Tarixdən səhifələr

Beynəlxalq Qadınlar Günü

Əlamətdar tarixi günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etməsiylə başlamış və onun bu təklifi qəbul edilmişdir.

Keçmiş SSRİ-də 8 mart rəsmi bayram kimi elan edilsə də, 1965-ci ilə qədər iş günü olmuş, yalnız SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 8 may 1965-ci il tarixli fərmanı ilə 8 mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günü kimi qəbul edilmişdir.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşmüşdür. İki il sonra, 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilmişdir.

Azərbaycan müstəqiilik əldə etdikdən sonra 8 mart Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etmişdir.

Azərbaycan qadını dünyaya ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Tariximizə nəzər yetirdikdə “Dədə Qorqud Dastan”ında qadınlar yüksək qiymətləndirilmiş “Ana haqqı - Tanrı haqqı”, “Öküm qatun” oğuzların təfəkküründə qadın kultunun izləri kimi çox uzaq keçmişlərdən bəri xalqımızın qadınlara verdiyi dəyərdən xəbər vermişdir. Bununla yanaşı Azərbaycanın ilk diplomat qadını Ağqoyunlu hökmdarı Uzun Həsənin və Cahangir Mirzənin anası, Pir Əli Bayandurun qızı Sara (Saray) xatun qadınlarımızın simasında çox əsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qarabağ xanlığının banisi İbrahimxəlil xanın yeganə varisi və nəvəsi Xurşudbanu Natəvanı xalq arasında“Xan qızı” olaraq əbəs yerə adlandırmamışlar.

Yaxın tariximizə nəzər saldıqda Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayeva həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almiş ilk qadın bəstəkardır. “Gəlin qayasını” bəstələyən Şəfiqə Axundova Sərqdə ilk opera bəstələyən qadın kimi tarix yazmışdır. Qəmər Salamzadə müsəlman şərqində rejissor sənətinə yiyələnən ilk qadındır. Müsəlman şərqində ilk təyyarəçi xanım Leyla Məmmədbəyovadır.

Müasir dövrdə də qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanı bunun bariz nümunəsidir.

Heyder Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət qadın problemini diqqət mərkəzində saxlayır. Bu məqsədlə Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qadının ailədə, dövlət quruculuğundakı rolunun artırılmasına, hüquqi, sosial və mənəvi maraqlarının qorunması sisteminin təkmilləşrilməsinə xidmət etməkdədir.

Müstəqil Dövlətimizin qadınlarımıza verdiyi bu hüquqlar onlara ölkəmizin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışmağa çox böyük imkanlar yaratmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlər sayəsində sübut edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın tanıdılmasında, Azərbaycan gənclərinin potensialının inkişaf etdirilməsində mühüm işlər həyata keçirdir.

Azərbaycan Prezidenti İham Əliyevin sözləri ilə desək, “Azərbaycan qadını milli dövlət quruculuğ   işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur”.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan qadını ensiklopediyası = Encyclopaedia of Azerbaijan Women / red. heyəti: R. Ə. Mehdiyev [et al.]; red.: İ. Ö. Vəliyev [et al.]. - Bakı : Azərbaycan Milli Ensiklopediyası NPB, 2002. - 404 s.
  2. Abbasova, Sevinc Zakir qızı. Nəsillərə örnək: Azərbaycan qadını : qədim dövr - orta əsrlər - XIX əsr / S. Z. Abbasova ; elmi red. F. F. Əhmədova ; red. V. Məmmədov. - Bakı : Elm və təhsil, 2014. - 160 s.
  3. Abbasova, Sevinc Zakir qızı. Azərbaycan Respublikasında dövlət qadın siyasəti və qadınların tərəqqisi / S. Z. Abbasova ; elmi red. E. Zamanov. - Bakı : Elm və təhsil, 2016. - 546 s.
  4. Azərbaycan ailəsi / Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi; red. heyəti: H. K. Hüseynova [et al.]. - Bakı : Elm və təhsil, 2016. - 131 s.
  5. Zeynallı, Samirə. Tarix yazan xanımlarımız : keçmişdən bugünədək / S. Zeynallı ; red. M. Nemətoğlu. - Bakı : Azərbaycan nəşriyyatı, 2017. - 304 s.