılmış küçələri, bazar və karvansarayları bərpa edirdi. Çörək bolluğu, ucuzluq və gözlənilən hücumlara qarşı taxıl ehtiyatı yaratmaq üçün xüsusi komissiya təşkil olundu. Komissiya şəhərdəki taxıl anbarlarını möhürlədi və kəndlərdən buğda-arpa gətirilməsini təşkil etdi. Hər gün əncümənin təyin etdiyi qiymətə çörəkçilərə verilən taxıldan bişirilən çörək əhaliyə ucuz satılırdı. Şəhəri müdafiə etmək məqsədilə varlıların üzərinə “Müharibə xərci” adlanan vergi qoyulmuşdu. Təbrizin ardınca əncümənlər Cənubi Azərbaycanın Urmiya, Ərdəbil, Marağa, Salmas, Maku, Zəncan, Xalxal və başqa şəhərlərində də yaradıldı.
1906-cı il dekabrın 30-da ölüm yatağında olan Müzəffərəddin şah hələlik birinci hissəsi hazırlanmış Konstitusiyanı imzaladı. Lakin 1907-ci ilin yanvarında taxta əyləşmiş Məhəmmədəli şah atasının imzaladığı Konstitusiyanı tanımaq istəmirdi. O, inqilabı yatırmağa, iştirakçılarını isə cəzalandırmağa çalışırdı. Bu xəbər İranın digər yerləri ilə yanaşı, iqtisadi tətillərin baş verdiyi və siyasi mübarizənin davam etdiyi Təbrizdə də hərəkatın dərinləşməsinə səbəb oldu.
1907-ci ilin fevralında fəhlə və qulluqçulardan, məktəb müəllimləri və tələbələrdən ibarət tətilçilər teleqrafxana ətrafında toplaşdılar. Şah geri çəkilməyə məcbur olub Konstitusiyanı əlavələrlə birgə imzaladı. 1908-ci ilin əvvəllərində şah aranın sakitləşdiyini düşünüb hücuma keçməyə cəhd etdi. Hərəkatda fəal iştirak edən xeyli adam həbs olundu. İyun ayında şahın göstərişi ilə rus zabiti V.P.Lyaxovun dəstəsi məclisi və Tehran şəhərindəki Azərbaycan nümayəndəliyinin yerləşdiyi binanı top atəşinə tutub dağıtdı. Buna cavab olaraq, Səttarxanın başçılığı ilə Təbrizdə silahlı üsyan başladı. O, sayı 20 minə çatan könüllülərdən ibarət fədailər dəstəsi yaratdı və Hərbi Şura təşkil etdi. Xalqın məhəbbətlə “Sərdari-milli” adı verdiyi Səttarxanın yaxın köməkçisi “Salari-milli” adlandırılan Bağırxan oldu. Üsyançılar Təbrizi əks-inqilabçılardan təmizlədilər. Şəhərdə qayda-qanun yaradıldı, xalqın nifrət etdiyi şah məmurları, o cümlədən vali Səməd xan qovuldu. İran inqilabçılarına gizli yolla göstərilən köməyin artmasının bir səbəbi də şah hökumətinin xaricdə olan dövlət məmurlarının bir çoxunun inqilaba rəğbət bəsləməsi və əncümənlərə üzv yazılması idi.
Belələrinə misal olaraq Yelizavetpol, Bakı, Aşqabad və Tiflisdəki konsulları göstərmək olar. Dünyanın müxtəlif yerlərindən üsyançılara maddi və mənəvi dəstək gəlirdi. İnqilaba ilk yardımı qonşu ölkələrə müvəqqəti iş üçün getmiş İran təbəələri göstərirdilər. Bunlar başlıca olaraq Qafqaz, Mərkəzi Asiya və Volqaboyunun sənaye mərkəzlərində, limanlarında, müxtəlif nəqliyyat işlərində, eləcə də kənd təsərrüfatı sahəsində çalışan, böyük əksəriyyəti Cənubi Azərbaycandan gəlmiş fəhlələrdən ibarət idi. Başda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olmaqla, Azərbaycan milli burjuaziyasının ən görkəmli nümayəndələrinin İran inqilabçılarına hərtərəfli yardımı xüsusi qeyd edilməlidir. Həmin dövrdə nəşr olunan “İrşad”, “Tazə həyat” qəzetləri və “Molla Nəsrəddin” jurnalı İran inqilabına mənəvi dəstək olur, Səttarxan, Bağırxan, Hüseynxan haqqında məqalələr çap edirdilər. Üsyanın genişlənməsi imperialist dövlətləri, xüsusilə Rusiya və İngiltərəni narahat edirdi.
Fədailəri tərk-silah etmək məqsədilə Səttarxan və Bağırxan 1910-cu ilin mart ayında Tehranın rəsmi dairələri tərəfindən paytaxta dəvət olundular. Şaha inanan və artıq qan tökülməsinə yol vermək istəməyən Səttarxan dəvəti qəbul edib Tehrana gəldi. Əldə olunan razılığa baxmayaraq, onun adamlarına xəyanətkarcasına hücum edildi. Ağır yaralanan Səttarxana geri qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu, lakin çar Rusiyasının Cənubi Azərbaycanda olan qoşunları əhalinin fəal çıxışına imkan vermədi. Xarici təbəələri qorumaq bəhanəsi ilə əks-inqilabi qüvvələr Təbriz üzərinə hücuma başladılar.
1911-ci il dekabırın 20-də çar Rusiyasının qoşunlarının Təbrizə hücumu və dekabrın 28-də şəhərin tutulması inqilabın məğlubiyyəti ilə nəticələndi. Üsyan qan içində boğuldu.
Beləliklə, 1905–1911-ci illər İran burjua inqilabının ən gərgin anlarında mühüm, həlledici rol oynamış və irtica qüvvələrinin qarşısında aciz qaldığı hərəkat yalnız xarici müdaxiləçilərin ordusu tərəfindən yatırıla bildi.
Tövsiyə edilən ədəbiyyat: