Sabit Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il martın 26-da Şəkidə anadan olub. İlk təhsilini Şəkidə aldıqdan sonra Bakıda A.Şaiq adına nümunə məktəbində oxuyub. 1924-cü ildə Bakı Darülmüəlliminə (Darülmüəllimin - Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra kişi müəllim kadrları hazırlamaq üçün Bakıda açılmış pedaqoji məktəb) daxil olur, burada ona H.Cavid, A.Şaiq və S.Hüseyn kimi sənətkarlar dərs demişdi. Qantəmirin müdiri olduğu məktəbi bitirdikdən sonra 1926-cı ildə yenidən Şəkiyə qayıdaraq vaxtilə oxuduğu məktəbə müəllim təyin olunur. Bir müddət sonra ali təhsil almaq üçün Bakıya gəlir və Bakı Ali Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsində təhsilini davam etdirir (1929-1932). Bu illərdən başlayaraq "Molla Nəsrəddin", "Kommunist", "Gənc işçi", "Yeni yol", "Dağıstan füqərası", "Nuxa fəhləsi" qəzet və jurnal səhifələrində müxtəlif səpkili (məqalə, şeir, felyeton və s.) yazılarla çıxış edir.
"Şirin bülbül" (1932) və "Pozğun" (1932) kitablarının nəşri ədəbi mühitdə maraqla qarşılanır. Bundan ruhlanan S.Rəhman "Vəfasız" povestini yazır. Əsər Azərbaycan tənqidi tərəfindən kəskin tənqid olunur və onun müəllifi Bakını tərk etməyə məcbur olur. O, yenidən Şəkiyə qayıdaraq Azərbaycan kəndini və həyatını öyrənir və yalnız Azərbaycan sovet yazıçılarının I qurultayında iştirak etməsi barədə teleqram aldıqdan sonra Bakıya qayıdır. Bir müddət teatrda bədii hissə müdiri işləməsi onu bu mühitə yaxınlaşdırır. İki il Moskvada ssenari kursunda təhsil alması isə onu kino sənətinə gətirən amillərdən olur. "Toy" və "Xoşbəxtlər" komediyasının uğurlu taleyi tezliklə onu adının A.Korneyçuk, B.Romaşov, İ.İlf, V.Petrov, M.Zoşşenko kimi dövrün satirikləri ilə yanaşı çəkilməsinə səbəb olur. "Aşnalar" (1945), "Aydınlıq" (1949), "Nişanlı qız" (1953), "Əliqulu evlənir" (1961), "Yalan" (1965), "Dirilər" (1970) və s. əsərlərilə Azərbaycan komediya poetikasına zənginlik gətirmişdir.
Azərbaycan incəsənətində ilk kinokomediya ("Arşın mal alan" (1941), ilk musiqili kinokomediya ("Əhməd haradadır" (1964) janrlarının yaranması da S.Rəhmanın adı ilə bağlıdır. "O olmasın, bu olsun", "Ulduz", "Koroğlu" filmləri də kino tariximizin əhəmiyyətli səhifələrini təşkil edir. S.Rəhman yaradıcılıq yolunda "Ulduz", "Hicran" musiqili komediyalarını da yazmağa müvəffəq olmuş, janrın inkişafı üçün geniş yol açmışdır.
Onun ədəbi-bədii irsi içərisində əllidən çox hekayə, "Son faciə", "Arzular" povestləri, "Nina" (1947), "Böyük günlər" (1952) romanları, bir neçə pyes, onlarla məqalə, tərcümə, libretto və oçerklər təşkil edir.
1943-cü ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur.
Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib.
Şəki Dövlət Dram Teatrı, Bakı və Şəki şəhərlərində küçələr Sabit Rəhmanın adını daşıyır.
Tövsiyə edilən ədəbiyyat: