Görkəmli Azərbaycan yazıçısı, publisist, dramaturq, şair və ictimai xadim Məmməd Səid Ordubadi 24 mart 1872-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. Atası şair Hacıağa Fəqir bəy, anası Nənəqız xanımdır. Atası öldükdən sonra 7 yaşlı Məmməd və bacısı bir müddət əmilərinin himayəsində böyümüşlər. Məmməd Səid Ordubadi ilk təhsilini məhəllə mollaxanasında axund Şərəbanidən almış, sonradan təhsilini, Mirzə Baxışın məktəbində davam etdirmişdir. Məmməd Səid 1890 - cı ildən böyük maarifpərvər Məmməd Tağı Sidqinin Ordubadda açdığı yeni üsullu məktəbdə təhsil almağa başlayır. Elmə böyük marağı olan Ordubadi maddi çətinliklərə görə ailəsini dolandırmaq üçün dördüncü sinifi bitirdikdən sonra təhsilini davam etdirə bilmir. Fabrik və zavodlarda işləmək məcburiyyətində qalır. Buna baxmayaraq, Ordubadi, biliyini şəxsi mütaliə yolu ilə artırır.
Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb. Aşiqanə parçalardan ibarət olan ilk şeirlərini, Azərbaycan və fars dillərində yazıb. 1903 - cü ildə "Şərqi-Rus" qəzetində Ordubadinin mətbuatda çıxan ilk "Şərqi-Rus" qəzetinə" adlı şeiri çap olunur. 1905-ci il inqilabından ruhlanan şairin yaradıcılığında yeni dövr başlayır. 1906-cı ildə şairin "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabçaları çapdan çıxır. Hər iki kitabda müəllifin maarifçi fikirləri öz əksini tapmışdır. Bu şeir kitablarında şair, doğma vətəninin gözəl təbiətini təsvir etməklə yanaşı, Vətənin nicatını ancaq hürriyyətə can atmaqla və xalqın birliyi ilə əldə olunacağını ifadə edir. “Vətən və Hürriyyət” də Cavad xanla bağlı məsələlər diqqəti cəlb edir. Gəncə hakimi Cavad xanın şəxsiyyəti, onun öz xalqına, Azərbaycan torpağına olan böyük məhəbbəti, bu yolda həyatını qurban verməsi həyəcanla təsvir olunub.
Məmməd Səid Ordubadinin yaradıcılığının mühüm bir qolunu felyetonlar və satiralar təşkil edir. O, “Molla Nəsrəddin” jurnalında dərc olunan felyetonlarında dövrün bir sıra mühüm ictimai problemlərinə toxunur, gerilik və nadanlığı, zülm və ədalətsizliyi tənqid edir.
Məmməd Səidin 1914-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap olunan ilk dram əsəri “Bağı-şah, yaxud Tehran faciəsi” olmuşdur. “Teymurləng və İldırım Bəyazid” pyesini qələmə alan yazıçı birinci dünya müharibəsi illərində işğalçı müharibələrə qarşı öz etrazını bildirir. 1915-ci ilin yanvarında Culfada həbs olunaraq, Saritsınaya (indiki Volqoqrad) sürgün edilən ədib, 1920-ci il mayın əvvəlində Bakıya gəlir. Bakıda "Əxbar" qəzetinin redaktor müavini, bir qədər sonra isə, redaktoru olur. 1925-1928-ci illərdə "Yeni yol" qəzetinin redaktoru, bir müddət "Molla Nəsrəddin" jurnalının müdiri vəzifələrində işləyir. 1920-ci ildən daha məhsuldar işləyən ədib şeir, felyeton, publisistik məqalələr yazır, tərcüməçiliklə məşğul olur, şeir kitabları çap etdirir.
Vətənpərvərlik ruhunda çoxlu məqalələr yazaraq Azərbaycan tarixini qədim zamanlardan müasir dövrədək müxtəlif janrlarda tarixi faktlara əsaslanaraq, əsərlər yazmağı planlaşdırır. Bunun başlıca səbəbi o illərdə Azərbaycan tarixinə aid dolğun elmi əsərlərin azlığı olur. Ordubadi, əsərlərini ilk tarixi roman janrında yazaraq, Azərbaycan ədəbiyyatı tarixində “tarixi roman” janrının əsasını qoymuşdur. Yazıçı dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirərək Azərbaycan ədəbiyyatı və tarixinə dəyərli əsərlər miras qoymuşdur. İlk tarixi romanı, dörd cildlik "Dumanlı Təbriz" roman-epopeyasını (1933-1948), "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940), Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946-1948) romanlarını yazaraq, o, dövrün tarixi hadisələrini olduğu kimi göstərmişdir. Müharibədən sonra qələmə aldığı "Təzə adam" romanı və Sumqayıt tikintisindən bəhs edən "Böyuk quruluşda" adlı dram əsəri sovet adamlarına həsr olunmuşdur.
Məmməd Səid Ordubadi ədəbiyyatımıza böyük töhfələr verməklə yanaşı, musiqili teatr sahəsində də, mühüm xidmətlər göstərib. M.S.Ordubadinin ədəbi fəaliyyətinin bir hissəsini də bir sıra məşhur opera və operettalara yazdığı librettolar təşkil edir. Üzeyir Hacıbəylinin “Koroğlu”, Müslüm Maqomayevin “Nərgiz”, Əfrasiyab Bədəlbəylinin “Nizami” operalarının, Fikrət Əmirovun “Ürəkçalanlar”, Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyalarının libretto müəllifidir.
Görkəmli yazıçının əsərləri müxtəlif dillərə tərcümə edilib və əsərləri səhnəyə qoyulmuşdur. Azərbaycanda bir sıra küçələrə, mədəni-maarif müəssisəsinə yazıçının adı verilib. Ordubadda və Bakıda ev-muzeyi yaradılmış, Naxçıvanda büstü qoyulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Azərbaycan xalqının həyatında böyük iz qoyan ustad sənətkar 1950-ci il may ayının 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Tövsiyə edilən ədəbiyyat: