Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub.
Azərbaycan Respublikası və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Tərəflər arasında yüksəksəviyyəli siyasi dialoq, energetika, ticarət və investisiya, mədəni və humanitar sahələri əhatə edən geniş əhatəli əməkdaşlıq və güclü ikitərəfli əlaqələr mövcuddur. İkitərəfli əlaqələrin inkişafının əsasında Ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu var. Ulu Öndərin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində atdığı ilk addımlardan biri də Böyük Britaniya ilə münasibətlərin inkişaf etdirilməsi oldu. Ümummilli lider Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununu təşkil edib. Ulu Öndərin 1994-cü ildəki səfəri, Birləşmiş Krallığın Baş naziri Con Meycor ilə keçirdiyi görüş və imzalanan sənədlər ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu. Həmin vaxtdan başlayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənib, möhkəm siyasi dialoq qurulub, iqtisadi sahədə önəmli nəticələr əldə olunub. Bununla paralel olaraq, humanitar sahədə də intensiv mübadilələr həyata keçirilib və əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Məhz bunun göstəricisidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda və daha geniş Xəzər dənizi hövzəsində Böyük Britaniyanın etibarlı tərəfdaşıdır.
2004-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı dövlət başçısının bu ölkənin baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə" yenidən təsdiqlənib. T.Bleyer və Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike qəbul ediblər.
İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. İqtisadi əməkdaşlığımızın uzun tarixi kökləri var. Hələ XIX əsrin sonu-XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə böyük həcmdə kapital yatırıb. 1904-cü ildə Böyük Britaniya ağ neftə tələbatının 47 faizini Bakı nefti hesabına ödəyib. 2016-cı ilin aprelində Baronessa Emma Nikolson Baş nazirin Azərbaycan, Türkmənistan və İraq üzrə ticarət elçisi təyin edilib. Həmin vaxtdan E.Nikolson ölkəmizə bir sıra səfərlər edib, həmçinin iqtisadi sahədə əməkdaşlığın genişlənməsi məqsədilə ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər və mütəxəssislərinin Britaniyaya səfərlərini təşkil edib. 2021-ci ilin mayında təsis edilən Böyük Britaniya-Azərbaycan Ticarət və Sənaye Palatası 2022-ci ildə fəaliyyətə başlayıb.
Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Böyük Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandığı vaxtdan etibarən SOCAR və BP arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Böyük Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.
Ölkələrimiz arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Belə ki, 2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi və 2016-cı ildə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu təsis edilmişdir. Bundan əlavə, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adı verilmişdir ki, beləliklə də, sözügedən qurumların təşəbbüsü ilə hər il Bakıda və Londonda çox sayda mədəni və elmi tədbirlər keçirilir.
Ölkələrimiz arasında alternativ enerji sahəsində də uğurlu əməkdaşlıq qurulub. Böyük Britaniya ilə enerji sahəsində əməkdaşlıq əlaqələri bu gün yeni mərhələyə yüksəlib. "Yaşıl enerji"yə keçid istiqamətində birgə fəaliyyət ölkəmizdə qeyri-neft sahəsində əlaqələrin şaxələnməsində böyük əhəmiyyət kəsb edir.
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayan Azərbaycan dost ölkələri bu ərazilərin yenidən qurulması işində iştirak etməyə dəvət edib. Böyük Britaniya şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə mühüm töhfələr verir, yer üzündən silinmiş şəhər və kəndlərin yaradılmasında yaxından iştirak edirlər. Bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olan hər iki ölkə səmərəli işgüzar əlaqələrin və qarşılıqlı etimadın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində səylərini artırırlar.
Azərbaycan-Böyük Britaniya münasibətləri beynəlxalq siyasətin və iqtisadiyyatın mühüm elementidir. Tarixən yaranmış əlaqələr əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Qlobal dəyişikliklər və çağırışlar kontekstində Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlıq öz davamlılığını və potensialını nümayiş etdirir və onu XXI əsrdə sabitlik və tərəqqinin mühüm amilinə çevirir.
Tövsiyə edilən ədəbiyyat: