Tarixdən səhifələr

Mollanəsrəddinçi şair Mirzə Əli Möcüz

Mirzə Əli Hacı Ağa oğlu Möcüz 1873-cü il mart ayının 29-da Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. Möcüzün atası Hacı ağa işlə bağlı tez-tez İstanbula səfər edərmiş. Hətta iki böyük oğlunu Hüseyn və Həsəni ora aparmış və orda yaşamaq üçün şərait yaratmışdır. Kiçik oğlunu Mirzə Əlini öz yanında saxlamışdır. Mirzə Əli ilk təhsilini öz vətənində Şəbustərdə molla məktəbində almışdır. On altı yaşında ikən atası vəfat etmiş, yetim qalan uşağı qardaşları İstanbula çağırmışdılar. Möcüz 16 il İstanbulda yaşamış, tədris ləvazimatı satmaqla məşğul olmuşdur. İstanbul mühiti Möcüzə təsirsiz qalmayıb. O, vaxtının çoxunu mütaliə ilə keçirib, Şərq ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı həvəslə izləyib.

M.Ə.Möcüz ilk şeirlərini də İstanbulda olarkən yazmışdır. Şairin yaradıcılığında mollanəsrəddinçilərin, xüsusilə M.Ə.Sabirin güclü təsiri özünü göstərir. M.Ə.Möcüzün əsərlərində məişət məsələlərindən başlamış böyük ictimai-siyasi hadisələrə qədər ən zəruri problemlər satirik bir üslubda əksini tapmışdır. Şair Cənubi Azərbaycanda M.Ə.Sabir ədəbi üslubunu layiqincə davam etdirən demokratik ruhlu, sadə ana dilində yazıb-yaradan qüdrətli bir xalq şairi kimi tanınmışdır. Şeirlərinin bir çoxu çap olunmamışdan əvvəl xalqın dilində əzbər olmuş və yayılaraq şöhrət qazanmışdır.

"Molla Nəsrəddin" jurnalının nəşri M.Ə.Möcüzü satirik tərzdə yazmağa ruhlandırmış, o, ömrünün sonunadək M.Ə.Sabir məsləkinə və üslubuna sadiq qalmışdır. O, ustadı M.Ə.Sabir kimi xalqını güldürərək düşündürmək və cəhalət yuxusundan oyadıb elmə, maarifə qovuşdurmaq amalı ilə yaşayırdı. "Mən xalqımı Sabir kimi oyadacağam" deməsi də şairi İranda istismarçı hakim dairələrin, dini xurafatı yayan mövhumat tərəfdarlarının, rüşvətxor dövlət məmurlarının, acgöz möhtəkirlərin təqibləri ilə üz-üzə qoymuşdur. 1921-ci ildə "Molla Nəsrəddin" Təbrizdə nəşr olunarkən M.Ə.Möcüzün şeirləri "Kabla Haxverdi" və "Təzə şair" kimi gizli imzalarla jurnalda dərc olunmuşdur. Şairin satirik şeirləri jurnalın 1, 2, 3, 4, 5, 6 və 8-ci nömrələrində yer almışdır. Həmin şeirlər 4 və 5-ci saylarda "Nisab" və "Hamamlarımız" adı ilə, digər nömrələrdə isə "Ədəbiyyat" başlığı altında dərc edilmişdir.

XX əsrin əvvəllərində İranda baş vermiş mühüm ictimai-siyasi hadisələr – 1905-1911-ci illərdə Səttarxan hərəkatı, ingilis və Amerika imperialistlərinin İrandakı müstəmləkəçilik siyasəti, inqilabi hakimiyyəti məğlubiyyətə uğratmaları, millət məclisinin istismarçıların əlinə keçməsi, şahlıq rejiminin azadlıq mücahidlərinə qarşı amansız, qanlı terroru, ölüm cəzaları kimi məsələlər M.Ə.Möcüz yaradıcılığının əsas leytmotivini təşkil edir. M.Ə.Sabir satiralarının təsiri ilə yaranan bu şeirlər Cənubi Azərbaycanda hakim təbəqələri amansızcasına ifşa edir, onların əsl simasını xalqa tanıtdırırdı.

Ş.M.Xiyabaninin rəhbərliyi altında çıxış edən demokrat partiyasının çağırışı ilə Təbrizdə milli istiqlaliyyət bayrağının ucaldılması, milli hökumət qurulması şairi qəlbən ruhlandırmışdı. M.Ə.Möcüz yaradıcılığında qadın azadlığı xüsusi yer tutur. Şərq qadınının nicat yolunu maarifləndirməkdə görən şair 1932-ci ildə çox böyük çətinliklə də olsa, qız məktəbi açmağa nail olmuşdur.

M.Ə.Möcüz 1933-cü ildə təqiblərdən qurtarmaq üçün doğma yurdunu tərk etməyə məcbur olub, İranın şimal-şərqindəki Şahrud şəhərinə köçmüş, 1934-cü il sentyabr ayının 25-də altmış bir yaşında orada vəfat etmişdir.
 

Tövsiyə edilən ədəbiyyat:

  1. Ələsgərova, Sakibə İsmayıl qızı. Mirzə Əli Möcüz Şəbüstəri /S. Ələsgərova; Elmi red.: X. Məmmədov. - Bakı: ADPU, 2002. - 182 s.
  2. Möcüz, Mirzə Əli Şəbüstəri. Seçilmiş əsərləri: [şeirlər] /Mirzə Əli Möcüz ; toplayanı, tərt. ed. və ön sözün müəl. Q. Məmmədli. - Bakı: AVRASİYA PRESS, 2006. - 216 s.
  3. Möcüz, Mirzə Əli Şəbüstəri. Əsərləri/Mirzə Əli Möcüz ; toplayanı, tərt., izahların müəllifi Q. Məmmədli ; red. S. Dağlı. - Bakı: Yazıçı, 1982. - 352 s.
  4. Hüseynov, Firidun Cəlal oğlu. "Molla Nəsrəddin" və Mollanəsrəddinçilər [Mətn] /F. Hüseynov ; rəyçi. X. Məmmədov. - Bakı: Yazıçı, 1986. - 277 s.