Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsində əsas məqsəd dünyaya inteqrasiya, o cümlədən Avropa, Asiya və Amerikadan alınan məlumatlarla Xalq Cümhuriyyətinin dövlət qurumlarını, eyni zamanda yeni dövlətin informasiya siyasətini cəmiyyətə çatdıran mətbuat orqanlarını, ictimai təşkilatları təmin etmək idi.
1919-cu il martın 3-də Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili edilməsi məsələsi gündəliyə salınmış və müzakirə olunmuşdu. İclasda Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin bu məsələnin vacibliyini açıqlayan məruzəsi dinlənilmiş, Xalq Maarif naziri Nəsib bəy Usubbəyliyə Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi haqqında rəsmi tapşırıq verilmişdi. Lakin ilk gündən ortaya cıxan texniki cətinliklər, xüsusilə agentliyinin real fəaliyyətinin, informasiyanın qəbulu və ötürülməsinin bilavasitə radio – texniki vasitələrdən asılı olduğundan bu qərar dəyişdirilmiş, agentliyin təşkil olunması məsələsi Xalq Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinn sərəncamına verilmişdi.
Azərbaycan Teleqraf Agentliyinin –AzərTAc-ın ştatlarının layihəsi və əsasnaməsi 1920-ci il fevralın 2-də hökümətin iclasında müzakirə edilir və müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınır.
1920–ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Teleqraf Agentliyi fəaliyyətə başlayır.
Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AzərTAc formal olaraq müstəqilliyini qoruyub saxlasada, əslində Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı kimi fəaliyyət göstərirdi.
1920-ci il iyunun 9-da AzərTAc xəbər agentliyi ROSTA-nın bir bölməsi olur. Bu Nəriman Nərimanovun “Azərbaycan Mərkəzi Mətbuat Kollegiyası yaradılması haqqında” dekreti imzalamasından sonraya təsadüf edir. Həmin dekretlə o vaxt fəaliyyət göstərən ROSTA-nın Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsi (AzQafROSTA) aparıcı şöbələrdən biri kimi Kollegiyaya daxil edilir. Quruma ROSTA-nın Qafqaz üzrə səlahiyyətli nümayəndəsi, kommunist S.Y.Boqdatyev rəhbərlik edirdi. Tanınmış jurnalist Ağababa Yusifzadə o vaxtlar informasiya işinin təşkili üzrə kollegiyanın sədri olmuşdu.
AzərTAc-ın yeni varisi AzQafROSTA-nın fəaliyyəti təkcə Bakı ilə məhdudlaşmamış, respublikanın digər şəhərlərində də (Gəncə, Şuşa, Lənkəran və s.) onun bölmə və məntəqələri fəaliyyət göstərirmişdi. Onlar yerlərdə baş verən hadisələr haqqında məlumatlar hazırlayır və daxili imkanlarından istifadə etməklə informasiya xarakterli divar qəzetləri və təşviqat plakatları da buraxırdılar.
1921-ci ildə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu. Həmin ilin avqustunda adı dəyişdirilərək AzərTA adlandırıldı. AzərTA QafROSTA-nın bazasında yenidən təşkil olunandan sonra Qubad Qasımov iyulun 14-də agentliyin direktoru təyin edilir.
1922-ci ildə SSRİ qurulduqdan sonra isə AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradıldı və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa etdi.
1969-cu ildə Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində olduğu kimi o vaxt Azərinform adlanan milli xəbər agentliyi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Məhz Heydər Əliyevin sayəsində hələ sovet dövründə agentliyin ittifaqda birincilər sırasında, o vaxtın ən müasir texniki avadanlığı ilə təchiz edilməsi, müstəqillik illərində AZƏRTAC-ın rəsmi informasiya orqanı statusunun bərpa olunması, fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi önəm daşımışdır.
18 dekabr 1992-ci ildə AzərTAc tarixi adını bərpa etsə də, müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşmiş, agentliyin təsərrüfat hesabına keçirilməsi ciddi iqtisadi çətinliklər yaratmışdır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı AzərTAc-ın da fəaliyyəti üçün geniş imkanlar açmışdır. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlarla agentlik dövlət himayəsinə götürülmüş, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yaxşılaşdırılması üçün olduqca ciddi tədbirlər görülmüşdür. AzərTAc-ın ilk dəfə olaraq xarici ölkələrdə müxbir məntəqələri açılmışdır.
Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan agentliyin tarixi adı Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaytarıldı: 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başladı. Nəhayət, Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırıldı.
AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-yə yaxın agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan) və digər nüfuzlu xəbər yayımçıları var.
AZƏRTAC beynəlxalq və regional media təşkilatları çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə sıx əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib.
AZƏRTAC-ın 21 ölkədə 22 müxbiri fəaliyyət göstərir. Ümumilikdə müxbir məntəqələri 65 ölkəni əhatə edir. 11 beynəlxalq və regional təşkilatın və informasiya platformasının üzvüdür: Türk Xəbər Agentlikləri Birliyi – ATNA, İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyi – UNA, Dünya Xəbər Agentlikləri Konqresi – NAWC, Dünya Xəbər Agentlikləri Şurası – NACO, . Avropa Xəbər Agentlikləri Alyansı – EANA, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı – OANA, Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Milli İnformasiya Agentlikləri Assosiasiyası – ANİA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası – BSANNA, Müstəqil Dövlətlər Birliyi Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurası, "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platforması, PNN İnformasiya mübadiləsi şəbəkəsi.
AZƏRTAC ölkədə və dünyada baş verən hadisələrlə bağlı 7 xarici dildə xəbər yayır. Bura rus, ingilis, alman, fransız, ispan, ərəb və Çin dilləri daxildir. Xarici dillərdə gündəlik 300-ə yaxın informasiya buraxılır. Eyni zamanda 4 dildə - rus, ingilis, alman və fransız dillərində videoinformasiyalar hazırlanır.
Tövsiyə edilən ədəbiyyat: